"Cənubi Qafqazın, ümumən Qafqazın geosiyasət aləmində
çox mühüm bir region olmasını hələ 19-cu əsrdə Qərb
geosiyasiyasətşünasları, başda da geosiyasətin atası olan Fridrix
Ratsel və digərləri dilə gətiriblər.
Onlar hələ o zamanlar bildiriblər ki, dünyanın geosiyasi
cəhətdən ən mühüm bölgəsi Balkanlar, ondan sonra Cənubi
Qafqazdır.
"Axar.az" xəbər verir ki, bunu Prezident Administrasiyası (PA)
rəhbərinin müavini və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov İranla Qərbin məlum anlaşmasından sonra regionda
Azərbaycanın əhəmiyyətinin azalması yönündə səslənən iddialara
münasibətini bildirərkən dilə gətirib.
"Düzdür, Yaxın Şərq də mühüm regionlardan biri hesab edilir,
ancaq Yaxın Şərq o dövrlərdə o qədər də böyük maraq kəsb etmədiyi
üçün onun adı xüsusi qeyd olunmayıb" - deyən PA rəsmisinin
sözlərinə görə, indi Balkanlarda məsələlər yavaş-yavaş öz
yoluna-qaydasına düşür və o, artıq əhəmiyyətini bir qədər
itirir.
N.Məmmədov bildirib ki, Qafqaz isə dünyada mühüm geosiyasi
region kimi qalır, birinci yerdədir və Qafqaz ətrafında nə baş
verir-versin, kim nə deyir-desin, o, mühüm geosiyasi region kimi
böyük əhəmiyyət kəsb edəcək: "Bu, heç də təsadüfi deyil ki, hələ 6
min əvvəl Böyük İpək Yolu buradan keçib. Yəni, Gündoğan ölkədən -
Çindən tutmuş Böyük Britaniyaya qədər bir məsafəni əhatə edib. İndi
də bu yol var, qalıb və dünyanı hansı cür qurursan-qur, amma
məsələn, dəmiryolu çəkmək lazım olarsa, mütləq bu yoldan gəlib
keçməlidir, buradan çəkilməlidir.
Bu yolun üstündə Orta Asiya ölkələri və 3 Cənubi Qafqaz ölkəsi
var və bunlar da daim dünyanın diqqətini cəlb edir, etməkdədir.
Odur ki, indi Azərbaycanın guya əhəmiyyətinin azalması ilə bağlı
kimsə nə deyirsə, onu qəsdən ortaya atır, yəni, qərəzli şəkildə
belə bir fikri ortaya qoyur. Geosiyasətlə ciddi məşğul olanlar isə
heç zaman belə qeyri-ciddi fikir söyləməzlər".
PA rəsmisinin dediyinə görə, Azərbaycan, Cənubi Qafqaz dünyanın
4 ən mühüm vektorunu özündə birləşdirir: "Bu region indi Şərqlə
Qərbi, İslam aləmi ilə Xristian aləmini, Şimalla Cənubu birləşdirir
ki, bunlar da elə-belə məsələlər deyil. Azərbaycan, Cənubi Qafqaz
bunların birləşdiyi bir məkandır. Odur ki, bu region həmişə mühüm
əhəmiyyət kəsb edən region olacaq.
Eyni zamanda, indi İranla bağlı nə baş verib ki? Bu problemi
özləri yaratmışdılar və bütün prosesləri də siyasiləşdirəndə ondan
böyük konflikt yaratmaq olur. İndi nə baş verib, heç nə, sıfırdan
qayıtdılar yenə sıfır vəziyyətinə. Deyilənə görə, sadəcə, İrana
imkan verilir ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə
etsin. İran da bunu həmişə deyirdi, ancaq arada nə isə problem
yaranmışdı.
İndi İran da deyir icazə verirəm, gəlin, baxın, görün nə işlər
görürəm, amma eyni zamanda, imkan verin, sanksiyaları götürün, öz
dövlətimi inkişaf etdirin. Yaxşı, belə olan halda kimsə nə üçün
düşünməlidir ki, Azərbaycanın əhəmiyyəti azalır? Bunlar qərəzli
söhbətlərdir. Azərbaycan uğurlu, müstəqil xarici siyasət kursu
yeridən dövlət olduğu üçün məhz belə qərəzli fikirlər
səsləndirirlər və onlara da qətiyyən əhəmiyyət vermək lazım
deyil".