Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu
İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi
ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar
aşkarlayıb.
Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, institutun direktoru
Yaqub Mahmudov bildirib ki, həmin sənədlər erməni tərəfinin Batum
danışıqları və müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən
İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi
müqabilindəbir sıra öhdəliklər götürdüyünü sübut edir. Lakin
ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri
bütün öhdəlikləri birtərəfli qaydada pozmuş, işğalçılıq siyasətini
davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan
topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin
müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini
itirmişdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə
verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar
qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı
torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Y.Mahmudov bildirib ki, Birinci Dünya müharibəsini aparan hərbi
blokların hər ikisinin, həm Antantanın (Rusiya, İngiltərə, Fransa,
ABŞ), həm də Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə
dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Rusiya,
İngiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı
Türkiyəsi ərazisində – Şərqi Anadoluda yaradılmasına tərəfdar
idilər. Azərbaycanın arxalandığı və məğlubiyyət qarşısında olan
Osmanlı Türkiyəsi isə "erməni təhlükəsi"ni özündən, yəni Şərqi
Anadoludan uzaqlaşdırmaq üçün erməni dövlətinin Türkiyə sərhədləri
xaricində – Osmanlı hərbi qüvvələri tərəfindən zəbt olunmuş
Azərbaycan torpaqlarında yaradılmasına çalışırdı: "Azərbaycan
tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə, həm də
ölkənin bütün ərazilərində soyqırımları həyata keçirən
daşnak-erməni silahlı birləşmələrinə və onların arxasında duran
dövlətlərə silahlı müqavimət göstərmək gücü yox idi. Buna görə də,
Azərbaycan milli hərəkatının xadimləri ermənilərə dövlət yaratmaq
məsələsində Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət edirdilər,
daha doğrusu buna məcbur idilər. Yaranmış tarixi şəraitdə
Azərbaycan tərəfi, yəni Zaqafqaziya Seyminin Azərbaycan
fraksiyasının nümayəndələri ermənilərə dövlət yaratmaq üçün hansı
Azərbaycan torpaqlarının verilməsini müəyyən etmək üçün Türkiyənin
vasitəçiliyi ilə erməni tərəfi ilə danışıqlara girdi. Danışıqlar
Batum konfransı (11 may – 04 iyun 1918-ci il) çərçivəsində və
konfransda iştirak edən Türkiyə nümayəndə heyətinin vasitəçiliyi
ilə oldu. Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki,
həqiqətən də, Osmanlı Türkiyəsi "erməni təhlükəsini" özündən
uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində
yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq, Batum
konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda
iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy
Yusifbəyli Zaqafqaziya seyminin sabiq üzvlərinin 27 may 1918-ci il
tarixli fövqəladə iclasında məlumat verib".
Y.Mahmudov deyib ki, Türkiyənin hakim siyasi dairələrində Cənubi
Qafqazda erməni dövləti yaradılması məsələsində fikirayrılığı var
idi. Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda
erməni dövləti yaradılmasının əleyhinə idilər və bu məsələdə
"çibanı kökündən təmizləmək" tərəfdarı idilər. Azərbaycan tərəfi
Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək"
siyasətinin əleyhinə idi və "kiçik bir erməni kantonunun"
yaradılmasını təklif edirdi: "Azərbaycan tərəfi belə bir təkliflə
çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni ermənilərə
Azərbaycan torpaqları hesabına "kiçik bir kanton" yaradılacağı
halda ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o
cümlədən Bakıya axınının qarşısı alınacaq, ermənilər Azərbaycan
xalqına qarşı soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə
qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Azərbaycan tərəfi güman
edirdi ki, bu addım həm də böyük dövlətlər tərəfindən rəğbətlə
qarşılanacaq".
Y.Mahmudov qeyd edib ki, Batum danışıqları zamanı Azərbaycan
ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda
erməni tərəfi Azərbaycan və Türkiyə tərəfləri qarşısında bir sıra
öhdəliklər yerinə yetirməyi üzərinə götürdü. Həmin öhdəliklər
aşağıdakılar idi:
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan
qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının
müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla
azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır.
Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası
ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il
iyunun 4-də Batumda bağlanmış "Sülh və Dostluq" müqaviləsində
təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən,
Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez
bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər
edəcəyini öhdəsinə götürdü.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında
erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata
keçirilən kütləvi qırğınlar dayandırılacaq.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni
dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət,
mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin
etməyi öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən
ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina
edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi
müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə
birləşməli idilər.
Beləliklə, Batum danışıqlarında yuxarıda göstərilən məsələlərlə
bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra, hələ Batum
müqavilələrinin bağlanmasına, yəni 1918-ci il iyunun 04-nə bir
həftə qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının
qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan onun ətrafındakı 9 min
kv.km ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə
verilib.