Yuxarı

Onların Şuşaya getməyə haqqı varmı?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunduqdan sonra Şuşaya bir neçə dəfə getmək imkanım olsa da, getməmişdim. “Buna mənim haqqım çatırmı? Hər daşında şəhidlərimizin qanı, hər qarışında şəhid və qazilərimizin ayaq izləri olan bu müqəddəs torpağa ayaq basmağa iznim varmı?”, - deyə düşünmüşdüm. Baxmayaraq ki, özüm və qardaşım Birinci Qarabağ müharibəsinin könüllüsü, oğlum və qardaşım oğlu İkinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır; oğlum həmin savaşların qazisi, qardaşım oğlu isə şəhidi olmuşdu...

Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi haqqında ilk müharibə romanını mən yazmışdım. (“İlin beşinci fəsli”)

Bütün bunlar mənə haqq verirdimi o müqəddəs torpağa qədəm basım? Bəs digərlərinin, dəfələrlə Şuşada keçirilən dövlət tədbirlərində iştirak edənlərin buna haqları çatırdımı? Yaxud onlar bunu haqq etdikləri haqqında heç düşünmüşdülərmi? Əgər düşünmüşdülərsə, demək, ən azından məsuliyyətin böyüklüyünü, mahiyyətini başa düşdükləri üçün haqları var. Axı Şuşa uğrunda canlarını qurban verənlər onların da övladları, qardaşları, yaxınları - onların da şəhidləridir.

Axı biz bu qələbəni birlikdə - Bütün Azərbaycan xalqının birliyi, əməyi, səyi sayəsində əldə etmişik. Amma bayrağı Şuşada Azərbaycan əsgəri dalğalandırmışdı - qanı, canı bahasına. Can verərək, qan tökərək...

2020-ci ilin noyabr ayının 6-da saat 17:58 radələrində tanımadığım nömrədən mənə zəng gəldi. Artıq zənglərdən qorxurdum. Müharibənin qızğın çağında, ağır döyüşlər getdiyi bir zamanda bu kimi zənglər yalnız bəd xəbərlər gətirir. Elə həmin gün səhər tezdən aldığım zəng kimi... Həmin zəng qardaşım oğlu, xüsusi təyinatlıların komandosu, baş leytenant Əliqismət Yaqublunun Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldığı xəbərini gətirmişdi. Dərindən nəfəs alıb, “Ya Allah”, - deyə telefonu açdım. Zəng edən könüllü olaraq döyüşə yollanan oğlum Cahid idi. Hər zaman olmadığı kimi, salamsız-kalamsız: “Ata, indi biz Şuşanın girişində mühasirədəyik. Ağır döyüşlər gedir. Haqqını halal et!” deyə bağırdı. Ətrafındakı atəş səslərindən ardını eşidə bilmədim və əlaqə kəsildi. Susdum və SUSDUM...

O zaman Cahid hələ əmisi oğlu, qardaşı Əliqismət Yaqublunun şəhid olmasından xəbərsiz idi...

Oğlum Cahid Yaqubovun xidmət etdiyi N saylı hərbi hissə düşmənin diqqətini üzərlərinə cəlb etmək, Xankəndi ilə əlaqələrini kəsmək məqsədilə Şuşakənd istiqamətindən Şuşa üzərinə hücuma göndərilmişdi. Peşəkarcasına hazırlanan əməliyyat planı baş tutmuş, düşmən əsas qüvvələrini Şuşakənd istiqamətində cəmləməyə məcbur olmuş, Xankəndidən isə ümidləri kəsilmişdi. Bundan istifadə edən xüsusi təyinatlılarımız düşmənin gözləmədiyi yerdən - sal qayalardan dırmanaraq Şuşanı işğaldan azad edə bilmişdi...

...Mənim əlim yalnız qələmə çatdı və Feysbuk üzərindən cənab Prezidentə belə bir məktub ünvanladım:

- Cənab Prezident, cənab Ali Baş Komandan, dünən qardaşım oğlu, xüsusi təyinatlıların komandosu, baş leytenant Əliqismət Yaqublu Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu! Oğlum Cahid də ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edir. Sabah o da şəhid ola bilər. Əgər şəhid olarsa, mən, qardaşım, yaxınlarım, Lerik rayonumuz və kəndimiz Əliqisməti necə mərd-mərdanə qarşıladıqsa, onu da elə qarşılayacağıq. Mən özüm də orduya yazılmışam. İstənilən vaxt döyüşlərə qatılmağa və şəhidlik zirvəsinə ucalmağa hazıram. Mənim cəsədimi də ailəm və el-obam şərəflə qarşılamağa hazırdır. Yetər ki, Siz durmayın! Yetər ki, Siz sona qədər “İrəli” deyin! Yetər ki, birliyimiz pozulmasın! Biz bu acını yaşadıq, qoy gələcək nəsillər şəhid halvasının acısını dadmasın! Biz müharibə istəmirik. Amma bizi müharibəyə çəkənləri, torpaqlarımızı işğal edənləri və bu işğalda işğalçılara dəstək verənləri cəzalandırmağı da bacarırıq. Siz bunu artıq göstərdiniz. Bu gün bir sıra beynəlxalq dövlətlər antiazərbaycan təbliğatına başlayıb. Əminəm ki, iradəniz və xalqımızın mübarizə əzmi bütün bu hücumların qarşısını layiqincə alacaq, ordumuzun cəbhədə göstərdiyi rəşadəti həmişə olduğu kimi ikinci cəbhədə də göstərəcəkdir. Ya Qarabağ, ya ölüm - başqa yolu yox artıq! Qarabağ Azərbaycandır!!!

AYB üzvü, Prezident Təqaüdçüsü, yazıçı Etibar Muradxanlı”.

Oğlum Cahid Yaqubovdan bir neçə gündən sonra xəbər tutdum. Köməyə gələn, müxtəlif istiqamətlərdən də Şuşaya qalxan xüsusi təyinatlıların sayəsində mühasirədən çıxmağı bacarmışdılar. Amma komandirləri, kapitan Ülvi Hüseynov da daxil, çoxlu şəhid vermişdilər. Cahidi Füzuli rayonu Əhmədbəyli hərbi hospitalında tapdım. Və canlı şəhidin nə demək olduğunu o zaman anladım...

Bir neçə ay qabaq AYB-də qarşılaşanda Rəşad Məcid məndən, “Şuşada olmusanmı?”,- deyə soruşdu. “Olmamışam”, - dedim. “Adını yazacam, builki Vaqif Poeziya Günlərində ziyarət edərsən”, – dedi.

İyul ayının 17-si müqəddəs Şuşa torpaqlarına qədəm qoyduq. Hər ovuc torpağında bir türk ruhu olan, hər qarışında bir şəhid ruhu uyuyan Şuşaya - şəhadət üçün doğulmuşların şəhərinə...

Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyi, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyinə təsadüf etdiyi Vaqif Poeziya Günləri zəngin proqramla 3 gün davam etdi. Tədbir iştirakçıları həm Füzulinin söz dünyasına səyahət etdilər, həm Vaqifin eşq səltənətinə qonaq oldular, həm də Azərbaycanın müasir poeziya nümunələrini dinlədilər.

İlqar Fəhminin ssenari müəllifi, əməkdar artist Loğman Kərimovun quruluş verdiyi “Vaqiflə səyahət” bədii-musiqili tamaşa zaman və məkan, müxtəlif dövrün müxtəlif yazarları arasında səyyah, tarixçi Hacı Zeynalabdin Şirvani ilə fəlsəfi gəzişmələrlə yekunlaşdı. Və builki Vaqif Poeziya Günlərində qonaqlarla bərabər Şuşa şəhərinin sakinləri də iştirak etdilər...

Mən Şuşaya “qardaşım” deyərdim,

İllərlə dərdini içində çeynəyən “sirdaşım” deyərdim,

Mənimlə qayaları dırmanan “yoldaşım” deyərdim,

Torpaq uğrunda can verən “silahdaşım”, “dərddaşım” deyərdim.

Tarix
2024.07.22 / 11:10
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla