"Azərbaycanın mövqeyi Qərb, Rusiya və ABŞ tərəfindən
qəbul olunub".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Rasim Ağayev
Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacaq
növbəti görüşünə münasibət bildirərkən deyib. O bildirib ki,
Rusiya, Qərb və ABŞ vaxtilə çalışıblar ki, prosesə təkan versinlər
və yeni nəsə fikirləşsinlər:
"Ancaq vəziyyət axırda o yerə gəlib çıxmışdı ki, prezidentlərin
artıq bir-birinə deyəsi sözü yox idi. Çünki Azərbaycanın dövlət
başçısı zəbt olunan ərazilərimizin şərtsiz qaytarılması ilə bağlı
öz mövqeyini ortaya qoymuşdu. Yalnız bundan sonra tərəflər bir masa
arxasına gələrək Dağlıq Qarabağın statusunu həll edə bilərdilər.
Məsələnin sülh yolu ilə həllinə İrəvan heç cür razı deyildi. Buna
görə də proses o vaxtdan bu günə bir nöqtədə dayandırıldı. Hələ
Heydər Əliyevin vaxtında ekspertlərin də olduğu bir ortamda
ərazilərin qaytarılması prosesi və problemin çözümündə texniki
məsələlərlə bağlı intensiv danışıqlar gedirdi. Ermənistanın
səriştəsizliyi məsələni yarımçıq qoydu. Ancaq o vaxtdan bu yana çox
dəyişikliklər var. Geosiyasi vəziyyət indi tamam başqadır.
Azərbaycanın mövqeyi Qərb, Rusiya və ABŞ tərəfindən açıq şəkildə
dəstəklənməsə də, artıq qəbul olunur. Hesab edirəm ki, Böyük Üçlük
Qarabağ konflikti ilə bağlı artıq yetərincə məlumatlıdır. Zaman o
zamandır ki, Azərbaycanın haqlı tələblərinə qarşı çıxmağın
yolverilməz olduğunu dərk edib, sadəcə susurlar".
Rasim Ağayevin fikrincə, Sərkisyan Qərblə Rusiyanın arasında
uzun müddət var-gəl etdikdən sonra sonunda Avrasiya İttifaqına
girərək qərarını verdi:
"Putin proyektini həyata keçirmək üçün Moskvaya istənilən qədər
Ermənistana təzyiq imkanı yarandı. Çünki İttifaqın digər üzvləri -
Qazaxıstan və Belarus konfliktin həllinin tərəfdarıdırlar. Daxili
vəziyyəti sarsılmış Ermənistanın hazırkı durumu da Azərbaycana
əlverişli məqam üçün şərait yaradır. Azərbaycan nə Avrasiya
İttifaqına, nə də ki, Avropa Birliyinə can atmaqda maraqlıdır. Biz
yalnız pozitiv mövqe tutaraq hərtərəfli əməkdaşlığa dəstək veririk.
Çünki ölkənin iqtisadi gücü regiondakı rolumuzu daha da artırır.
Azərbaycan Qafqazda hazırda ən əhəmiyyətli starteji mövqeyə malik
dövlətdir. Bax, əsl məsələ budur. Bu da məsələnin kompromis
yollarının tapılmasında İrəvana yetərincə təzyiq göstərmək üçün bəs
edir. Paris görüşü yeni bir mərhələ olacaq. Çox güman ki,
prezidentlər bu istiqamətdə hansısa razılaşmaya gələ bilərlər. Bu,
çox həssas məsələdir. Əsas odur ki, məsələnin həllində birinci
addım atılsın. Çünki problemin birdən-birə həlli mümkün deyil.
Paris görüşü bundan əvvəlkilərdən fərqli olaraq, ümid vəd
edir".