Növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə
içməli su və kanalizasiya layihələrinin 100 faiz icra edilməsi
qarşıya vəzifə qoyulub.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Bunu Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva ilə birlikdə Goranboy şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin
icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə
deyib.
Dövlət başçısı bildirib: "İlk növbədə, sizi və bütün Azərbaycan
xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək
istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik
Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin
yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr –
müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox
əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixi hadisə
idi. Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika
yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası – Azərbaycan
uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa
başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan
xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri
nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə
inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman
biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd
etdiyimiz hadisə bunun əyani sübutudur".
İlham Əliyev qeyd edib ki, Goranboy rayonunda, Azərbaycanın
bütün başqa şəhər və rayonlarında içməli su həmişə böyük problem
olub: "Əsrlər boyu böyük problem olub. Ancaq müstəqillik dövründə
biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir
neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli
su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi
ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas
amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq
önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su
ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu
layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən
il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu
işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti
3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və
kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu
böyük sosial proqramı icra etmiş olacağıq".
Azərbaycan Prezidenti deyib ki, bu, doğrudan da sosial
layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük
vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada
kommersiya tərəfindən söhbət açmaq yersizdir: "Çünki su
tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan
investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə
Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri
icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm
Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim
böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə
bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur.
Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır.
Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər
ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası,
şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə
təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur.
Goranboyda isə artıq bu işlər başa çatıb".
Dövlət başçısı qeyd edib ki, bu layihələrlə yanaşı, bütün ölkə
üzrə digər sosial infrastruktur layihələri icra edilir: "Misal
üçün, biz Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını qeyd
etdik. Bu da böyük layihədir, bir neçə kəndi birləşdirir. Minlərlə
insan bu yoldan istifadə edəcək. Məcburi köçkünlərin evlərlə təmin
olunması sosial layihəsi. Əvvəllər dəfələrlə burada olarkən biz
məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər
layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü
iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün
olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq. Ona görə
iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi
müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla,
investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti
illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə
gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur
layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz
sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul
olacağıq".
İlham Əliyev xatırladıb ki, bu il "Sənaye ili"dir. Əlbəttə,
sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə
saxlanılmasına xidmət göstərəcək: "Bu gün Azərbaycanda işsizlik çox
aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda
əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin
yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin
dayanıqlı inkişafını təmin edirik. Təbii resurslarımız var və biz
onlardan da səmərəli şəkildə istifadə edirik. Keçən ay "Cənub" qaz
dəhlizinin təməli qoyulmuşdur. Bu da bundan sonra onilliklər
ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda,
bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd
təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur
layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz
yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb,
bunu bizim siyasətimiz mümkün etmişdir".
Dövlət başçısı qeyd edib ki, bu gün dünya miqyasında iqtisadi
inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə
yoxdur: "Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr,
qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik,
əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı
bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən
qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı
yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək.
Bax, bugünkü layihə bunu bir daha göstərir.
Bir daha demək istəyirəm ki, bu layihənin məhz Müstəqillik
Günündə açılışı rəmzi xarakter daşıyır. Çünki bir daha qeyd etmək
istəyirəm ki, xalqımız üçün lazım olan bu layihələri məhz
müstəqillik dövründə icra edirik. Bu gün bizim taleyimiz öz
əlimizdədir. Azərbaycan inamla inkişaf edir. Azərbaycan etibarlı
əllərdədir. Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə də
saxlayacağıq. Sizi gözəl hadisə münasibətilə bir daha təbrik
edirəm".
Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və
xanımı Mehriban Əliyevaya ölkəmizin, o cümlədən Goranboy rayonunun
inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını
çatdırdılar.