Ana səhifə Gündəm |
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyirlər.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, ATƏT-in mətbuat xidmətindən bildirilib.
ATƏT-in mətbuat xidmətinin Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri adından verdiyi açıqlamada qeyd olunur ki, həmsədrlər prezidentlərin Soçi və Uelsdə baş tutmuş görüşlərinin tərəflər arasında "ünsiyyət kanalı" yaratdığını hesab edirlər: "Biz prezidentlərin Paris görüşündə sülh sazişinin əsas məqamlarının ciddi şəkildə müzakirəsini gözləyirik. Həmçinin ümid edirik ki, prezidentlər qarşılıqlı etimad və şəffaflıq yaratmağa hesablanan tədbirlər ətrafında razılığa gələcəklər. Həmsədrlər bu istiqamətdə bacardıqları köməyi göstərməyə hazırdırlar".
"Həmsədrlər hesab edirlər ki, Minsk Qrupu tərəflərin Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə
formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin
səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də
sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq", -
deyə açıqlamada bildirilir.
Açıqlamada o da qeyd olunur ki, həmsədrlər Ermənistanın Avrasiya
İqtisadi Birliyinə daxil olmasının münaqişənin həlli prosesinə
təsir etməyəcəyi fikrindədirlər: "Dağlıq Qarabağ münaqişəsinin
həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən
asılıdır, hansısa müqavilə və ya alyansa qoşulmaqdan yox...
Həmsədrlər ümid edir ki, son təmaslardan sonra, tərəflər özlərini
sülhə kökləyə biləcəklər".
Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Şahbaz
Quliyev və Dilqəm Əsgərov üzərində 27 oktyabr tarixinə məhkəmə
təyin etməsi xəbərinə isə həmsədrlər şərh vermək istəməyiblər.
Tarix
2014.10.23 / 16:58
|
Müəllif
Axar.az
|