Yuxarı

Ordumuzun zəfəri: 6 il öncə nələr baş vermişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Aprel döyüşlərindən 6 il ötür.

Axar.az xatırladır ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Ordusu ilə Ermənistanın Qarabağda yerləşən işğalçı qüvvələri arasında toqquşma baş verib.

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madagiz (Suqovuşan) kəndi istiqamətində yollar düşməndən azad olunub.

Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işğaldan azad edib.

Aprel döyüşləri həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurmadır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Nəticədə dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.

Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub. Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.

Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahının və “Yerkrapa” erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirilməsi nəticəsində 7 nəfər ölüb. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 tankı heyətlə birlikdə və hərbi əmlakla dolu 5 təkərli texnikası sıradan çıxarılıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin o vaxtkı mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilib, 500-dən artıq döyüşçüsü yaralanıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən, Aprel döyüşləri ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb, 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

Aprel döyüşləri zamanı dünyanın 23 ölkəsində Azərbaycana dəstək aksiyaları keçirilib.

2017-ci il aprelin 6-da Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.

Tarix
2022.04.02 / 00:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla