"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə dövlət
səfəri heç şübhəsiz ki, hər iki dövlətin maraqlarına xidmət
göstərir".
Bunu Axar.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar İnistitutunun direktoru,
politoloq Elman Nəsirov Rusiya dövlət başçısının Türkiyəyə səfərini
şərh edərkən deyib.
Onun sözlərinə görə, əslində bu səfər hər iki ölkənin üzləşdiyi
problemlər və bunun həlli baxımından olduqca aktualdır:
"Rusiyanın maliyyə nazirinin verdiyi məlumata görə, sanksiyalar
və neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına 140
milyard dollardan artıq ziyan dəyib. Belə vəziyyətdə Rusiyaya
Türkiyə kimi tərəfdaş lazımdır. Görüş iqtisadi-ticarət əlaqələrinin
inkişafı baxımından əhəmiyyətlidir. Bu gün iki dövlətin ticarət
dövriyyəsi 38 milyard dollardır. Bunun 100 milyard dollara
çatdırılması ilə bağlı razılaşma var. Rəsmi Moskva ABŞ, AB
ölkələri, Avstraliya, Yeni Zellandiya və Norveçin kənd təsərrüfatı
məhsullarına qarşı embarqo tətbiq edib. Belə vəziyyətdə isə
Türkiyənin Rusiyaya göndərdiyi kənd təsərrüfatı məhsullarının
dəyəri 1.3 milyard dollar təşkil edirdisə, artıq bunun 2015-ci
ildən başlayaraq 2 dəfə artırılması gözlənilir. Enerji
təhlükəsizliyi məsələsi də əsas rola malik olacaq. Türkiyənin qaza
olan tələbatının təxminən 65%-ni Rusiya təmin edir. Türkiyə İrandan
aldığı qaza görə hər min kubmetrə 490 dollar ödədiyi halda,
Rusiyadan aldığı qazın min kubmetrinə 425 dollar ödəyir ki, bu da
Türkiyə üçün Rusiyanı daha maraqlı tərəfdaşa çevirir".
Politoloq iki ölkə arasında 2010-cu ildə ilk dəfə olaraq Atom
Elektrik Stansiyasının tikilməsi üçün imzalanan sənədin 2016-cı
ilin yazında reallaşacağını bildirib:
"Türkiyə 2016-ci ildən nüvə dövlətinə çevriləcək. Bunun ardınca
yapon şirkəti Türkiyədə 2-ci Atom Elektrik Stansiyasını tikəcək.
2018-2019-cu ildə isə artıq Türkiyənin milli Atom Elektrik
Stansiyası tikiləcək. Eyni zamanda, səfər çərçivəsində turizm
əlaqələrinin inkişafı gündəmdə olacaq. Hər iki dövlət üçün 2016-cı
il "turizm ili" kimi qeyd olunacaq. Ən son məlumata görə, Rusiyadan
ildə 4 milyondan artıq turist Türkiyəyə axın edir. Bu il isə 385
min türkün Rusiyaya getdiyi bəllidir. Görüşü maraqlı edən
faktlardan biri də məhz bu məsələdir".
Politoloq onu da qeyd edib ki, iki dövlət arasında həllini
gözləyən Suriya və Ukrayna böhranı ilə bağlı məsələlər də
gündəmdədir:
"Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, eyni zamanda,
Bəşər Əsədin legitimliyini qəbul etmir. Krım tatarlarının taleyi
ilə bağlı məsələdə də Moskva və Ankaranın yanaşmaları müxtəlifdir.
Bu da ikitərəfli münasibətlərin anlaşılmaz məqamları kimi qeyd
oluna bilər. Nəzərə alaq ki, hazırda Qərbin Türkiyəyə ciddi təzyiqi
var. Papanın bu ölkəyə səfəri zamanı Ermənistanla sərhədlərin
açılmasını qabartması Ankaraya təzyiqlərin yeni dalğası, siyasi
təzyiqlərə dini təzyiqlərin əlavəsi kimi anlaşıla bilər. Eyni
zamanda, ABŞ qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə təzyiqi
edir. Belə bir vəziyyətdə Rusiya ilə əlaqələrin inkişafı Türkiyənin
maraqlarına uyğundur və bu, Ankaranın təzyiqlər fonunda manevr
imkanlarını artıra bilər".