"Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb
olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin
saxlanmasını, necə var elə də qalmasını istəyirlər".
APA-nın məlumatına görə, bunu "Rossiya24" kanalına müsahibəsində
Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu
ölkələrin prezidentləri dəfələrlə status-kovonun qəbul edilməz
olduğunu bəyan ediblər: "Status-kovo dəyişilməlidir. Status-kvonun
dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi
deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir".
Azərbaycan prezidenti münaqişənin postsovet məkanında olan digər
münaqişələrdən fərqli olduğunu söyləyib: "Bu fərq ondan ibarətdir
ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi
mövcuddur. Bir deyil, 4 qətnamə var. Hansı ki, bu qətnamələrdə
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və
şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20
ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin
həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan
sadəcə olaraq bunu rədd edir. Bu qətnamələr münaqişənin
nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür
ola bilməz".
İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə
müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib:
"Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində
aktiv iştirak ediblər. İndiyənə kimi heç vaxt belə olmamışdı.
Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət
katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda
isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan
prezidentlərini Parisə dəvət elədi və bizimlə ikitərəfli və
üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı
danışqlar prosesində mövzulardan biri də inam mühitinin
möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində
itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm
Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü
müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan
Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər
keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta
Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz
Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində
keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox
hərbi texnika itirak edib. Soruşuram, Parisdə keçirilən müsbət
görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?"
Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də
danışıb: "Bu gün dünyada baş verənlər beynəlxalq institutların
öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və
onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə
bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ
münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ
BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq
institutların deformasiyası gedir. Bu çox təhlükəli və narahatedici
vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə
öz sözlərini aydın bildirməlidirlər. Özü də tək bəyanatlarla deyil,
qəbul edilən qərarlara hörmət edərək də".