Ana səhifə Gündəm |
Azərbaycanda ovaxtkı vəziyyət bizim yadımızdadır. O vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövləti uçuruma aparırdı. Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Azərbaycan xalqı bu xəyanətkar hakimiyyətə bir il dözə bildi. Bir ildən sonra onlar tarixin arxivinə göndərildi. O vaxt torpaqlarımız işğal altına düşdü. Şuşa, Laçın, Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən bildirib.
"Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı. Çünki tam qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilə qədər bizim dövlət müstəqilliyimiz şərti xarakter daşıyırdı. Atributlar var idi, ancaq ölkə müstəqil siyasət apara bilmirdi. 1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı. Çünki o vaxt Azərbaycanda siyasi sistem hələ formalaşmamışdı. Siyasi sistemin formalaşmasında 1992-ci ildə Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyasının rolunu qeyd etməliyəm. Onu da bildirməliyəm ki, özlərini demokrat adlandıran şəxslər o vaxt imkan vermədilər ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Bir qrup vətənpərvər ziyalı Naxçıvana gedərək Heydər Əliyevin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayını keçirdilər.
Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv edildi. O vaxt Azərbaycanda mətbuat azadlığı yox idi. Senzuranın ləğvi də Ulu Öndərin gələcəyə yönəlmiş baxışlarını tam əks etdirirdi.
Ordu quruculuğu prosesi başlamışdır. Çünki o vaxta qədər nizami ordu yox idi. İqtisadi sahədə çox ciddi islahatlar aparılmışdır, o cümlədən kənd təsərrüfatı sahəsində. O islahatlar ki, bu gün bizim apardığımız islahatlar üçün gözəl zəmin yaradır. Sənaye potensialının inkişafı ilə bağlı önəmli addımlar atılmışdır. Sərmayə qoyuluşu Azərbaycanda artıq bir amil kimi mövcud oldu. “Əsrin kontraktı”nın imzalanması əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin etmişdir. Bu kontraktdan əldə edilən gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir - insanların rifah halının yaxşılaşması, ordu potensialının gücləndirilməsi, məcburi köçkünlərin problemlərinin həlli, infrastruktur layihələrinin icrası. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, bu işləri nəyin hesabına görə bilərdik? Bu maliyyə imkanlarını bizə “Əsrin kontraktı” yaratdı. Mən o dövrü yaxşı xatırlayıram. O vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi digər yoldaşlarla bu məsələ ilə ciddi məşğul idim. Bu kontrakt Azərbaycan üçün ən məqbul şərtlərlə imzalanmışdır və bu, bugünkü reallıqda özünü göstərir. Bu yaxınlarda kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Azərbaycan bu kontraktın faydasını görəcəkdir.
Yəni, bu, tarixi hadisə idi, Heydər Əliyevin xalq, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biridir. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt bölgədə geosiyasi vəziyyət çox mürəkkəb idi və bu kontraktın imzalanması o qədər də asan məsələ deyildi. Kontraktın imzalanmasından sonra baş vermiş hadisələr onu göstərdi. Ancaq Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir.
2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur", - Prezident İlham Əliyev bildirib.
Tarix
2019.05.11 / 01:40
|
Müəllif
Axar.az
|