Bir müddət öncə İranın Türkiyə ilə yaşadığı TIR böhranı
ikincinin Azərbaycanla müqavilə bağlamasıyla nəticələnə
bilər.
Axar.az xəbər verir ki, iki ölkə arasında yaranan gərginlik
artıq pik həddə çatıb və Türkiyə tranzit yol kimi Azərbaycanla
uzunmüddətli müqaviləyə hazırlaşır.
Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının
sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə
yaratmağı təklif edib.
Trend in məlumatına görə, bu barədə Türkiyənin "Denizhaber"
agentliyinə ölkənin Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri
Lütfi Əlvan məlumat verib.
Nazir əmin olduğunu bildirib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir
yolunun istismara verilməsi Xəzərdə dəniz daşımalarının sayının və
intensivliyinin artmasına səbəb olacaq: "Bu məsələ (Xəzərdə
daşımaların sistemləşdirilməsi üzrə əməkdaşlıq) Azərbaycanla
aparılan danışıqların mövzusudur və biz səhmdar kimi çıxış edə
biləcəyimiz birgə müəssisənin yaradılmasına hazırıq".
Bildirək ki, bir müddət öncə İrandan Azərbaycana gələn TIR-lar
sərhəddə problem yaşayırdı. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin
(UND) sədri Fatih Şener açıqlamasında ölkəsinin İranla yaşadığı TIR
böhranından sonra istiqamətləri dəyişmək məcburiyyətində qaldığını
söyləmişdi.
İki ay öncə isə İran Türkiyə TIR-larının sərhəddən keçidi üçün
son məbləği 5 dəfə artırdı. Bir müddətdən sonra bununla
kifayətlənməyən cənub qonşumuz rüsumu yenidən iki dəfə qaldırdı.
Böhranın pik həddi isə İranın 750 dollarlıq keçid haqqını 1500
dollara yüksəltməsi oldu. Bundan yarım saat sonra isə Türkiyə
tərəfi də keçid haqqını 1500 dollara bərabərləşdirdi. İran daha bir
qarşılıq verərək, keçid haqqını 2250 dollara qaldırdı.
Daha sonra İran hökuməti dekabrın 1-dən Türkiyə TIR-larına
yanacaq satılmasını qadağan etdi və Türkiyə ərazisindən yanacaq
dolduran yük maşınlarının sürücülərindən İran ərazisinə daxil
olarkən əlavə rüsum tələb etdi. Böhranın həlli üçün Türkiyə
nümayəndələri ilə İran arasında danışıqlar aparılsa da, bu, heç bir
nəticə verməyib.
Bu qadağa 10 günlük dayandırılsa da, "Gürbulaq" keçid
məntəqəsində 20 km-dən artıq yaranmış uzun növbənin azalmasına çox
cüzi təsir etdi.
Yaranmış böhranın qarşısını almaq üçün Türkiyə başqa bir
varianta əl atdı. Qəbul olunan qərara görə, TIR-lar bundan sonra
tranzit yol kimi İrandan yox, Azərbaycandan keçəcək.