"Qardian"ın 10 yanvar
buraxılışında yayımlanan və Dağlıq Qarabağın da yer aldığı məqalə
rəsmi Bakını hərəkətə gətirib.
Axar.az yada salır ki, məqalədə 2015-ci ilin ən görməli
yerlərinin siyahısı verilib və həmin siyahıda Dağlıq Qarabağ da yer
alır. Bundan başqa, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi yox,
"müsəqillik elan etmiş" ayrıca respublika kimi göstərilib:
"1991-ci ildə (əksər dövlətlərin qəbul etmədiyi) müstəqilliyini
elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində
yerləşir. Əsrarəngiz təbiətə malik olan bu ərazilər dağlıq zonalar
sayılır və tarixi abidələr, monastr, arxeoloji qazıntılar,
mağaralarla zəngin təbii gözəllikləri var. Uçuşlar daxil 1590
avrodan başlayaraq 11 günlük istirahət etmək imkanınız var. Tur
Dağlıq Qarabağda başlayır və 7 gün davam edir. Daha sonra
Ermənistanın paytaxtı Yerevanla bitir. Sən təxminən 225 avroya
Vyana, ya da Kiyevə gedə bilərsən. Lakin bu fürsəti İngiltərə
səfirliyinin dəstəyi ilə təmin etmək daha yaxşıdır".
Bu məqalə dərc olunduqdan sonra rəsmi Bakı Xarici İşlər
Nazirliyi səviyyəsində münasibət bildirdi. Bu gün isə ölkəmizin
Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin "Qardian"a göndərdiyi
məktub bu qəzetdə dərc olunub.
Səfir məktubda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın
qəzetin saytında yerləşdirilmiş 2015-ci ilin ən əyləncəli turizm
mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil edilməsi ilə
bağlı narazılığını bildirib:
"Qəzetin Dağlıq Qarabağı 2015-ci ilin ən əyləncəli turizm
mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil etməsi
Azərbaycan xalqına qarşı çox böyük hörmətsizliyin təzahürüdür.
Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.
Ermənistanın işğal etdiyi 2015-ci ilin ən yaxşı turizm
istiqamətlərinin siyahısına Dağlıq Qarabağın əlavə edilməsi
təcavüzkarı başqa dövlətin ərazisinin sonrakı işğalına
həvəsləndirir və yüzlərlə, minlərlə qaçqının və məcburi köçkünün
faciəsinə qətiyyən məhəl qoymadığını göstərir. Bu, işğalı
qanuniləşdirməyə cəhd edən separatçı rejimə sərf edir. "Qardian"ın
bu yaxınlarda postsovet məkanındakı separatçı rejimlərə münasibəti
məmnunluq doğurur, lakin istərdik ki, qəzet bu mövqeyini
Azərbaycanla bağlı da qoruyub saxlasın. Azərbaycan Xarici İşlər
Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın ona bitişik işğal edilmiş
rayonlarına istənilən turizm səfərlərinin yolverilməz olduğunu
bildirir. Qəzet Dağlıq Qarabağı "turizm istiqaməti" kimi təbliğ
edərək ictimaiyyəti yanıldır və ola bilsin ki, bununla onların
həyatlarını təhlükə altına qoyur. Bundan başqa, işğal edilmiş
Dağlıq Qarabağa baş çəkməyə cəhd edənlər gələcəkdə Azərbaycanın
başqa rayonlarına səfər edə bilməyəcəklər".
Bildirək ki, Avropada yaşanan qarayaxma təbliğatı əsassız deyil.
Qarşıdan gələn yay mövsümündə Qarabağa turist axınını təmin etmək
məqsədilə yayılan reklam xarakterli informasiyalar işğal olunmuş
torpaqların avropalı turistlərin əsas istirahət məkanına
çevrilməsinə zəmin yaradır.
Dağlıq Qarabağa və Azərbaycana qarşı bu münasibət təkcə
"Qardian"ın yazdığı məqalə ilə bitmir. Rusiyanın "5-ci kanal"
adlanan TV-sində efirə gedən verilişdə 20 Yanvar faciəsi və
Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti də təhrif
edilib.
XİN Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik
nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın
rəhbərliyinə Azərbaycan tərəfinin narazılığını çatdıraraq Rusiyanın
müvafiq dövlət qurumlarına müraciət ediləcəyini bildirir.