Yuxarı

Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

“Azərkosmos” ASC-dən Axar.az-a bildirilib ki, bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.

Azərbaycan builki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Konqresdə çıxış edən Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev Azərbaycanın “Kosmik Proqramı”ndan bəhs edib və 2022-ci ildə keçiriləcək konqresə Bakının layiqli namizəd olduğunu vurğulayıb. Eyni zamanda, ölkəmizin altı ali təhsil müəssisəsinin – Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı və Azərbaycan-Fransız Universitetinin istedadı və fəallığı ilə seçilən tələbələri də Beynəlxalq Astronavtika Konqresində “gənc səfirlər” qismində iştirak ediblər. Tələbələrin bu kimi konfranslarda iştirakı onların kosmik sahənin yenilikləri ilə yaxından tanış olması, gələcəkdə Azərbaycanın kosmik sənayesinə öz töhfələrini verməsi və bu sahəyə marağın daha da artması baxımından olduqca əhəmiyyətli rol oynayır.

Konqres ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını dünyaya nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində bu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Konqresin “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilməsi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Ölkəmiz ilk dəfə kosmik sahədə fəaliyyət göstərən 6 mindən çox nümayəndəni bir araya toplayan qlobal konqresə ev sahibliyi edəcək.

Bakı şəhərinin namizədliyinin uğur qazanmasında bir sıra qurumların, ələlxüsus, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Konqres Bürosu, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin məsuliyyətli və gərgin əməyinin xüsusi payı vardır. Namizədliyinin elan edildiyi ilk gündən etibarən aparılan uğurlu təbliğat işi, şəhərimizin turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdimatı yekunda Bakının digər namizəd şəhərlər üzərində qələbəsi ilə nəticələnib.

Bu tədbirin Azərbaycanda keçirilməsinin daha dərin tarixi var. Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü il oktyabrın 7-dən 13-dək keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib.

Xatırladaq ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər.

Tarix
2019.10.26 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Qriqoryanla müzakirələrin videosunu paylaşdı

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla