Ana səhifə Gündəm |
ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etdi. Bu, son 40 ildə “soyqırım” oyunu ilə bağlı əldə edilən “ən böyük uğur” oldu.
Əslində, qətnamənin qəbulu Türkiyənin keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra gözlənilən idi. Belə ki, Vaşinqtonda bəzi konqresmenlər Türkiyənin əməliyyatının başlanmasından dərhal sonra ABŞ Prezidenti Donald Trampa qarşı bu tələbi irəli sürdülər. Maraqlıdır ki, bu tələbin gerçəkləşdirilməsini Trampdan hər iki partiyanın nümayəndələri, xüsusilə də bir zamanlar Türkiyənin ABŞ-dakı müttəfiqlərindən sayılan Lindsi Qrehem kimi şəxslər də tələb etdilər.
Hər bir halda qətnamə qəbul edildi və bununla ABŞ faktiki olaraq “erməni soyqırımı”nı tanımış oldu.
“Soyqırım”ın qəbulunun arxasında erməni lobbisinin dayandığını iddia edənlər də var. Onlar buna səbəb kimi lobbinin Konqresdə, xüsusilə, Demokratlar Partiyası sırasında kifayət qədər aktiv olmalarını göstərirlər. Belə ki, hazırda lobbinin xidmətində təkcə Nümayəndələr Palatasında 116 konqresmen dayanır. Erməni cərgəsində həm Demokratlar, həm də Respublikaçılar Partiyasından olan nümayəndələr yer alırlar. Demokratlar və Respublikaçıların tərkibində ayrı-ayrılıqda erməni şuraları da mövcuddur. Üstəlik, lobbinin xidmətində olan siyasətçilər sırasında Frenk Pallone, Ceki Şpeyer, Qus Bilirakis, Adam Şif, Tulsi Qabbard, Steyni Hoyer və digər məşhur şəxslər var.
Yeni qətnamə niyə qəbul edildi?
Buna qədər Nümayəndələr Palatasında bir neçə dəfə “erməni soyqırımı” ilə bağlı qətnamələr qəbul etdirməyə cəhdlər göstərilsə də, hamısı uğursuzluqla nəticələnib. Məsələn, təkcə Corc Buşun dönəmində erməni lobbisi iki dəfə qətnaməni Konqresdə qəbul etdirməyə çalışsa da, sonda prezidentin fəaliyyəti nəticəsində onların uğur əldə etməsinə imkan verilməyib. Belə ki, Buş qətnamənin qəbul olunmamasına əsas səbəb kimi Türkiyə ilə sıx əlaqələr və ABŞ-ın Yaxın Şərqdə ona ehtiyac duymasını göstərib.
Hazırda ABŞ-Türkiyə münasibətləri gərgindir. Bu gərginlik Türkiyənin “Sülh çeşməsi” əməliyyatını başlatmasıyla əlaqədar daha da artıb. Vaşinqtonu narahat edən məqam təkcə Türkiyənin “kürd dövləti”nin yaradılmasına mane olması və amerikalıların Suriyanın şimal-şərqini tərk etməsinə zəmin yaratması deyil. ABŞ Ankaranın Rusiya ilə yaxınlaşması, bölgədə ABŞ-ın düşmənləri sayılacaq dövlətlərlə əlaqələrini genişləndirməsi və s. fəaliyyətlərini də qəbul etmir.
Digər tərəfdən, mövcud gərginlik müəyyən mənada ABŞ-ın verdiyi qərarların bəzən Türkiyə üçün qəbuledilməz olmasıyla da bağlıdır. Trampın ziddiyyətli qərarları, Obama dönəminə tam əks siyasət həyata keçirməsi, eləcə də ABŞ-ın ənənəvi hökmran olduğu bölgələrdən çıxaraq, yeni bölgələrə maraq göstərməsi ABŞ hakimiyyəti daxilində də ikitirəliyi gücləndirib. Məhz bu ziddiyətlər rəqibləri tərəfdən Trampın əleyhinə istifadə edilir.
Hər bir halda siyasi elitadakı xaos indiki halda ondan bəhrələnmək üçün mühüm imkanlar yaradır. Belə ki, bu xaosda Tramp və rəqibləri – Demokratlar Partiyası, eləcə də Respublikaçıların bəzi nümayəndələrinin şansları bərabər deyil. Başlanan xaosdan Trampın qələbə qazanaraq çıxmasını isə ona qarşı elan edilən impiçment prosedurunun başladılması qərarı fonunda edəcəyi çıxışları və rəftarları müəyyən edəcək.
Hələlik görünən odur ki, “erməni soyqırımı” iki qüvvə arasında yaranan savaşın nəticəsidir və hər iki tərəf bundan yetərincə yararlanmağa cəhdlər göstərəcək.
ABŞ Türkiyədən imtina edəcək?
Ankara-Vaşinqton konfliktinin “övladı” sayılan yeni “erməni soyqırımı” qətnaməsinin iki ölkə arasında münasibətləri kəsməsi ehtimalı azdır, amma bu qətnamənin münasibətlərə heç bir zərər vurmayacağını demək də sadəlövhlük olardı. Hər bir halda indiki şəraitdə Vaşinqtonda olan istənilən siyasi qüvvə qətiyyən Türkiyədən imtina etmək fikrində deyil.
ABŞ-ın bu ölkəyə təsir üçün həddən artıq çox rıçaqları mövcuddur. Bu rıçaqlar təkcə ölkə xaricində yox, həm də daxilində yerləşir.
Digər tərəfdən, Türkiyədə ABŞ-la sıx münasibətləri dəstəkləyən qüvvələr təkcə müxalifət partiyaları və ictimai təşkilatlarda yox, həmçinin AKP-nin öz daxilində və orduda belə mövcuddur. Vaşinqtonun Yaxın Şərqlə bağlı hərbi, siyasi və iqtisadi maraqları da var ki, bu da ona Türkiyə ilə münasibətlərini yaxın zamanlarda bitirmək imkanı vermir.
Yeni kürd oyunu
Nümayəndələr Palatasının qətnaməsinin gələcəkdə Senatdan keçib, Prezidentin masası üzərinə gəlmə ehtimalı hələlik çox azdır. Bununla belə, qəbul edilən qətnamənin Türkiyəyə qarşı başqa formada istifadə edilməsi də istisna deyil. Təbii ki, qəbul edilən qətnamə ABŞ-ın xarici siyasət kursunun dəyişməsinə və diplomatlarının “erməni soyqırımı” ilə bağlı rəsmi şəkildə çıxış etmələrinə imkan vermir. Üstəlik, bu sənəd Türkiyədən ermənilərlə bağlı hansısa addımlar atmasını tələb etmək imkanı da formalaşdırmır. Bununla belə, sənəd qəbul edilib və artıq “soyqırım” məsələsi yenidən Türkiyəyə qarşı müəyyən məsələlərdə “qaralama” üçün istifadə edilə bilər.
Bu qətnamə həmçinin gələcəkdə oxşar sənədlərin qəbulu üçün də ilham mənbəyi rolunu oynaya bilər. Belə ki, Türkiyənin “Sülh çeşməsi” əməliyyatını davam etdirməsi Nümayəndələr Palatasının Türkiyədə yaşayan kürdlərə və ya kürd siyasətçilərə qarşı “təzyiqlər”lə bağlı yeni qətnamələrin qəbuluna gətirib çıxara bilər. Doğrudur, indiki şəraitdə bu elə də real deyil, amma hər şey Tramp-Nümayəndələr Palatası konfliktinin hansı formada davam edəcəyindən asılı olacaq.
Bunu şərtləndirən başqa amil Türkiyədə kürdlərin Xalqların Demokratik Partiyasının nümayəndələrinə qarşı atılan addımları olacaq. Hər bir halda HDP hazırda özəlliklə kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə böyük nüfuza sahibdir. Xüsusi güclü kürd partiyasının mövcudluğu gələcəkdə ölkənin cənub-şərq vilayətləriylə bağlı daha gərgin münasibətlərin yaranmasına və siyasi qurumun kürdlərin adından dövlətə daha sərt tələblər irəli sürməsinə gətirib çıxara bilər.
ABŞ-ın siyasi elitasında konfliktin yaxın zamanlarda bitəcəyi gözlənilmir. Bu gərginlik fonunda Ankara özünə mövqe seçməyə və daha çox qalib gələn tərəfin yanında yer almağa, bununla da özünü gələcək təhlükələrdən siğortalamağa çalışacaq.
Erməni soyqırımı qətnaməsinə gəlincə isə onun indiki halda təkcə Türkiyə-ABŞ münasibətləri yox, həm də ümumilikdə bölgədə və ermənilərin taleyində kəskin dönüşlər yaradacağı gözlənilmir.
Tarix
2019.11.02 / 09:00
|
Müəllif
İlkin Həsənov
|