Yuxarı

Arif Hacılı saxta arayışlar üçün haqq alıb? – Alya Yaqublu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq divan üzvü Alya Yaqublu Axar.az-a müsahibəsində partiyanın adının mühacir qalmaqalında hallanması ilə bağlı danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Almaniyada saxlanılan mühacirlər arasında Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin üzvlərinin olmasına partiya başqanı Arif Hacılı yalnız sosial şəbəkə hesabından reaksiya verdi...

- Müharibənin olmadığı bir ölkədə, üstəlik də böyük təzyiqlərə, zorakılıqlara məruz qalmayan insanların mühacirətə getməyi onların təbii ki, sığınacaq almaq şanslarını çox azaldır. Suriyadakı müharibədən sonra dünya qaçqın problemi ilə üz-üzə qalıb və hər bir ölkə mətbuatı da yazır ki, Avropa ölkələri artıq qaçqın qəbulunu son dərəcə məhdudlaşdırıb.

Mən bu faktları ona görə xatırlatdım ki, buradan evini, işini atıb, ailəsini, uşağını götürüb gedən adamlar bu informasiyaları araşdırmalı idilər. İndi Almaniyadan deport edilən ailələrə kədərlənməklə yanaşı, mən həm də onları qınayıram. Çünki bu, çox ciddi məsələdir. Bir ölkədə qura bildiyin bir yuvanı, düzəni dağıdıb başqa bir ölkəyə getmək və orada da sığınacaq almağa çalışmaq çox ciddi bir qərardır. Ona görə də onların bu məsələdə tam məsum olduğunu düşünmürəm.

- Arif Hacılı deyir ki, kimlərsə deport edilənlərə görə sevinir, “toy bayram” edir...

- Buna qətiyyən inanmıram. Başqalarının faciəsinə sevinmək absurd bir ittiham və iddiadır. Məsələnin digər əsas tərəfi odur ki, o insanların ölkəni tərk etmək üçün verdiyi qərarı buradan hansısa partiyalar dəstəkləyib. Belə bir fikir var ki, hansısa siyasi partiyanın üzvü olanda orada sığınacaq almaq daha asan olur. Ancaq əslində siyasi partiya üzvləri orta statistik Azərbaycan vətəndaşından daha bilgilidirlər və bilirlər ki, hansı ölkədə sığınacaq almaq necə mümkündür. Ona görə də günahın çox böyük hissəsi həmin bu siyasi partiyaların üzərinə düşür. Yüzlərlə, minlərlə insana arayış verib göndərmək, ümid vermək, onları daha da həvəsləndirmək çox yanlış addımdır. Baxın, mən burada artıq üzgün deyiləm, buna ciddi şəkildə qəzəblənirəm. Çünki bəlkə də o insanlar siyasi partiyalardan arayış ala bilməsəydilər, getməyəcəkdilər. Yaxud da o insanlara izah olunmalı idi ki, bu, real deyil, bizim arayışımız sizin Almaniyada oturum almağınızı təmin etməyəcək. Ən azından bu ağır nəticədə siyasi partiyanın iştirakı, məsuliyyəti olmazdı.

Bu gün Almaniyadan Azərbaycana deport edilənlərə görə o siyasi arayışı verənlərin hamısı məsuliyyət daşıyır. O insanların çəkdiyi ağrının günahı həm də onlara arayışı verənlərin boynundadır.

- Dəfələrlə Müsavat Partiyasının mühacirlər üçün saxta sənəd hazırlaması faktı gündəmə gəlib. Bəs niyə bununla bağlı vaxtında addım atılmadı, tədbir görülmədi?

- Hər hansısa siyasi partiya öz möhürü ilə arayış verəndə bu arayış saxta olmur ki! O arayışın içində yazılanlar saxta olur, onlar həqiqəti əks etdirmir. Tutaq ki, bir insan hansısa ölkəyə mühacir kimi gedəndə hansı partiyanın sənədi ilə gedirsə, arayışında o partiyada hansı fəaliyyətlə məşğul olubsa, onu yazmaq lazımdır. O arayışlar möhürə, imzaya görə deyil, içində yazılanların həqiqəti əks etdirməməsinə görə saxtadır. O arayışların içinə “mübarizə aparıb”, “bu adama polis təzyiqi olub” kimi sözlər yazılanda o arayış artıq həqiqəti əks etdirməyən bir sənəd olur.

- Bəs, bu məlumatlar yayılanda buna qarşı niyə tədbirlər görülmədi, içi saxta olan “həqiqi arayışlar”ın verilməsi davam etdi?

- Bu suala Müsavat Partiyası rəhbərliyi cavab verməlidir. Mən Müsavat Partiyasında Divan üzvü olduğum vaxtda digər bir neçə Divan üzvü ilə birgə bu hallara qarşı ciddi etirazlarımızı bildirib, dəfələrlə buna qarşı çıxış etmişik. Təəssüf ki, buna qarşı mübarizə aparsaq da, qarşısını ala bilmədik.

- Belə məlumatlar da var ki, Müsavat Partiyasının verdiyi arayışla Avropaya mühacir kimi gedənlər bunun üçün hazırkı partiya başqanı Arif Hacılıya haqq ödəyib. Hətta mühacirlərlə bağlı Almaniyada keçirilən məhkəmə proseslərində də A.Hacılı müəyyən haqq qarşılığında şahid kimi ifadə verib. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Bu kimi məlumatları mən də dəfələrlə eşitmişəm. Bu barədə illərdir ki, məlumatlar var və hər kəs bunu eşidib. Ancaq belə şeylər başqalarının şahidliyi ilə edilmir. Yəni kənar - ikinci, üçüncü və ya beşinci şəxslərin şahidliyi ilə belə işlər görülmür. Ona görə də fakt olmadığı üçün heç kəs bu haqda hökmlə danışmır.

Mən də sizin kimi bu şayiələri eşitmişəm və bunların qarşısını almaq üçün israr etmişəm ki, bu arayışların verilməsini durdurmaq lazımdır. Məhz bu kimi şayiələr partiyanı nüfuzdan saldığı üçün bu praktikaya son qoyulmalı idi. Mən və mənim kimi bir neçə Divan üzvü dəfələrlə bunu tələb etmişik, bunu istəmişik. Ancaq təəssüf ki, buna nail ola bilmədik.

- Dünən yazdığınız statusda partiya sədri Arif Hacılını istefaya səslədiniz. Doğurdanmı hesab edirsiniz ki, Arif Hacılının istefası Müsavat Partiyasını xilas edəcək və onun nüfuzunu özünə qaytaracaq?

- Əlbəttə. Biz buna cəhd edəcəyik. Təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur. Ancaq digər bütün sivil ölkələrdə hər hansısa bir qurumun, partiyanın işində ciddi nöqsan baş verəndə, hətta bunu qurumun, partiyanın rəhbəri yox, ikinci, üçüncü dərəcəli şəxs etsə belə, həmin qurumun, partiyanın rəhbəri istefa verir. Çünki məsuliyyəti həm də o daşıyır. Müsavat Partiyasını bu imicdən xilas etmək üçün Arif Hacılının istefası birinci addımdır. Mühacirlərə verilən arayışlar Müsavat Partiyasının möhürü, Arif Hacılının imzası ilə verilən sənədlərdir. Buna görə də məsuliyyəti Arif Hacılı daşıyır.

Bu gün Müsavatı xilas etməyin yeganə yolu Arif Hacılının istefasıdır. O istefa verərsə, bu, artıq cəmiyyət üçün bir mesaj olar ki, biz artıq yenilənirik, ölkədən getmək istəyənlərə arayış vermək, onları mühacirətə göndərmək işindən kənarlaşırıq, bu işi görən adam da artıq partiyanın rəhbəri deyil. Bu, cəmiyyətə çox ciddi bir mesaj olar. Bu, Müsavatda vəziyyəti dəyişməyə kömək edəcək, partiyaya əvvəlki imicini qazandıracaq.

Tarix
2019.11.15 / 16:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla