Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi
şəxslər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik Akif Cəfər oğlu Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı
veriblər.
AzərTAc-ın
məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın
tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat
elmləri doktoru, professor, akademik Akif Cəfər oğlu Hacıyev
2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat edib.
Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan
olub. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə
Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində
ali təhsil alıb. Əmək fəaliyyətinə 1960-cı ildən etibarən
Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunda funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi
işçi kimi başlayan A. Hacıyev 1961–1967-ci illərdə həmin institutda
elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci
illərdə şöbə müdiri vəzifələrində çalışıb. Türkiyə tərəfinin dəvəti
ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi
fəaliyyət göstərib. 1999-cu ildə elmi fəaliyyətini yenidən
Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi
seçilib. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər
Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləyib,
2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti olub.
A. Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə
namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib,
1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını alıb.
O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının
müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü seçilib.
Akademik A. Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda
müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr verib. Onun
riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar
nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə
edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilib. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə
zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu var. Alimin
riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr
xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni
araşdırmaların aparılmasına təkan verib.
A. Hacıyevin araşdırmalarının nəticələri ölkəmizdə və onun
hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4
monoqrafiyada əksini tapıb. Alimin rəhbərliyi altında Azərbaycanda
və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və
fizika-riyaziyyat elmləri doktoru hazırlanıb. Mötəbər beynəlxalq
simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə A.
Hacıyev Azərbaycan elmini layiqincə təmsil edib.
Akademik A. Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti
lazımınca qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı
xidmətlərinə görə bir sıra mükafatlar alıb. Alim müstəqil
Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şöhrət"
ordeninə layiq görülüb. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı
və səmimi insan A. Hacıyevin xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaq. Allah rəhmət eləsin!".
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Əli Abbasov
Arif Paşayev
Arif Mehdiyev
Tofiq Nağıyev
İbrahim Quliyev
İsa Həbibbəyli
Rasim Əliquliyev
Telman Əliyev