Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində "Şaxələndirmə strategiyaları" mövzusunda "dəyirmi
masa"da iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı
çıxışını təqdim edirik:
"Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji
təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi - "Cənub" qaz
dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa
üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji
təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də
istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə
nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji
strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət
beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün
investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər
dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru
kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik.
On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara
veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini
istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil
olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz
təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük
"Şahdəniz" yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya
miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən
etibarən bp və digər tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi
üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun
regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan
Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar.
2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu
– TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın
enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş
olmadan "Cənub" qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya
olaraq qalardı.
2013-cü ildə Trans-Adriatik – TAP boru kəməri əsas təchizat
marşrutu kimi seçilib. 2014-cü il sentyabrın 20-də Bakıda "Cənub"
qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. İndi hər şey hazırdır
və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin
icrasına başlamışıq. "Şahdəniz" yatağının işlənməsi, boru kəmərinin
tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45
milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu
komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin
aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq
mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə
Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və
tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail
olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə
daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa
təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə
bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik.
Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı
ölkələrə lazımdır.
Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa
istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz
mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların
şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız
marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz
yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. "Şahdəniz"
yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər
yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon
kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz
layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli
dərəcədə dəyişəcək.
Biz bu il fevralın 12-də Bakıda "Cənub" qaz dəhlizi layihəsinin
Məşvərət Şurasını keçirəcəyik. Biz bu layihədə iştirak edən bütün
ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan,
Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya.
Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb.
Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən
tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro
ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və
Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından
bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu
layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan
uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin
icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni
səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP,
"Şahdəniz-2" layihələri böyük investisiyalardır və təkcə Azərbaycan
yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır.
Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.
Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən
50 dollardan yüksək olması bu layihənin kommersiya
nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də
həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi
layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli
təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə,
böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də "Cənub" qaz
dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük
hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə
Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə
etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya
Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə
bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o
deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür.
Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha
uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət
qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə
çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük
miqyaslı layihə olacaq.
Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər
qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş
olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini
2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə
yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri
arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı
etibar lazımdır".