"Putin Bakının imkanlarını nəzərə
almalıdır".
Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin
Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat
Ramin Bayramov söyləyib.
O, Gürcüstanın iradəsinin qırılması üçün uzun müddətli planın
hazırlandığını bildirib:
"Gürcüstanda Kremlin kadrları tərəfindən Saakaşvili dövründən
qalma məmurları, onun tərəfdarlarını tutmaqla dövlət strukturuna
ziyan vurmaları yeni hal deyil. Bu proses "Gürcü arzusu"nun
hakimiyyətə gəlməsindən sonra başlayıb. Beşinci kolon tam şəkildə
öz proqramını həyata keçirməkdədir. Hazırkı hakimiyyətin
siyasətinin əsasında ölkənin xarici siyasətini dəyişməklə Rusiyaya
istiqamətlənmək dayanıb. Dövlətin Avropaya yönəlmiş kursunu qırmağı
həyata keçirmək o qədər də asan məsələ deyil. Artıq bunu ölkə
rəhbərliyi də anlayıb. Gürcü xalqını aldatmaq olar, amma onun
azadlıq, suverenlik və ölkənin bütövlüyü ilə bağlı prinsiplərini
sındırmaq olmaz. Ona görə də uzun müddətli plan hazırlanıb. NATO
istiqamətindəki uğursuzluqdan sonra KİV, QHT, müxalifət
partiyaları, biznes, hakimiyyətin iradəsinə tabe olmayan qruplara
hücumlar, insanların azadlığına vurulmuş dəqiq zərbələr yaxın
zamanlarda inanılmaz miqyas alacaq. Gürcüstanı NATO-nun orbitindən
çıxarmaq Tiflisi birbaşa Kremlin ayaqları altına qoymaq deməkdir.
Bu, əsas məqsəddir. Əsas missiya isə bütün Cənubi Qafqazın
birdəfəlik ayaqlar altına alınmasıdır".
R.Bayramov Kremlin Bakıya qarşı Qarabağdan bütün istiqamətlərdə
istifadə edəcəyini deyib:
"Azərbaycan Kremlin gözündə sonuncu qurbandır. Gürcüstandan
fərqli olaraq, Bakının iradəli mövqeyi nəticəsində Azərbaycan
Rusiyaya sərt müqavimət göstərməyə qadirdir. Sözsüz ki, Kremlin
əlində olan əsas kozırlardan biri Azərbaycanla Ermənistan arasında
olan konfliktdir. Burada da Putinin istəkləri əsasında İrəvan
hərəkət edir. Amma Bakının imkanlarını nəzərə almamaq olmaz. Burada
əsas diqqət olunası şey Azərbaycanın güclü partnyoru və qardaşı
olan Türkiyə, həmçinin Bakının özünün hərbi gücüdür. Azərbaycan
rəhbərliyinin çevik siyasəti Bakının uzun illər boyunca ülgücdən
uğurla yan keçərək bölgədəki əsas oyunçuların maraqlarına xələl
gətirmədən özünə divident toplamağı bacarmasına səbəb olub. Məncə,
Ukraynadakı hadisələrin sonrakı cərəyanı Kremlin işğal siyasətinin
coğrafi baxımdan genişlənməsi məsələsində həlledici rol oynayacaq.
Bundan sonrasını isə Bakının sərt mövqeyi tutacaq".