Azərbaycan ərazisində bir sıra ağır və xüsusilə ağır
cinayətlər törətməkdə şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil
cinayətkar dəstə ifşa edilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat
xidmətlərindən Axar.az-a daxil olan birgə məlumatda qeyd olunur ki,
ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı
evdə odlu silahla qətlə yetirlmiş meyiti tapılıb və faktla bağlı
rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb.
Polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından
ibarət qrup hadisə yerinə çıxıb və təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri və müvafiq ekspertizalar həyata
keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun
Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal
ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum
edilmiş Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və
Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə
basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ
keçirmək barədə qabaqcadan razılığa gəliblər.
Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə
Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə
maska taxaraq quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə
soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif
dərəcəli xəsarətlər yetiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar
dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və
Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış
zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı
tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron,
25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini
ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi
istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir
borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə
tutulmuş digər əşyalar götürülüb.
Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat
tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin
ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz
Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə
basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət
və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və
Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, cari il yanvarın
31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və
Tahir Cəbrayılzadəyə məxsus məxsus "VAZ-2106" markalı avtomobilləri
qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi
Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov
tüfəngi oğurlamaları müəyyən edilib.
Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən
rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.
Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları
istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam
etdirilir.