"Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı,
ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları, müxtəlif valyuta
böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili
Azərbaycanın Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini
təsdiqləyir".
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc
bildirib. Onun sözlərinə görə, əhalinin manatın devalvasiyasından
narazı qaldığı, hətta bir sıra hallarda açıq ittihamları fonunda 21
fevral 2015-ci ildə atılan addımın doğruluğunu bəyan etmək o qədər
də asan deyil:
"Lakin dollar burjuaziyasının deyil, sadə insanların
mənafeyindən yanaşdıqda və iqtisadiyyatın sərt qanunlarına baş
vurduqda Mərkəzi Bankın öz hesablamalarında doğru olduğunu görmək
mümkün olur. Ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam -
"guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə
rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına
gedirlər" fikri qətiyyən doğru deyil. Qonşu Gürcüstan və Türkiyənin
son 5 ayda valyutalarının 14 -17 faiz ucuzlaşdıqlarını göstərmək
kifayətdir. Hər halda, dolların bütün dünya maliyyə vahidlərinə
nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi faktdır. 2015-ci ilin
büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl
atıldığını iddia etmək də tamam yanlışdır. Çünki dövlətin valyuta
ehtiyatları sırasında manat xüsusi çəkiyə malikdir və onun dəyərdən
salınmasından yaranan itkilər büdcənin cəmi 12 faizinin gəlirlərini
qapatmaq üçün kurs dəyişikliyindən "əldə olunan qazanc"dan daha
böyükdür.
Qonşu Rusiya iqtisadiyyatının məruz qaldığı sanksiyaların
Azərbaycana təsirini də Mərkəzi Bankın son addımına təsir göstərən
faktorlar sırasında birinci yerə qoymaq düzgün olmazdı. Ölkələrimiz
arasında iqtisadi şaxələnmənin cəmi 2 faiz olması fonunda rus
rublunun ağır vəziyyəti və soydaşlarımızın Azərbaycana göndərdiyi
maliyyə vəsaitlərinin kəskin azalması manatın ucuzlaşması üçün
başlıca səbəb ola bilməzdi".
Millət vəkilinin sözlərinə görə, hökuməti kəskin tənqid
edənlərin hamısı manatın əvvəlki kursda saxlanmasının iqtisadi
ziyanlarını açıq etiraf edir, yerli məhsul istehsalının və onun
xarici ticarətdə qeyri-neft sektorunun stimullaşdırılmasına zərbə
vurduğunu söyləməkdən çəkinmirlər:
"Ona görə də hər zaman milli valyutamızın tədricən ucuzlaşması
siyasətinə gedilməsi təklif olunur və süni şəkildə bahalı valyuta
kimi saxlanan manatın keçmiş və gələcək ziyanlarından danışırdılar.
Deməli, məzənnə siyasətinin hazırkı deyil, məhz əvvəlki kursu
iqtisadi əsaslandırılmış sayıla bilməzdi. İndi Mərkəzi Bankın
kəskin devalvasiya yoluna əl atmasının səbəblərini tədqiq etməyə
çalışaq. 16 fevraldan bu yana Elman Rüstəmovun "Faynənşl Tayms"a
müsahibəsindən sonra maliyyə bazarındakı hərəkətlənmənin sonda
nələrə aparıb çıxaracağını hesablamaq kifayət edir. Baş bankirin
məlum açıqlamalarındakı tezis, yəni "idxal məhsullarının qiymətində
dəyişiklik olacaq", "manatın dəyərdən salınmasına əl atılacaq" və
"inflyasiyanın nəzarətdə saxlanmasına yönəlik siyasət yürüdüləcək"
bəyanatı valyuta bazarında böyük gərginlik və ajiotaj doğurdu.
Nəticədə bankın son hərraclarda dövriyyəyə çıxardığı və cəmi bir
neçə qəpik bahalaşmış 120 milyon dollardan artıq ABŞ valyutası
yerli banklar tərəfindən dərhal alınaraq satışa çıxarılsa da, əhali
arasında dollar tələbatı artmaqda davam edirdi. Ölkəmizdə iş aparan
xarici kompaniyalar, banklarla yanaşı, xalqın hətta ən aztəminatlı
hissəsinin belə əlində olan vəsaitlərini dollara çevirmək istəyi
durmadan artırdı. Bazarda belə psixoloji yaşantının hökm sürdüyü
şəraiti iqtisadi ədəbiyyatlarda bahalaşma gözləntisi adlandırırlar.
Belə şərait davam edərdisə, Mərkəzi Bank qısa bir vaxtda qalan 12
milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda
manatı rus rublunun taleyi gözləyəcəkdi".
"Tədrici və yaxud, dəbdə olan terminlə desək, "üzən kurs"
siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O, yalnız spekulyantlara
və valyuta qeyri-sabitiliyndən bəhrələnlərə, daha doğrusu, valyuta
müharibəsi aparanlara fayda gətirir", - deyə millət vəkli
bildirib.
Z.Orucun sözlərinə görə, manatın devalvasiyası vaxt gələcək
təqvimin ən əlamətdar gününə çevriləcək:
"Ona görə də vaxtilə Britaniyada, bu yaxınlarda Qazaxıstanda
həyata keçirilmiş kəskin kurs dəyişikliyinə gedildi və artıq
bununla da valyuta bazarında sabitliyə nail olundu. Diqqət edin,
hər kəs məhz dolların kursunun aşağı düşəcəyi gözləntisi
qarşısındadır. Ona görə də hətta üçdə bir nisbətdə ucuzlaşmadan
sonra da manat dünyanın əsas maliyyə vahidləri ilə az qala bərabər
dəyərə malikdir və onu həm vətəndaşlarımız, həm də regional
çərçivədə çalışan kompaniyalar istər tədavül, isərsə də etibarlı
yığım vasitəsi kimi görməkdə davam edirlər. Məhz buna görə indi
hamımız tərəfindən "qara şənbə" kimi xarakterizə olunan hazırkı
əsaslandırılmış devalvasiya vaxt gələcək təqvimin ən əlamətdar
gününə çevriləcək. İndi hökumət gecikmədən son valyuta
tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili
bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik
perspektiv üçün anti-böhran proqramlarını işə salmalıdır. Çünki heç
bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə
maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması
üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Çünki son
addımdan sonra yaşayış minimumu və aylıq istehlak səbətinin əvvəlki
vəziyyətdə qalmayacağı şübhəsizdir və dövlət sosial ehtiyaclı
insanları birmənalı müdafiə etməlidir".
Deputat sözügedən məsələnin Milli Məclisdə müzakirəyə
çıxarılacağını qeyd edib:
"Kursun sabit saxlanması investorları gözləmə mövqeyindən
çıxaracaq, bankları yeni şəraitə uyğun olaraq əhali ilə işləməyə
sövq edəcək. Əks halda, əgər manatın aşağı və yuxarı kursa inzibati
qərarlarla yönəltmək cəhdi "qara bazar" fenomenini işə salacaq və
bu yalnız əhalinin maraqlarına zərbə vuracaq. Həmçinin hökumət
banklarla görüşə açıq olmalı, hazırkı vəziyyəti geniş iqtisadi və
maliyyə subyektləri ilə birgə müzakirəyə qərar verməlidir.
İnflyasiyanın ikirəqəmli olmaması üçün gömrük rüsumları və bank
stavkaları ilə bağlı da təxirəsalınmaz tədbirlər görülməlidir.
Bununla yanaşı, daha geniş təkliflərimizi Milli Məclisdə gündəmə
gətirəcəyik.
Milli Bankın və hökumətin yüksək təmsilçiləri meydanı
anti-iqtidar iqtisadçılarına buraxıb panika mühitinə rəvac
verməkdənsə, belə qərarın düzgünlüyünü əsaslandırmaq və onun
gələcək nəticələrinə qarşı siyasətini bəyan etməyə borclu olduğunu
da nümayiş etdirməlidir".