Ana səhifə Gündəm |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində yeni toplu nəşr olunub.
AzərTAc məlumat
verir ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan
"Xocalıya ədalət" adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il
fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə
həqiqətlər çatdırılır.
Topluya Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası ilə bağlı
video müraciətindən, Ermənistan silahlı qüvvələri və keçmiş sovet
ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının
dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı
törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab,
buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, "Xocalıya ədalət"
kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart
daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib
edilmiş elektron təqdimat (prezentasiya) da var. Hazır formada olan
bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən
də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə
tutulub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın video
müraciətində 20-ci əsrdə dünyada baş vermiş və dünya
ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi
hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və
Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində törədilmiş bu
hadisənin təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə
məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin
edilməsinin vacibliyi vurğulanır və son illər Xocalı soyqırımının
tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin
artmasının, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında
soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan
əhəmiyyəti qeyd olunur.
"1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən
hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də
torpaqlarımızın 20%-i işğal altındadır. Müharibəyə gətirib çıxaran
bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının
qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə
səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər
törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin
qurbanı olub", - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə video
müraciətində bildirib.
"Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu,
yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin
nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi
cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik
və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər
etməliyik. 20 ildən artıq müddət keçməsinə baxmayaraq Xocalıda
törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi
doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün
əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.
Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının
beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son
illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra
ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu
dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Və
bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə
cəlb ediləcəyinə ümid yaradır. Kampaniyaya göstərilən dəstəyə görə
təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan
eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.
Hər bir kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün
bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin
dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq", - deyə Leyla Əliyeva
bildirib.
Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı
soyqırımının dünyada tanınmış digər soyqırımlar ilə oxşarlığı
göstərilir, soyqırımının törədilməsi, miqyası, nəticələri barədə
məlumatlar və xəritələr təqdim olunur.
"Xocalıya ədalət" adlı kitabda və bukletdə faciəyə dair fotolar,
hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar
təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin
hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin
məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə
kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat
vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin
"Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər təqdim
olunur.
Nəsr olunan topluda "Xocalıya ədalət" kampaniyasının yeni loqosu da
təqdim edilir. Kampaniyanın loqosu Xocalıda yarımçıq qalmış
taleləri simvolizə edən, fevral ayında çiçək açan badam ağacının
qopmuş çiçəyini özündə əks etdirir. Qeyd edək ki, badam çiçəkləməyə
başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çiçək açır
və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Loqodakı
badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış
məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş
soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar
əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm
də Azərbaycanın 20 % ərazisinin işğal edildiyini göstərir.
İngilis və rus dillərində hazırlanan "Xocalıya ədalət" toplusu
gələcəkdə digər dillərdə də təqdim olunacaq. Bu toplu Xocalı
faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait
rolu oynayacaq.
Xatırladaq ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında
həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına
qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa,
Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu
faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində
müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında
etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar
keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət"
kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və
beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
"Xocalıya ədalət" adlı yeni sənədli filmi təqdim edirik:
Tarix
2015.02.26 / 13:59
|
Müəllif
Axar.az
|