Axar.az Kulis.az-a
istinadla Şərif
Ağayarın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətini təqdim
edir.
- Təzə kitablarınızdan
başlayaq... Vaxt darlığına baxmayaraq, məhsuldarsınız... "Sunami"
romanından sonra publisistik kitabınız, xarici ölkələrdə şeir
kitablarınız çap olundu.
- Hə. "Dərdə əyilmə" adlı publisistik kitabım çıxdı. Son 20 ildə
yazdığım ən seçmə yazılar toplanıb. Bu dövrdə yazılanlar iki-üç
kitaba sığmaz, şübhəsiz. Hələ müsahibələri demirəm... Seçib çap
eləmişəm. Bu, "Ömür kitabı", "Bu sənin xalqındır"dan sonra üçüncü
publisistik kitabımdır. Kitablar biri-birinin davamıdır.
- Niyə daha bir roman yox, publisistika?
- Oxucuların reallığa marağı daha çoxdu zamanımızda. İndi
romanların özündə də, bədiilik qalmaq şərtiylə real faktlar daha
geniş yer tutmağa başlayır.
- Siz heç vaxt imzanızın altına fəxri ad
yazmırsız...
- Xaric üçün yazanda, olur.
- Məsələn, Musa Yaqub xalq
şairi deyil, siz xalq şairisiz...
- Əlbəttə, mənim dostlarım var ki, onlar bu ada layiqdir.
Onların yanında bunu xüsusi olaraq vurğulamağa ehtiyac yoxdur.
Əlimdə imkan olsa, hamıdan əvvəl Musa Yaquba verərdim bu adı. O da
mənə verərdi, əmin olun.
- Türklər xalq şeiri yazan şairlərə "xalq şairi"
deyir.
- Bizdə təkcə dil və janrla bağlı deyil. Bu rəsmi addır və
şübhəsiz ki, veriləndə dövlətin müəyyən maraqları da nəzərə alınır.
Yeri gəlmişkən, bir şey deyim, 1983-cü ildə rəhmətlik Nüsrət
Kəsəmənliylə mənim kitabımı ("Gəncə qapısı" – Ş.A.)
komsomol mükafatına təqdim etmişdilər. Mərkəzi Komitənin katibi
Həsən Həsənov kitab çıxan kimi oxuyub mənə zəng eləmişdi. Demişdi,
şeirlərin məni dəli elədi, səhərəcən yatmamışam. Mükafata təqdim
olunanda bir gün hansısa tədbirdə görüşdük. Qoluma girib dedi,
dostunu da, səni də komsomol mükafatına göndəriblər, yer də bir
dənədir, necə düşünürsən? Dedim, ikimizə də verin, pulu da aramızda
bölərik. Məəttəl qaldı, dedi, ilk dəfə görürəm ki, bir yazıçı
dostunu bu qədər müdafiə edir.
- Gənc nəsil sizi daha çox
siyasətçi kimi tanıyır...
- Elədir. Əvvəl şair kimi daha çox görünürdük. Görüşlərdə,
televiziyada və s. İndi rektorlar universitetlərə şəxsi mülkiyyəti
kimi baxır. Görüşlər olmur. Televiziyaya da daha çox millət vəkili
kimi çıxıram.
- Bir şeirinizi uşaqlıdan heç unutmuram:
Xoşbəxt ol – söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür sürüb xoşbəxt olmağa,
Dünyaya təzədən gələcəyəmmi?...
- Bunlar bir silsilə idi. Açığı, ortabab şeirlər hesab edirəm.
Bir az Məmməd Arazın "Naməlum qadına məktublar"ının havasını
xatırladır. O vaxtdan çox da bəyənmirdim, amma Məmməd Araz xeyli
tərifləmişdi.
- Bəlkə, elə əsl şeir onlar idi?
- Belə şeirlər məni doyuzdurmur. Əvvəllər düşünürdüm ki, sosial
problemlər qaldırdığım şeirlər problem həll olunandan sonra
unudulacaq. Əvvəla, o problemlərin çoxu hələ də aktualdır.
İkincisi, məsələn, Mirzə Ələkbər Sabirin qaldırdığı bəzi məsələlər
bu gün həllini tapıb, lakin həmin şeirlər gücdən düşməyib.
- Bəzi adamlar düşünür ki, məqalədə və ya nəsrdə deyilə
biləcək fikirləri şeirlə ifadə etmək lazım deyil.
- Bu yazarın ruhuyla bağlıdır. Bəzən problem şeirdə daha güclü
ifadə olunur. Elə şair var ki, onun ruhu öz şəxsi duyğularına
köklənir. Elə şair də var ki, doğuluşdan düşüncəsinin ictimai
tərəfi daha ağırdır. Mən şair-yazıçıları millətin taleyindən,
cəmiyyətin problemlərindən ayrı təsəvvür etmirəm. Amma, təbii ki,
lirika da ciddi ədəbiyyatdır. Bunun hansı daha ciddidi, hansı daha
uzunömürlüdü, demək çətindi. Vaqifin "Görmədim" müxəmməsi də
yaşayır, aşiqanə qoşmaları da! Füzulinin qəzəlləri də yaşayır,
"Salam verdim rüşvət deyildir deyə almadılar" fikri də. Amma o
dövrü o qəzəllərdən çox, bu fikirlərlə xarakterizə eləmək olur. Bir
misal da deyim: görüşlərdə mən daha çox vətəndaşlıq şeirləri
oxuyurdum, Nüsrət Kəsəmənli lirik şeirlər. Onu məndən çox
alqışlayırdılar. 80-ci illərdə vəziyyət dəyişdi, məni daha çox
alqışlamağa başladılar. Hər dövrün öz ab-havası olur və bu
zaman-zaman biri-birini əvəzləyir.
- Nüsrət Kəsəmənlinin adını
çəkdiniz... Nüsrət müəllim, siz və Çüngiz Əlioğlu çox yaxın dost
olmusuz. Sizə "Üç müşketyor" deyirdilər... Amma Nüsrət müəllimin
ömrünün son illərində aranızda bir balaca soyuqluq hiss
edirdim.
- Mənnən yox, Çingizlə soyuq idi. Uzun müddət onları
barışdırmağa çalışdım...
- Nə üstdə problem yaranmışdı?
- Vallah (gülür), mənasız söhbət idi...
- Qadın söhbəti deyildi ki?
- Qadın da vardı (gülür). O xanım onların bir-birindən
inciməyinə dəyməzdi. İncikliyə qədər əfsanəvi dostluğumuz oldu.
- Eşitdiyimə görə, bir dəfə Nüsrət Ramiz Rövşənlə də
tutaşmaq istəyib Sabir adına kitabxanada, siz
qoymamısız...
- Yox, bu söhbət mənim yanımda olmayıb. Nüsrət dalaşqan adam
idi, ancaq belə bir şey xatırlamıram. Ramiz Rövşən sakit və ağıllı
gənc idi. Dalaşmazdı kiminləsə... Nüsrət çox davakar idi. Kiminləsə
mübahisə edirdim, bir də görürdüm vurub uzatdı. Yaxud, maşınım
kiminsə maşınına dəyirdi, mən dönüncə Nüsrət adamı salırdı
təpiyinin altına.
- Gürcüstanda məşhur Gəncə qapısına görə də davanız olub
bir dəfə...
- Kutaisidə Gəncə qapılarına baxmağa getdik. Gürcü xanım
turistlərə deyirdi ki, bizimkilər Gəncəni işğal edəndə bu qapını
qənimət kimi gətiriblər. Dözmədim, dedim, elə deyil, o vaxt Gəncədə
zəlzələ baş vermiş, şəhər yerlə yeksan olmuşdu. Siz qonşu kimi
kömək eləmək əvəzinə, gedib qapını oğurlamısız. Turistlər gülüşdü,
qız pərt oldu. Banketdən sonra avtobusda keflənmiş gürcü cavanları
mənə sataşdılar. Birini vurdum, dava düşdü. Nüsrətlə kürək-kürəyə
verib xeyli vuruşduq (gülür). Onlar çox içmişdilər deyə,
yaxşıca çırpdıq. Səhəri ayılanda səhv elədiklərini anladılar və
gəlib üzr istədilər. Amma nəticəsi o oldu ki, komsomoldan bu cür
görüşlərə getməyimizi qadağan elədilər.
- Axırıncı görüşünüzü necə xatırlayırsız?
- Oğlum zəng elədi ki, xəbərin var, Nüsrət əmi qəzaya düşüb
ölüb. Heç nə düşünmədən telefonu alıb Nüsrətin nömrəsini yığdım.
Cavab verdi. Dedim, sağsan? Güldü, dedi, sağ olmasam necə cavab
verərəm? Dedim, düş evin qabağına, gəlirəm. Görüşdük. Məlum oldu
ki, qatar maşınını vurub, xeyli sürüyüb, təsadüfən sağ qalıb.
Dedim, gedək sağ qalmağını qeyd edək. Kənd yeməkləri istədi,
"Qəbələ" restoranına getdik. Bir az kefimizi düzəldəndən sonra,
dedi, tabutumun üstündə nə deyəcəkdinsə, de, sağkən eşidim
(gülür). Mən də zarafata salıb bu çıxışı tost kimi elədim.
Ölümünə inanmırdım. Elə ağır deyildi. Təbrizdə əməliyyatı uğurlu
olmuşdu. Nəsə qəfil vəziyyəti pisləşdi. Çox təəssüf...
- Yuxunuza girir heç?
- Girir, amma təfərrüatı xatırlamıram. Bu yaxınlarda Çingiz
Əlioğlunun 70 yaşında da yada saldım onu. Dedim, Nüsrət sağ olsa ən
gözəl sözü deyərdi. Biz həqiqətən yaxşı dost olmuşuq.
- Hansınız daha çox pul xərcləyirdiniz?
- Bu, bir az şəxsi məsələdir axı (gülür).
- Deməyə bilərsiz, sadəcə Çingiz Əlioğlunun xəsis
olduğunu bilirəm, ona görə soruşdum.
- Deyə bilmərəm (gülür). Ən səxavətlisi mən idim
şübhəsiz. İmkanım da yaxşı idi.
- Çingiz Əlioğlu şair kimi necədir?
- Bu yaxınlarda Çingizin kubist şeirlərini, axtarışlarını
gördüm, cavanlıqda mənə qəribə gəlirdi bəlkə də, ancaq bunun bir
xətt olduğunu bilmək lazımdır.
- Məncə o, həmişə axtarıb elə...
- Şair həmişə axtarışda olmalıdır. Lorka həmişə eksperiment
edirdi.
- Çingiz müəllimə texnar demişəm bir dəfə, məndən
inciyib...
- Mənim yanımda etirazını bildirdi... Orda idim
(gülür).
- Yadınızdadırsa, orda zarafata salıb dedi ki, sizə
texnar bir yumruq vurmaq istəyirəm... Sizcə vura bilər
məni?
- (Gülür) Çingizin vuran əli var. Sən də, maşallah,
bazburutlu oğlansan. Hər halda ehtiyatlı olmağını məsləhət görürəm
(yenə gülür). Amma çalışın dalaşmayın... O zarafat edirdi.
Sizi çox istəyir.
- Bayaq Gəncə qapısı söhbətini elədiniz. Bəzən yumruq
vurmaq qaçılmaz olur. Sizcə ədəbi müzakirələrdə şillə-təpikdən
istifadə eləmək olar?
- Olmaz, əlbəttə.
- Siz bir çox dostlarınızdan fərqli olaraq tənqidə
dözümlüsüz. Amma müşahidə etmişəm, sizi sərt tənqid eləmirlər. Necə
edirsiz ki, belə olur?
- Bizim təhsil və tərbiyə sistemimizdə ən böyük problem budur
ki, çox vaxt tərbiyə ilə ələbaxanlığı qarışıq salırıq. Bizdə
bağçadan tutmuş ali məktəbəcən bütün fənlərdən yuxarı duran bir
fənn var: Qorxu fənni! Biz uşaqlarımıza qorxu öyrədirik. Mən
fransız, yapon uşaqlarını görmüşəm... Dağıdırlar ətrafı, sonra
sakitləşirlər. Onlara təpinən yoxdur. Bizim uşaqlar gözüqıpıqdır.
Məncə, bütün məğlubiyyətlərimizin kökündə bu qorxu amili dayanır.
Şəxsiyyət azadlığı vacibdir. Yaltaqlıq və qorxaqlıq bizim milli
əxlaqımızı pozan bir şeydir. Təəssüf ki, bu, ədəbiyyata da yol
tapıb. Azərbaycan yazıçılarının ən böyük bəlası onların
qorxaqlığıdır. Yazıçı ömrünü öz içindəki senzurayla mübarizəyə həsr
etməməlidir.
- Azad Yazarlar Ocağında qorxmayan yazarlar var, amma 15
ildi o təşkilatı qeydiyyata almırlar. Qorxmayanda da belə
olur...
- Mənim eş başqanı olduğum Dünya Azərbaycanlıları Konqresi də
Azərbaycanda qeydiyyatdan keçməyib. Məncə, bu o qədər də vacib
deyil.
- Ölüm fitvanızın axırı necə oldu? Eşitdim bir az
qorxmusunuz... Səhərlər idmana getmirsiz...
- Hökmü səsləndirənlər həbs olunandan iki-üç gün sonra qardaşım
və dayımla Nardarana getdik. Məscidə girdim, ağsaqqallarla söhbət
elədim. Orda çox dəyərli insanlar var və biri-birimizi çox rahat
başa düşdük. Gördülər ki, mən özünü əsl azərbaycanlı sayan
insanlarla heç vaxt düşmən ola bilmərəm. Kəndə də ona görə getdim
ki, görsünlər, camaatla heç bir problemim yoxdur. Tutulanlarla
bağlı nə şikayət vermişdim, nə də buraxılmaları üçün xahiş etdim.
Dedim, qoy, qanunda necədirsə, o cür də tədbir görülsün.
- Rafiq Tağını öldürdülər amma... Ona da fitva
verilmişdi... Bu xəbəri eşidəndə nə hiss keçirdiniz?
- Hərənin öz taleyi var. Rafiq
Tağıya görə çox üzüldüm.
- Qatili də tapılmadı...
- Tapılmadı, təəssüf...
- İnciməyin, bu işin mənəvi məsuliyyəti bir az da sizin
üstünüzə düşür. Şair, publisist, millət vəkili, partiya sədri,
bunlardan ötə bir ziyalı, bir vətəndaş kimi...
- Son 25 ildə Azərbaycanda baş verən bütün hadisələrə görə
mənəvi məsuliyyət daşıdığımı bilirəm. Dəfələrlə xalqın qınağını da
eşitmişəm. Amma inanın, əlimdən gəldiyi qədər çalışmışam
həmişə.