Yuxarı

Milli Məclisdə iclas keçirildi: Korona ilə bağlı təklif...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-da VI çağırış Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Axar.az xəbər verir ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verdi. Qeyd edildi ki, iclasda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və onun yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələlər, habelə Səhiyyə komitəsinin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi müzakirə olunacaq.

İclasda iştirak edən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, əsas məsələlərdən biri bu epidemiya barədə yayılan yanlış informasiya ilə mübarizədir.

“Regionlarımızın əksəriyyətində müasir tibb mərkəzləri və infrastruktur var. İlk olaraq Çində epidemiya ilə bağlı təhlükənin yaranmasını nəzərə alaraq orada təhsil alan tələbələrimizin təxliyə olunması barədə qərar qəbul edildi. Xüsusi qərargah yaradıldı, tədbirlər planı hazırlandı. Bu istiqamətdə TƏBİB-in üzərinə düşən funksiyalar var. Çindən təxliyə edilmiş vətəndaşlarımızla əlaqədar Xüsusi Karantin Tibb Müəssisəsi ayrıldı. Koronavirus infeksiyasının 14 gün inkubasiya dövrünün olması, sürətlə yayılması bir qədər həyəcan doğururdu. Biz tədbirlərimizi müvafiq qaydalara uyğun apardıq. Azərbaycan diaqnostik kitləri əldə edən ilk dövlətlərdən biridir. Bundan başqa, biz müasir tələblərə uyğun tam avtomatlaşdırılmış laboratoriyaların qurulması ilə məşğul olduq. Bu laboratoriyalarda biz gün ərzində 5 mindən çox insanı qəbul etmək imkanına malikik. Sonra İran İslam Respublikası tərəfdən təhlükə barədə məlumatlar aldıq. Biz gömrük-keçid məntəqələrimizdə bütün tibb müəssisələrimizi və onların infeksion bölmələrini 24 saatlıq iş rejiminə keçirmişik. TƏBİB-in mütəxəssisləri yerlərdə treninqlərə başladılar. Xüsusi qoruyucu geyimlərin təchizatı ilə məşğul olduq. İrandan gələn vətəndaşlar onlar üçün ayrılmış tibb müəssisələrində karantinə alındı. Xəstələr daxil olan gün müayinə materialı götürülür, xəstəlik aşkar olunan şəxs xüsusi tibb mərkəzində izolyasiya edilir və müalicəyə alınır, digərlərin isə müşahidəsi davam etdirilir. Əgər 7-ci gün testin nəticəsi neqativ olarsa, o zaman evə buraxılırlar. Karantində saxlanılma müddəti 14-21 gün davam etdirilə bilər.

Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq quru sərhədlərimizdə keçid məhdudlaşdırıldı və biz quru sərhədlərimizdə işləri daha stabil vəziyyətə gətirə bildik. Vətəndaşlarımız konsulluğa müraciət edir və xüsusi yaradılmış dəhliz vasitəsilə sərhəd xidməti və gömrük orqanları bizə təhvil verirlər. Bu günədək biz sərhədlərimizi keçərək karantinə alınmış şəxslər arasında 25 nəfərdə pozitiv nəticə aşkar etdik. Yeddi nəfər tam sağalıb, bir nəfər isə vəfat edib. Həmin şəxsdə digər xəstəliklər də mövcud idi.

Artıq ölkəmizə Avropadan gələnlər var. Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir. Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa karantinə göndərilir. Simptomları yoxdursa onlara bukletlər təqdim olunur və evə göndərilirlər.

TƏBİB tabeliyində olan 3 mindən çox tibb müəssisəsi tam səfərbər olmuş vəziyyətdədir. Sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilib. Biz iki istiqamətdə iş görürük. Bütün poliklinikalarda “qaynar xətlər” ayrılıb. Dövlət Sərhəd Xidməti sərhədi keçmiş şəxslərin siyahısını elektron formada bizə göndərir. Lazımi tədbirlər görülür. Biz bu insanların vəziyyəti barədə daim məlumat alırıq. Bütün bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Statistik göstəricilərdə artım yoxdur. Bu, onu göstərir ki, bu gün vəziyyət tam nəzarət altındadır”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırdı.

Qeyd edildi ki, Operativ Qərargah bəzi məhdudiyyətlər barədə qərar qəbul edib. Bununla əlaqədar bizim də öhdəmizə düşən işlər var. TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə sıx koordinasiya şəklində, onlayn rejimdə işləməlidir.

İclasda iştirak edən psixoloq Elnur Rüstəmov COVID-19 epidemiyası ilə bağlı insanlara müvafiq psixoloji yardımın göstərilməsinə dair təkliflərini bildirdi.

Mütəxəssislər deputatların suallarını ətraflı cavablandırdılar.

Sonra “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələlərə baxıldı.

Bildirildi ki, Cinayət Məcəlləsinə “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” adlı 139-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada təqdim olunur. Maddədə bildirilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 388-1-ci maddəsinə də müvafiq düzəlişlər edilib.

Tədbirdə iştirak edən Milli Məclisin komitə sədləri Əli Hüseynli, Qənirə Paşayeva, Səməd Seyidov, Tahir Mirkişili, deputatlardan Qüdrət Həsənquliyev, Erkin Qədirli, Tahir Kərimli, Nizami Səfərov, Kamal Cəfərov, Bəhruz Məhərrəmov qanun layihələri barədə fikirlərini söylədilər, təkliflərini verdilər.

Müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Səhiyyə komitəsinin 2020-ci il yaz sessiyasının işlər planına da baxıldı. Bu müddət ərzində görülməsi nəzərdə tutulan tədbirlər məqbul hesab edilib.

Tarix
2020.03.16 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla