Ana səhifə Gündəm |
Milli Məclisin Mədəniyyət komitəsinin bütün üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq maaşlarının əhəmiyyətli hissəsini köçürmək barədə qərar veriblər.
Bu barədə Axar.az-a açıqlamasında MM-in Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva deyib. Q.Paşayeva bildirib ki, həmkarlarına bu məsələdə göstərdikləri yekdil mövqeyə görə təşəkkür edir:
“Mədəniyyət komitəsinin üzvləri bu gün telemüzakirə ilə bu qərara gəldilər ki, cənab Prezidentimizin başlatdığı bu kampaniyaya birgə dəstək versinlər. Buna görə həmkarlarıma dərin təşəkkürümü bildirirəm”.
Q.Paşayeva qeyd edib ki, nümunəni və yolu Prezident İlham Əliyev göstərir:
“Prezident koronavirusun iqtisadi zərərlərinin aradan qaldırılması, xırda və orta sahibkarlığın dəstəklənməsin, əhalinin maddi imkanları aşağı olan kəsiminin çətinlik çəkməməsi, eyni zamanda ölkədə iqtisadi sabitliyin qorunması üçün Nazirlər Kabineti qarşısında ciddi tələblər qoyub, eyni zamanda 4 İşçi Qrupun yaradılması haqda sərəncam imzalayıb və bu istiqamətdə 1 milyard manat ayrılmasına qərar verib. Gərək insanlarımız unutmasınlar ki, neft ölkəsi olmağımıza baxmayaraq, neftin kəskin ucuzlaşması qarşısında ölkənin iqtisadi vəziyyəti sabitdir və bu, sıradan hadisə deyil. Qonşularımız, neft ölkələri olan Rusiya və İranla müqayisə etməklə dövlətimizin bu sahədə necə strateji, sosialyönlü və son dərəcə düşünülmüş addımlar atdığını, xalqı və vətəndaşları qorumaq üçün cənab Prezidentimizin hansı fədakarlıqlar etdiyini müəyyənləşdirə bilərsiniz.
Koronavirusla Mübarizəyə Dəstək Fondu da bu qəbildən ölkə başçımızın olduqca mühüm addımıdır. Prezidentimiz özü bir daha nümunə göstərərək, bir illik maaşını Fonda ianə şəklində bağışladı. Bütün bunlar Prezidentimizin koronavirus pandemiyasına çevik reaksiyasıdır və təsadüfü deyil ki, Azərbaycanda bu virusla mübarizə yüksək səviyyədədir və inkişaf etmiş bir çox ölkələrlə müqayisədə ölkəmizdə vəziyyət daha ürəkaçıcıdır”.
Q.Paşayeva qeyd edib ki, cənab Prezidentin atdığı bu addımları nümunə götürərək, dünyadakı bütün azərbaycanlılar Fonda, başqa sözlə, Azərbaycanın koronavirusla mübarizəsinə dəstək olmalıdırlar:
“Tamamilə ayrı situasiya, fərqli bir mənzərə yaranıb. Yalnız milli həmrəylik, milli birliyi, qarşılıqlı anlayış göstərən və dövlətlərinin atdığı addımlara sidq ürəklə qoşulan xalqlar bu mübarizədə qalib olacaqlar. Prezidentimiz də milli birlik, həmrəylik nümunəsi göstərir və bütün azərbaycanlılar gərək bu mübarizədə Prezidentin çağırışına səs verib, həmrəy olsun. Koronavirusla Mübarizəyə Dəstək Fondu sanki bir həmrəylik meydanımız, milli birlik simvolumuza çevrilir. Vətəndaşlarımız Operativ Qərargahın təlimatlarına dəstək verməli, ona sözsüz əməl etməli, öz səhhətlərinə qarşı qətiyyən biganə olmamalı, imkanlı şəxslərimiz, xaricdə yaşayan iş adamlarımız isə bu Fonda pul köçürməklə kampaniyaya qoşulmalıdır. Bu milli birliyimiz, həmrəyliyimiz və cənab Prezidentimizin çevik, uzaqgörən qərarları sayəsində, inşallah, bu bəlanı dəf edəcəyik”.
Qeyd edək ki, Prezidentin bu çağırışına ilk qoşulanlardan biri də Qənirə Paşayevadır. Q.Paşayeva Fond yaranan kimi bir aylıq əmək haqqını Fonda köçürəcəyini açıqlamışdı.
Tarix
2020.03.21 / 22:12
|
Müəllif
Axar.az
|