Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili,
4 il 8 ay həbsdə qaldıqdan sonra bu yaxınlarda azadlığa buraxılan
tanınmış jurnalist-yazar Mustafa Balbay müsahibə
verib.
- Azərbaycanı çox sevdiyinizi, ölkəmizə dəfələrlə
gəldiyinizi bildiyimə görə, söhbətə başlamaq təşəbbüsünü sizə
verirəm...
- Onda bundan başlayım ki, mənim uşaqlığımdan bəri ən çox
sevdiyim və əzbərlədiyim mahnılar Azərbaycan mahnılarıdır. Bir
ölkəni, onun insanlarını xəyalən çox sevə bilərsiniz, ancaq oraya
gedib görəndən sonra xəyallarınıza uyğun gəlməyə bilər və kefiniz
pozular. Mən Azərbaycana ilk dəfə gedəndə xəyalımda canlandırdığım
ölkəyə getdiyimə görə həddindən artıq sevinmişdim. Daha sonra bir
neçə dəfə getdim, birində isə sadəcə, gəzmək üçün getmişdim. Özümü
Bakının küçələrinə ataraq şəhərin gözəlliyində itib-batmışdım.
Türkmənbaşından gəmi ilə Xəzəri boydan-boya keçərək Bakıya
getmişdim. Çox gözəl insanlarla tanış olmuş, Azərbaycanı lap çox
sevmişdim. Ona görə siz məndən görüş istəyəndə sanki Azərbaycan
məndən görüş istəmiş kimi oldu, bunu vurğulamaq istəyirəm.
Çox çətin bir proses yaşadım. Həbsxanada hər şeyi çox
ölçüb-biçdim, tənhalıqda öz-özümlə çox danışdım. Həmişə bunu
düşündüm: sənin bir şəxs olaraq, ailə başçısı olaraq, ziyalı,
jurnalist-yazar və siyasətçi kimi cəmiyyətə qarşı məsuliyyətin var
dedim. Daim o məsuliyyətimi hiss edərək və 9 kitab yazaraq həbsxana
həyatımı keçirdim. İnsan azadlıqda belə 4,5 ildə bəlkə ancaq 9
kitab yaza bilər. Hər gecə başımı yastığa qoyanda "bu günüm boş
keçmədi ki?" - deyə özümdən soruşdum və günlərimin boşa
keçmədiyinin cavabını aldım. Təəssüf ki, Türkiyəmizin bir taleyi
var: aydınlarımızı həbsxanalardan keçirirlər. Bizdə həbsxanalar
sanki universitetdən sonrakı magistratura kimidir. Keçmişdə
ölkəmizin tarixində Nazim Hikmətlər, Nəcib Fazillər, Səbahəddin
Əlilər oradan keçiblər. Ona görə də artıq aydınların həbsə
düşməyəcəyi bir Türkiyə xəyal etməliyik. Mən övladlarımızın fikir
və düşüncələrinə görə həbsə girməyəcəyi bir Türkiyə yaratmaq üçün
mübarizə aparacağam. Həbsdə yazdığım kitablarımı imzalamağımı
istəyirlər; elə isə əvvəlcə o kitabların adlarına baxın:
"Zülmxanə", "Zülmnamə", "Zülmdar"... Sevgili Mayis, mən artıq bu
cür kitabların yazılmadığı bir Türkiyə görmək istəyirəm. Bundan
sonra da əlim qələm tutacaq, yazmağa davam edəcəyəm. Amma bundan
sonra mən, hər şeydən əvvəl, siyasətçiyəm. Ümid və həyəcan dolu bir
həyata atıldığımı hiss edirəm. Bu gün həbsdən çıxmağımın birinci
həftəsi tamam oldu, ilk həftənin panoramı budur.
- 2008-in iyulunda Beşiktaşdakı ağır cəza məhkəməsi sizi
birinci dəfə sərbəst buraxanda mən də oradaydım. Çıxan kimi sarı
mətbuat vəsiqənizi çıxarıb jurnalistikadan başqa heç bir işlə
məşğul olmadığınızı dediniz. Bu proseslər Türkiyənin İlhan Səlcuq,
Türkan Saylan və başqa önəmli aydınlarını alıb apardı. Sizcə,
bundan sonra Türkiyə bir aydınlanma mərhələsinə girə
biləcəkmi?
- Türkiyə çox sıxıntılı bir dönəmdən keçir. Aydınlanma prosesini
yaşayacaq. Mən bundan sonra özümü buna həsr edəcəyəm. Bununla bağlı
Türkiyədə və dünyada yazılan bir çox əsər oxudum. Məncə, cəmiyyətin
bütün təbəqələrinə əlimizi uzadıb aydınlanma prosesini hər evə, hər
ailəyə yaymağa çalışmalıyıq. "Qələbə çaldıq, bizi həbsə atanlar
qəhr olsun!" - demək mənə dəstək verən insanları hərəkətləndirər,
coşqulandırar, ancaq oradan o tərəfə keçirə bilməz. Bütün Türkiyəyə
demək istəyirəm ki, ey Türkiyə, mən bir acı yaşadım, bunu bir daha
heç kim yaşamasın. Çözüm aydınlanmadır, sözüm isə hər kəsə. İndi
Türkiyədə "Quran" kursları, dini təmayüllü məktəblər, hicab
mübahisə predmetləridir. Mən hicabı olanlar və olmayanlar
dilemmasına heç qarışmaq istəmirəm. Biz bu cəmiyyəti aydınlada
bilsək, ondan sonra buna oxşar mübahisələr ikinci plana keçəcək.
Russo deyir ki, cəmiyyəti aydınlatmaq idarə etməkdən çətindir. Ona
görə də mən bütün gücümü sərf edib Türkiyəni aydınlatmağa
çalışacağam. Həbsdə ikən yazdığım "Yargıtatör" pyesim Türkiyənin
bir çox yerində nümayiş etdirilir. Gələn il yeni bir pyes
yazacağam. Millət vəkili seçildikdən 1 həftə sonra həbsxanaya məni
görməyə gələn millət vəkilləri deyirdilər ki, Məclisə gələndən 1
həftə sonra kefin pozulacaq, çünki orada iş görməyin çox çətin
olduğunu görəcəksən. Mən millət vəkilliyini Məclisdə yox, Türkiyədə
yapacağam. Məclis işimin bir ayağı olacaq. Məclisdə millət
vəkillərinə etdiyim xitabı gedib Balıkəsirdən, Ədirnədən, İzmirdən
Türkiyəyə edəcəyəm. Sevgili Mayis, fevralın üçüncü həftəsi də daxil
olmaqla Türkiyənin müxtəlif yerlərindəki çıxış proqramlarım
hazırdır, həftədə 3 yerdə çıxış edəcəyəm.
- Türkiyə sizdən ötrü bu qədər
darıxıbmış...
- Buna çox sevindim. Həbsdən çıxandan sonra İzmirə getdim. Ruh
halımı ifadə edim: səhər saat 10-da günə başladım. 6 yerdə çıxış
etdim. Yüzlərlə insanın əlini sıxdım. Avtobusdan sağ əlimi
insanlara uzadanda onlar sol əlimi də sıxırdılar və əlimə
dırnaqlarını keçirənlər oldu. İzmir məni caynağına keçirdi
(gülüşmələr), artıq buraxmaz. Gecə 11.30-da oteldəki otağıma
gələndə səhər saat 10-dakından daha canlı idim. Bu duyğuyla hərəkət
edəcəyəm. Bir söz var: deyərlər ki, bir şey dəyişər, hər şey
dəyişər. Mən ortadakı 1 rəqəmini ən başa keçirib onun yanına daha
çox 0 əlavə etmək üçün çarpışacağam.
- Son illərdə Türkiyədə teatr və komediya sənətinin,
parodiyaçıların, karikaturaçıların təzyiq altına alındığını ,
hökumət başçısının sənətkarları tez-tez məhkəməyə verdiyini
görürük. Mədəniyyət Nazirliyi hökuməti tənqid edən özəl teatrlara
maddi yardım etmir. Bununla bağlı hansı işləri görməyi
düşünürsünüz?
- Çin atalar sözü var: 1 il sonrasını düşünürsənsə, toxum ək, 10
il sonrasını düşünürsənsə, ağac ək, 100 il sonrasını düşünürsənsə,
cəmiyyətə təhsil ver. Mən də deyirəm ki, 1000 il sonrasını
düşünürsənsə, sənətçi yetişdir. Buna inanaraq hərəkət edəcəyəm,
sənətçilərin olduğu hər yerdə olacağam. Bir çox sənətçi dostum -
Rutkay Əziz, Gənco Ərkal, Fazil Say həbsxanada mənə məktublar
yazdılar, mənim üçün tədbirlər keçirdilər. Mən də bundan sonra
deyəcəyəm ki, məsələn, bu gün Rutkay Əziz hardadırsa, orda bir yerə
toplaşaq. Cəmiyyətdəki həssaslıqları oralara yönləndirməyə
çalışacağam, bu yöndə xəyallarım var.
- Azərbaycan 28 may 1918-ci ildə Şərqin ilk
cümhuriyyətini elan etmə mərhələsinə 70 illik aydınlanma və
maariflənmə mərhələsindən keçib gəlmişdi. Ona görə də qlobal
mənadakı radikal din təhdidləri Azərbaycanın dünyəvi strukturuna
sarsıdıcı təsir göstərə bilmir. Türkiyə isə cümhuriyyəti elan
edəndən bəri radikal din təhdidindən qurtula bilmir. Mədəni
əlaqələr çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq barədə nələri
həyata keçirməyi düşünürsünüz? Məsələn, Bakıda tamaşaya qoyulmuş
"Ölülər" tragikomediyasının Türkiyənin bir televiziya kanalında
göstərilməsi üçün təşəbbüs göstərmək istəyərsinizmi?
- Əlbəttə ki, istəyərəm. Bakıda Rəssamlar küçəsi görmüşdüm.
Birincisi, bunu vurğulamaq istəyirəm ki, rəsm sənətini ayaqda tutan
bir xalq heç vaxt çökməz. Bəlkə dünyadan köçüb, Abdullayev soyadlı
bir rəssamın sözünü unutmuram: hər işdə qara baxtım, qarpız kəsdim
ağ çıxdı. Bakıdakı o məhəlləni görəndən sonra Azərbaycan ulusunun
heç vaxt çökməyəcəyini düşünmüşdüm. Təməlləri bu cür güclü olduğuna
görə, Azərbaycan özünü XXİ əsrə daşıdı və 1991-dən sonra o biri
türk cümhuriyyətləri arasında dünya ilə ən rahat şəkildə ahəng qura
bilən ölkə oldu. Mən bunu düşünürəm: Türkiyə Azərbaycanla nə qədər
çox birlikdə olsa, Qərbdə özünü daha güclü hiss edəcək. Türkiyə
Qərblə münasibətlərini inkişaf etdirərsə, bu, Azərbaycanın da
faydasına olacaq. Mən Türkiyəni nə bütövlükdə Qərbdə, nə də
tamamilə Şərqdə olan bir ölkə kimi yox, hər iki qanadın mərkəzində
otura bilən güclü bir ölkə kimi xəyal edirəm. Buna görə 10 günümü
"Strateji dərinlik" kitabına ayırdım (professor Əhməd Davudoğlunun
eyni adlı kitabını nəzərdə tutur); çox dərindir, batdınmı, çıxa
bilmirsən (gülüşmələr). Kitabın əksər bölümü Orta Şərqə aiddir,
Azərbaycan və Orta Asiya yox dərəcəsindədir. Hörmətli Davudoğlunun
ağlına bir "köhnə Osmanlı" xəyalı düşüb. Halbuki bu durum o
ölkələrin də qəbul etdiyi bir şey deyil. Sevgili Mayis, hörmətli
Davudoğlunun bu cəhdlərinin o ölkələrdə bir qarşılığı olsa, canım
yanmaz, deyərik ki, adam həvəslənib, o ölkələr də bunun dediklərini
qəbul edirlər. Ancaq dünyanın qəbul etdiyi bir gerçək var: ən qısa
məsafə dildir. Həyatın təbii axarı budur və bunu ən rahat həyata
keçirə biləcəyimiz ölkə Azərbaycandır. Bakıda bir çayçıya gedəndə
Ankaranın problemlərini Bakının bir rayonunun problemi kimi
soruşurlar. "Bir millət, iki dövlət" - deyilən gerçəkliyi mən
Bakının küçələrində gördüm. Oralarda dolaşıb 2 "Məmməd", 3
"Məmməd"ə şeylər aldım. "Məmməd" hələ də dururmu? (gülüşmələr)
- Yox, tədavüldən çıxarılıb...
- Onda "əski Məmməd" deyirəm. Açıq demək lazımdırsa, biz Türkiyə
olaraq son 20 ili itirdik. Türkiyənin Qərbindəki Balkan və Şərqi
Avropa ölkələri Türkiyəyə salam verə-verə Avropa Birliyinə
girdilər. Türkiyənin Şərqindəki ölkələr Türkiyəyə salam verə-verə
Şanxay Təşkilatına üzv oldular. Türkiyə isə bir-birinə girdi...
- İstərsəniz, son günlərdəki örnəklərə baxaraq bu
"bir-birinə girmək" məsələsinə nəzər salaq.
- AKP iqtidarıyla Türkiyə çox şey itirdi. Mən heç bir hökumətin
bu ölkəyə pislik etmək üçün gəldiyinə inanmıram. Ancaq bəzən
hökumətlərin gözünü seçki ehtirası bürüyər və "önümüzdəki seçki"
deməkdən gələcək nəsilləri görməzlər, öz siyasi hədəflərini hər
şeyin önünə keçirərək ölkənin canını alarlar. AKP bu ölkənin canına
rəhm etməyib. Bunu deyərkən içimdə kin və intiqam duyğusu yoxdur.
Biz kosmosdan seçici gətirə bilməyəcəyik, ona görə də bu cəmiyyətə
özümüzü anlatmalıyıq. İzmirdən qayıdanda yolüstü Afyonda çay içdim.
Heç tanımadığım və fərqli siyasi partiyalara mənsub olan insanlar
gəlib məni qucaqladılar. Türkiyənin daxilindəki bu gərginlikdən
xilas olmaq üçün bir müştərək birləşmə nöqtəsi yaratmalıyıq. Mən bu
müştərək nöqtəni yaratmağa namizədəm, sevgili Mayis. Mənim xəyalım
Azərbaycanı necə dolaşmısamsa, dünyanı o cür dolaşmaqdır. Köhnə
Lenin muzeyinin qabağından keçib (Azərbaycan ləhcəsiylə deyir)
bulvara çıxmaq. Bakını unutmamışam ki?.. (Gülüşmələr). Ancaq eyni
zamanda siyasət hovuzuna girmişəmsə, orada da yaxşı üzməliyəm.
Mənim tərəfdarlarımı qızışdıraraq özümü bir az da gücləndirmək
fikrim yoxdur. Mən tərəfdarlarımın əlindən tutaraq dairəni mümkün
qədər genişləndirmək istəyirəm. Mübaliğə etmirəm, sevgili Mayis, bu
hökumətin məntiqi kürdü kürdə qırdırar. Tuncelidə yaşayanlar
Diyarbakırda yaşayana düşmən olar. Bu, məntiq deyil. Hal-hazırda
Türkiyə içəridə və bayırda silsilə problemlər yaşayır. Bir vaxtlar
Hatay bizim ən sülhsevər şəhərimiz idi, Suriya probleminə görə indi
Hatay ən xaotik bölgələrimizdən biri oldu. Bilirəm ki, son
əməliyyatları da soruşacaqsan.
- Soruşuram...
- Türkiyədə iqtidar bir koalisiyadır. İcma (nurçular), AKP-nin
öz kadrları, keçmiş mərkəz sağ və mərkəz soldan gələnlər AKP-nin
içində bir koalisiya yaratmışdılar. Koalisiya çatladı. Bu çatlaq
qopmağa doğru gedəcəkmi? İndi daşlar tökülür. İdris Bal bir daşdır,
Hakan Şükür bir daşdır. Hakan Şükür ağır bir açıqlama ilə, həm da
oyun qaydasını pozaraq AKP-dən istefa verdi. Hakan Şükür tribunaya
gedir, baş nazir deyir ki, tribunada da otura bilməzsən, Hakan
Şükür isə deyir ki, tribunada oturmağıma da sən qarışa bilməzsən.
Baş nazirin qeyri-məhdud əsəbiliyini bir daha görməkdəyik. Sadəcə
iqtidarı qorumaq üçün qurulmuş bu cür siyasi hərəkatlar çözülməyə,
çökməyə, yox olmağa məhkumdur. Bunun yaxın tarixdəki örnəyi Ana
Vətən Partiyasıdır. Bu günlərdə iqtidarın zəiflədiyini burdan
anladım: jurnalistlər baş nazirə daha cəsur suallar verməyə
başladılar.
- 12 dekabrda məhkəmənin qabağında Soner Yalçın deyirdi
ki, həbsxanada Mustafa Balbay saz çalıb oxuyurdu, biz də zövqlə
dinləyirdik.
- Repertuarımda xeyli Azərbaycan türküsü var. Həbsxanada məni ən
çox kövrəldən mahnı isə "Ayrılıq" idi.
- Parlamentin hansı komissiyasında fəaliyyət
göstərəcəksiniz? Bilirsiniz ki, 21 ildən bəri Azərbaycan
torpaqlarının 20%-i işğal altındadır. Bu problemin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməsi üçün
hansısa planlarınız varmı? Həbsə düşməzdən əvvəl bu problemi
yaxından izlədiyinizi bilirik.
- Azərbaycan torpaqlarının beşdə biri erməni işğalı altındadır.
Qarabağ gerçəkdən gəzib görməli yerdir. Azərbaycanın ayrılmaz bir
parçası olduğunu bütün dünya bilir, ancaq bəzən bildiklərini
demirlər. Hal-hazırda Məclisdə hansı komissiyada olacağımı
bilmirəm. CHP sədri, hörmətli Kamal Kılıçdaroğluyla görüşüb xarici
əlaqələr komissiyasında da fəaliyyət göstərə biləcəyimi demişəm.
Qarabağ torpaqlarının anasının ağ südü kimi Azərbaycana aid
olduğunu yaxşı bilirəm. Bu problemlə bağlı hamımızın öz üzərinə
düşəcəyi işi görməsi lazımdır, harada görülməsi lazım olan bir iş
varsa, orda hamıdan əvvəl məni görəcəksiniz. Ürəkdən deyirəm: mənim
üçün İzmir nədirsə, Bakı da odur. Əgər qəbul edərlərsə, Türkiyədə
Bakının da millət vəkili olmaq istəyirəm. (APA)