"İran üzərindən
sanksiyaların tam şəkildə götürülməsi 2016-ci ilin sonundan tez baş
verə bilməz".
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin
Kalaçev söyləyib.
Onun sözlərinə görə, İran qazı hazırda Avropaya hər kəsdən çox
gərəklidir:
"Qərbə İrana münasibətlər mövzusunda proqres iqtisadi və siyasi
səbəblər ucbatından lazımdır. Siyasi nöqteyi-nəzərdən danışıqlardan
inkişaf nüvə silahlarının yayılmaması haqqında müqaviləyə baxılması
üçün keçiriləcək növbəti konfransdan öncə lazımlı ola bilər. Bu
konfransın aprel ayında keçirilməsi nəzərdə tutulur. Diplomatlar
arasında belə bir fikir var ki, İran nüvə problemi, ümumiyyətlə,
həmin müqavilənin varlığı üçün çağırışdır. Belə ki, İran onun
müddəalarından yan keçmək imkanı tapa bilib. Demək ki, başqaları da
bunu bacara bilər. Bundan əlavə, pis sülh belə həmişə müharibədən
yaxşıdır. İqtisadiyyat nöqteyi-nəzərindən Avropa Birliyinə İran
qazı Rusiyadan qaz məsələsində asılılığı azaltmaq üçün lazımdır.
Neftlə bağlı situasiya tam şəkildə birmənalı deyil. Neftin
qiymətinin aşağı olması Amerikanın neft sənayesini də sarsıdır.
Digər bir tərəfdən neftin qiymətlərinin aşağı olması imkanları
həmçinin Rusiyaya qarşı iddiaları da azalda bilər".
Politoloqun fikrincə, İrana qarşı sanksiyalar tezliklə ləğv
edilməyəcək. O, ABŞ-la İranın bu məsələdən qarşılıqlı mənfəət əldə
etdiklərini bildirib:
"Qərb sanksiyaları İranın razılaşmaya nə dərəcədə riayət
edəcəyindən asılı olaraq ləğv edəcək. Ona görə də, tərəflərin
manevr üçün imkanları var. İran üzərindən sanksiyaların tam şəkildə
götürülməsi 2016-ci ilin sonundan tez baş verə bilməz. Artıq ABŞ və
İranın razılaşmanın bir sıra detallarını eyni dərəcədə anlamaması
ilə bağlı məqamlar peyda olub. Amma ümumi vektor aydındır. Yəni hər
iki tərəfin götürdüyü mənfəət qarşılıqlıdır".
Kalaçev İrana qarşı sanksiyaların ləğv edilməsindən ən çox
uduzanın Rusiya olacağını söyləyib:
"Açıq və dünyəvi İran hələlik arzu olaraq qalır. Mən 1978-ci
ildə ABŞ-ın dünyəvi İranı dini fundamentalizm yolunu tutan ölkə ilə
əvəz etməsinə inanmıram. Yaxın Şərq savaşına gəlincə, burada hər
kəsin öz başı və öz marağı var. Hər şeyi ABŞ-ın üstünə atmağı
dayandırmaq lazımdır. Burada obyektiv qarşıdurmalar var, amma
müharibə də qaçılmaz deyil. Regionda yad müharibələrin olması
enerjidaşıyıcıların qiymətinin artmasını istəyənlərə lazımdır. Bu
sıraya silah ticarəti ilə məşğul olanlar da aiddir. Amerikalı
ekspertlərin sözlərinə görə, İran üzərindən sanksiyaların
götürülməsi neftin qiymətinin 10% düşməsinə gətirib çıxara bilər.
Hətta bəziləri bunun iki, üç dəfəyə qədər ucuzlaşacağını
bildirirlər. Mən ucuzlaşmanın bu dərəcədə olacağına inanmıram. Amma
qiymətlərin 40 dollar olacağına inanıram. Rusiya üçün bu, kritik
rəqəmdir, amma ölümcül deyil. İranın neft bazarına qayıtması
Rusiyanın iqtisadi maraqlarına ağır zərbə vura bilər. Bu, xüsusilə
İranın yeni bazarlar əldə etmək üçün endirimlər və sairə təklif
edəcəyi halda daha da pisləşəcək. Neftin qiymətinin 50 dollardan
aşağı olması bizim ölkə üçün ciddi problem olacaq. Rusiyanın
diversifikasiya imkanları məhdudlaşacaq. Rusiyanın parçalanması
olmayacaq. Onun geosiyasi ambisiyaları çoxlarını qorxudur. İran
üzərindən sanksiyaların götürülməsi hamıdan çox Rusiyaya ziyan
vuracaq. Bu, Azərbaycana da problemlər yaşada bilər".