Yeni Azərbaycan Partiyası "Azadlıq" və "Yeni Müsavat"
qəzetlərindən Mərkəzi Seçki Komissiyasına şikayət edib. Bu haqda
"Axar.az"a YAP mətbuat xidmətindən məlumat verilib.
Şikayətdə qeyd edilir ki, Seçki Məcəlləsinin 75.1 maddəsinə
əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı
təşviqat aparmaq qadağandır: "Buna baxmayaraq, "Azadlıq" və "Yeni
Müsavat" qəzetlərinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi
kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura"
deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki
təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib. Adı çəkilən
hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil
Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilib, adı çəkilən
namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc
edilib".
Şəhərin mərkəzindəki plakatlar da
yığışdırmalıdır
"Azadlıq" qəzetinin şöbə müdiri Seymur Həzi əməkdaşımızla
söhbətində YAP-ın şikayətini məntiqsiz adlandırdı: "Qəzet gecə
hazırlanır, səhər saat 7-də satışda olur. Bu qanunu məhdudiyyət isə
seçki günündən 24 saat əvvəl, yəni 8 oktyabr, səhər saat 8-dən
başlayır. Qəzetin saat 8-dən sonra köşklərdə olması fəaliyyət
deyil. Ona qalsa, hökumət şəhərin mərkəzindəki plakatları da
yığışdırmalıdır, amma gördüyünüz kimi, təşviqat plakatları hələ də
qalır. Ona görə də bu absurd iddiadır".
Qəzet nüsxələri də evlərdən, əllərdən
yığışdırılmalıdır
"Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan isə hadisədən
xəbərsiz olduğunu bildirərək, YAP-ın şikayətinə münasibət
bildirməkdən imtina etdi. Buna baxmayaraq, "Musavat.com" saytında
"Yeni Müsavat" qəzetinin mövqeyi yayımlanıb.
"YAP-ın yanaşması qərəzlidir. Belə ki, "Yeni Müsavat" qəzetinin
təbliğat-təşviqat materialları çap olunmuş bugünkü sayı dünən gecə
saat 23.30 radələrində imzalanıb və nəşriyyata göndərilib, gecə
saat 3-4 radələrində çap olunub və 6-7 radələrində, yəni rəsmi
yasağın qüvvəyə minməsinə 1 saat qalmış paylanıb qurtarıb: "Bu
məntiqlə srağagün və ya daha əvvəlki günlərdə çap olunmuş və
içərisində müvafiq təbliğat materiallarını daşıyan qəzet nüsxələri
də evlərdən, əllərdən yığışdırılmalıdır".
YAP arqumentlərlə razılaşmır
YAP-çı millət vəkili Aydın Mirzəzadə hesab edir ki, hər iki
müxalifət qəzeti qanunsuz olaraq təşviqat kampaniyası həyata
keçirib və arqumentləri ilə razılaşmaq olmaz:
"Səhər hər iki qəzeti açıb oxuyanda açıq-aydın təşviqat
xarakterli materiallar gördüm. Bundan başqa, hər iki qəzetdə digər
namizədlərin əleyhinə materiallar dərc edilmişdi. Bu isə seçki
məcələısinin 75.1 maddəsinə zidd hesab olunur".
Aydın bəyin fikrincə, onların arqumenti əsassızdır, çünki
Azərbaycanda axşam qəzetləri fəaliyyət göstərmir və hər iki qəzet
gecə radələrində çapa getsə də, onların üzərində 8 oktyabr tarixi
yazılır. Yəni onlar əvvəlcədən bilirdilər ki, 8 oktyabr tarixində
təşviqat kampaniyası sona yetir və dərc edəcəkləri materiallar
qanunaziddir: "Yenə də qeyd edirəm ki, hüquqi baxımdan Yeni
Azərbaycan Partiyasının şikayəti tam əsaslıdır".
MSK "səssiz" qaldı
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sözcüsü Azər
Sarıyevlə əlaqə yaratsaq da, Azər bəy suallarımızı bu gün
keçiriləcək mətbuat konfransında MSK sədri Məzahir Pənahova
ünvanlamağımızı məsləhət gördü.