Amerikada nəşr olunan nüfuzlu "Jewish Journal" yəhudi
qəzetinin dünənki nömrəsində beynəlxalq münasibətlər sahəsində
israilli ekspert, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr"
QHT-nin rəhbəri Arye Qutun "Ermənistan Holokostda iştirak etmiş
faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir" sərlövhəli
məqaləsi dərc edilib.
Axar.az xəbər verir ki, müəllif məqalədə Ermənistanın İsraildən
"erməni soyqırımı"nın qarşılığında Holokostu tanıyacağını bəyan
etməsini məntiqsizlik adlandırıb.
Onun sözlərinə görə, yəhudilər sadəcə yəhudi olduqları üçün
öldürülüb:
"Alman faşistləri Avropada 6 milyon yəhudini ona görə məhv
etmişdi ki, onlar sadəcə yəhudi idilər. Ermənilər isə onlara
Osmanlı imperiyası ərazisində öz dövlətlərini qurmağı vəd edən çar
Rusiyasının qurbanı olublar. Ermənistanda antisemit
əhval-ruhiyyənin güclənməsi və indiyədək davam edən iqtisadi
tənəzzül yəhudiləri Ermənistandan getməyə məcbur edib. Ermənistanda
indiyədək yəhudilərə qarşı güc tətbiq edilir. Bu təzyiq antisemit
kitabların nəşrində, televiziyada antisemit proqramların
aparılmasında, habelə İrəvanda Holokost qurbanlarının xatirə
lövhəsinin dəfələrlə təhqir edilməsində özünü göstərir".
Arye Qut məqaləsində Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerin də
məlumatlarına istinad edir:
"Moisey Bekker bir neçə il əvvəl "Ermənistanda antisemitizm"
adlı hesabatında göstərmişdi ki, erməni tarixi dərsliklərində və
Ermənistanın kütləvi informasiya vasitələrində "Daşnaksütyun"
təşkilatının fəalı, məşhur erməni antisemiti, daha çox "Dro" ləqəbi
ilə məşhur olan Dramastamat Kanayanın həddindən artıq tərifləndiyi
faktını məhz Rimma Varjapetyan qeyd etmişdi. Xatırlamaq lazımdır
ki, İkinci Dünya Müharibəsində general Dro minlərlə yəhudinin məhv
edilməsində şəxsən iştirak edib. Varjapetyanın fikrincə, bu gün
azad Ermənistana məhz belə "pəhləvan", parlaq antisemit və faşist
lazımdır. Bu, ölkənin indiki hakimiyyətinə özünün ekspansionist
planlarına bəraət qazandırması və böyüməkdə olan nəslin digər
xalqlara qarşı nifrət ruhunda tərbiyə alması üçün lazımdır. Erməni
tarixi dərsliklərində faşist və yəhudilərin məhv edilməsinin
iştirakçısı olan şəxs qəhrəman kimi çatdırıldıqdan sonra bu,
Varjapetyan və ya "yəhudi" xanım tərəfindən nə antisemitizm, nə də
faşizmə bəraətdir".
Ekpert İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibində
vuruşmuş 20 minlik erməni legionunun qəddarlığını tarix heç zaman
yaddan çıxarmayacağını vurğulayıb:
"Millətçi sərkərdə Dro (o, minlərlə yəhudinin məhv edilməsində
şəxsən iştirak edib) başda olmaqla Ermənistan legionunun məqsədi
basqınlar törətmək, yəhudiləri qırmaq və alman ordusuna "yararsız"
digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, erməni legionu həbs
düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən
Mustafayevin "Ölüm tanqosu" kitabında erməni qruplaşmalarının
yəhudi soyqırımında iştirakına dair çoxlu faktlar göstərilib.
Bunlardan biri həmin "Dromedar" dəstəsinin Qərbi Krımdakı
əməliyyatıdır. "1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17645
yəhudi, 2504 karaim, 824 qaraçı və 212 partizan güllələnib.
Simferopol, Yevpatoriya, Kerç, Feodosiya, habelə Qərbi Krımın digər
rayonları yəhudilərdən təmizlənib", - deyə Rövşən Mustafayev yazıb.
Avstriya tarixçisi Erik Fayql öz kitabında Dronun 1942-ci ilin
dekabrında Himmlerin yanına getdiyinə dair belə bir qeyd var:
"Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi.
Bu isə Himmlerdə böyük təəssürat yaratmışdı".
Müəllif onu da qeyd edir ki, bu gün Rusiyanın bir çox
KİV-lərinin və Rusiya mədəni mühitinin bu faşistləri milli qəhrəman
kimi təqdim etmək vasitəsinə çevrilə bilməsi böyük narahatlıq
doğurur:
"Ermənistanın Rusiyadakı səfirinin 2014-cü il dekabrın 17-də
dərc edilmiş müsahibəsini xatırlamaq kifayətdir. Həmin müsahibədə
səfir tam mənası ilə bəyan edib: "Xalqın görkəmli oğlu Qareqin Njde
hesab edirdi ki: "Həyatın əsas qanunu şəxsiyyətin, cəmiyyətin və
dövlətin özünütəkmilləşdirməsi uğrunda mübarizə aparmaqdır. Bu
mübarizə ölkənin və xalqın durmadan tərəqqiyə doğru can atmasında
ifadə olunur". Düşünürəm ki, Ermənistan prezidenti Serj Sərkisyanın
və nazir Seyran Ohanyanın simasında erməni generalı Dronun
varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı
kütləvi qətliam törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə
"Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz
mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik"
fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir
ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dro
Njdenin əsil və layiqli davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik
və qəddarlıqla törədilmiş qanlı soyqırım aktı XX əsrin sonlarının
ən dəhşətli faciələrindən biri oldu. Bu kütləvi qətliamın qəddar və
amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq
qalacaq. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613
nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən
qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara,
təhqirlərə və alçaltmalara məruz qalıblar. Bu faciə bütün
bəşəriyyətə qarşı törədilən cinayətdir. Təəssüf ki, Ermənistan
hökuməti ölkədə artmaqda olan antisemitizmin qarşısını almaq uçun
praktiki olaraq heç nə etmir. Ermənistan hakimiyyətini özünün
millətçilik siyasətini həyata keçirdikcə, özünün iqtisadi və siyasi
problemlərində başqalarını ittiham etdikcə, Ermənistanda qalan bir
neçə yüz yəhudinin də vəziyyəti ağır olaraq qalacaq".
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür: