Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci il üçün
Tədbirlər Planına müvafiq olaraq, mayın 15-də Salyanda "Fövqəladə
halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması
sahəsində FHN-in Muğan Regional Mərkəzinin rayon icra hakimiyyəti,
özünüidarəetmə orqanları və yerli icra sturukturları ilə qarşılıqlı
fəaliyyətinin təşkili və mövcud problemlər" mövzusunda rayon
müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin
rəhbər işçiləri, Salyan rayon fövqəladə hallar komissiyasının
üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və
təşkilatların rəhbərləri, nazirliyin və FHN-in yerli qurumlarının
əməkdaşları iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni giriş sözü
ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov
gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb və tədbirin
əhəmiyyətindən danışıb. O, FHN-in yaranması, qurumları, fəaliyyət
istiqamətləri barədə təqdimatında nazirliyin respublikamızda
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması sahəsində gördüyü işlər, Mərkəzin əhatə etdiyi ərazidə
fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər
barədə məlumat verib.
Nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin
fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin
rəisi, polkovnik Məhbubə Mustafayeva FHN-in qurumlarının
regionlarda yerli icra və idarəetmə orqanları ilə birgə
fəaliyyətindən bəhs edib.
Tədbirdə Salyan rayonu ərazisində bugünədək aparılmış
monitorinqlərin nəticələri və mövcud problemlərdən danışılıb,
drenaj-kollektorlar, süni göllər və rayon ərazisində yağış
sularının ötürülməsi üçün nəzərdə tutulan hidrotexniki qurğuların
mövcud vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət slaydlar
nümayiş etdirilib. Həmçinin Salyan rayonu ərazisində yüksək
təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin
mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa
edilən müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə
toxunulub və müvafiq tövsiyələr verilib.