"Bakı Şəhər İcra
Hakimiyyətinə ümumilikdə bu məsələləri həll etmək üçün ilkin məbləğ
olaraq, 5 milyon manat ayrılıb".
Binəqədi rayonunda yanan binanın hansı şirkət tərəfindən təmir
olunacağı və bu işlərə nə zaman yekun vurulacağı ilə bağlı suallar
mətbuatın gündəmindən düşmür. Xüsusən də baş nazirin müavini Abir
Şərifovun bu haqda jurnalistlərə açıqlama verməkdən imtina etməsi
mətbuatı bir az da məsələnin üzərinə getməyə sövq edib.
"Yeni Müsavat" olaraq, bu məsələyə aydınlıq gətirmək və yanan
binanın sakinlərinin durumu ilə bağlı son məlumatları öyrənmək üçün
aparılan işlərə birbaşa nəzarəti həyata keçirən Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxladıq.
"Maksimum müddət 3-5 aydır"
H.Abutalıbov bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
sözügedən ərazi tam nəzarətdədir: "Tender vasitəsilə bir şirkət
seçilib, həmin şirkət tərəfindən bina yüksək səviyyədə təmir
olunacaq. Narahatçılığa heç bir əsas yoxdur. Mənzil Kommunal
Təsərrüfat Birliyi birbaşa sifarişçidir. Nazirlər Kabinetinin
qərarı ilə birbaşa müqavilə bağlanılması təklif olunub. Ona görə
də, "Aqrar tikinti" MMC hazırda həmin 16 mərtəbəli binanı təmir
edir. Bu şirkət tenderin qalibi olub. Nazirlər Kabinetinin qərarı
var. Bakı Şəhər İcra Hakimiyyətinə ümumilikdə bu məsələləri həll
etmək üçün ilkin məbləğ olaraq, 5 milyon manat ayrılıb.
Tikinti-təmir işlərinin aparılması üçün bu şirkətlə müqavilə
bağlanıb və hansı işi görəcəklərsə, o qədər də pul ödəniləcək.
Ancaq bu vəsait təkcə təmir-bərpa üçün deyil, sakinlər üçün vəfat
edənlər, yaralananlar və kirayə evlərə yerləşdirilməyə görə
kompensasiyaların ödənilməsi də buraya daxildir. Kompensasiyalar
ödəniləndən sonra qalan vəsait tikintiyə sərf olunacaq".
İcra başçısı bildirdi ki, 5 milyon manatdan əlavə 150 min manat
da binanın təmirinin layihəsi üçün ayrılıb və layihə artıq
hazırdır: "Biz çalışırıq ki, binanın təmiri 3-5 aydan artıq vaxt
aparmasın. Bu, maksimum müddətdir. Buraya binanın təmiri, bərkitmə
işləri, evlərin təmiri, mənzillərin mebellərlə təminatı və sair
daxildir. Tez bir zamanda sakinləri evlərində yerləşdirəcəyik".
Sakinlərin yerləşdirilməsinə gəlincə, BŞİH-nin başçısı bildirdi
ki, dövlət tərəfindən ayrılan yerlərdə insanlar həm yemək, həm də
geyimlə təmin olunurlar: "Qoradil" qəsəbəsində ayrı-ayrı koteclərdə
yaşayanlar üçün yemək də, geyim də təşkil olunur. Buzovna
sanatoriyasında yaşayanlar da lazım olan hər şeylə, gündəlik
yeməklə təmin olunurlar. Öz qohumlarının evində yaşayanlara da
kirayə pul verilir, qohum evində olsalar da, bu pul onlara
ödənilir. Kirayə yaşayanlara isə ev sahibləri ilə bağladıqları
müqavilə əsasında hansı qiymətə razılaşıblarsa, həmin kirayə haqqı
da ödənilir. Bununla bağlı hər hansı narahatçılıq yoxdur".
Mənzil sahibləri kirayənişinlərlə
razılaşmır
BŞİH başçısı qeyd etdi ki, hazırda kirayənişinlərlə mənzil
sahibləri arasında narazılıq yaşanır və biz onları da yoluna
qoymağa çalışırıq: "Bu gün onlardan ikisi gəlmişdi, kirayənişin 5
min manat aldı, ev sahibi isə 15 min manat... Onlar bunu öz
aralarında razılaşdırırlar. Eləsi də var ki, ana evin sahibidir,
oğlu ilə gəlini orada yaşayır. Onların arasında da narazılıq var.
Biz onlarla danışdıq ki, öz aralarında razılaşsınlar, pulu
yarı-yarıya bölək, hərəsi 10 min manat alsın. Biz bütün tərəflərlə
fərdi qaydada görüşüb, onlarla razılaşırıq. 6 nəfər narazı olan
var. Onlardan ikisi həll olunub, 4-ü qalıb. Onlarla da
görüşəcəyik".
"Bütün üzlüklər FHN-ə göndərilib"
Müsahibimin sözlərinə görə, görülən işlərlə bağlı hər gün ölkə
başçısına məlumat verilir: "Ölkə başçısının tapşırığı ilə şəhərdəki
üzlüklərin hamısı sökülür. Bu gün demək olar ki, tam qurtarmalıyıq.
Sabahdan Bakı Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi memarlıq
üslubunda binaların hamısı rənglənəcək və ya üzlənəcək. Əgər bina
ağ daşlı binadırsa, onlar təmizlənəcək, ağ daşın üzərinə üzlük
vurmağın heç bir mənası yoxdur. Digər üzlüklər də gətirilib. Amma
BŞİH-nin başçısı olaraq, onların hamısını Fövqəladə Hallar
Nazirliyinə ekspertizaya göndərmişəm. Onların rəyi olmadan üzlük
vurulmayacaq. Biz çalışacağıq ki, bu proses tez yekunlaşsın".
Hacıbala Abutalıbov sakinlərə mənəvi dəstək olmasından da
danışdı: "Hər gün sakinlərlə görüşürük, onların müəyyən
çətinlikləri var, psixoloji baxımdan gərginlik keçiriblər. Biz
onlarla söhbət edirik. Dünən mən 20 nəfərlə görüşdüm, sadəcə,
söhbət etdik, onların problemlərini dinlədim. Onlar qaldıqları
yerdən razıdırlar. Mən istəyirəm ki, onlar danışıb, sakitləşsinlər.
Mən onların dərdlərinə şərik olmaq istəyirəm. Çünki, bu faciə
hamımızındır".