"Quqqulu qu, dünyanın bütün müsəlmanları gördü, bir dənə
ayı görməyən bizlərik".
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
Ramazan bayramının 17 və yaxud 18-də keçirilməsi ilə bağlı islam
aləmində olan fərqli yanaşmalara münasibət bildirərkən yazıb.
Deputatın sözlərinə görə, Azərbaycanla İran lazımsız yerə iyulun
18-i tarixinə inad edib:
"Mən deyəndə ki, bütün tariximizi obyektiv araşdırsanız
görərsiniz ki, bizlərin çoxu "türk vücudu ilə düşünən farslarıq",
bu sözümü qəribçiliyə salırlar. Böyük Məhəmməd Əmin bu obrazımızı
dəyişmək istədi, millətimizin bir qismini İran arealından qopardı
ki, özümüzə bir milli kimlik qazanaq, bu kimliyimizə uyğun bir
dövlət quraq, gerçək islam imanına sahib olaq, yenə də
fırlanıb-dolanıb iranlılaşmağa üz tuturuq. Ramazan bayramı da bunun
bir nümunəsidir. Nə türk kimi türklüyün, nə müsəlman kimi dünya
müsəlmanlarının dalınca gedirik. Bütün müsəlman dünyası bayram
edir, İranla biz inada davam etdirirk. Quqqulu qu, dünyanın bütün
müsəlmanları gördü, bir dənə ayı görməyən bizlərik".
Xatırladaq ki, dünyanın müsəlman ölkələrinin bir çoxu Ramazan
bayramını iyulun 17-də keçirsə də, Azərbaycan da daxil olmaqla,
bəzi ölkələr Ayın 17-si gecə göründüyü səbəbindən bayramı 18-də
qeyd etdi.