İstər yüklər üçün, istərsə də təktərəfli reyslərin
gedişi ilə bağlı, o cümlədən bilavasitə hər bir reysin daşıdığı
ümumi insan kütləsinin sayına uyğun endirimlər cəmiyyətin
gözləntilərinə uyğun olmadı.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Hava Yolları
QSC-nin bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına
yönəlmiş yeni tarif siyasətinə münasibət bildirərkən millət vəkili
Zahid Oruc deyib. Onun sözlərinə görə, sözügedən məsələ sadəcə
qiymətlərlə kifayətlənməməli idi:
"Ölkə başçısısı müşavirədə bu məsələlərlə bağlı çox kəskin bir
şəkildə insanların narahatlığını dilə gətirərək aviakompaniyaların
real araşdırma aparması və daha uyğun güzəşt addımlarının atılması
istiqamətində çağırış verib. Düşünürəm ki, bu, sadəcə bilet
qiymətləri ilə bağlı deyil. Ümumiyyətlə, AZAL-ın idarəçiliyinin
dəyişdirilməsinə ciddi ehtiyac var. Zaman-zaman bu məsələni
parlamentdə də qaldırmışdıq ki, məsələn, təyyarədən enən istənilən
insan yalnız taksi xidmətinin ehtiyacına qalır. Ancaq dünyada
xüsusi ilə olaraq beynəlxalq miqyasa çıxmış, hətta bəzən lokal
miqyaslı hava limanlarında belə xüsusi növ nəqliyyat - qatar,
avtobus istifadə edilir, o cümlədən hotellərə daşınma xidmətləri
həyata keçirilir. Buna görə də hesab edirəm ki, məsələni sadəcə bir
problem üzərində qərarlaşdırmaq bir az yanlış olardı. Qiymətlərlə
bağlı normal tariflərin bərqərar olması ilə yanaşı, məsafə, seçim
kimi məsələlərin beynəlxalq praktikada özünü göstərən ayrı-ayrı
mühüm şirkətlərə verilməsi, ucuzlaşma kompaniyasının həmin sistem
əsasında həyata keçirilməsi, o cümlədən idarəçiliklə icra işinin
ayrılmasına ehtiyac var".
Millət vəkili bildirib ki, AZAL ümumi bazarda əsas rəqabət
şərtlərini diqtə etdiyindən, başqa alternativ rəqabət qurumları
olmadığından qiymət siyasətindəki dəyişiklik də bu gün qane edici
deyil:
"Zənnimcə, ölkə rəhbərinin məlum açıqlamaları onun sübutudur ki,
toxunulmaz şəxs yoxdur. Bu məsələlərlə bağlı insanların narahatlığı
mütləq qiymətləndirilməldir. Seçilən ayrı-ayrı güzəşt şərtlərini
elə şəkildə etmək lazımdır ki, vətəndaş bir parametrdə bilet
qiymətlərinin nisbətən ucuzlaşmasını hiss etdiyi halda, başqa bir
parametrdə - yük və başqa şərtlərə görə - böyük ödəmələrə məruz
qalmasın".
Deputat
Fazil Mustafa isə sözügedən məsələ ilə şəffaflığın ön planda
olmasını diqqətə çatdırıb:
"Əslində qiymət önəmli deyil, əsas şəffaflıqdır. Qiymətlər
endirilə bilər, ancaq bilet tapmaq mümkündürmü? Əsas bu məsələ
üzərində fikir yürüdülməldir. Çünki əks halda bilet tapılmadıqda
yer çatımazlığı probelmi yaranır və qiymətlər yenidən baha olaraq
qalır. Bu baxımdan da məsələnin bir qədər bu formada təqdim
olunması doğru deyil. Biletlərdən öncə onların əl çatanlığı təmin
edilməldir. Çünki qiymətlərin ucuzluğunun daha çox rəqabətdə üzə
çıxması mümkündür. Azərbaycanda da faktiki olaraq hazırda bu sahəyə
baxan bir şirkət olduğundan bu işlərdə müəyyən dərəcədə nəyinsə
əsaslandırılmış olmasını sübut etmək çətindir. Buna görə daha çox
şəffaflıq üzərində dayanılmalıdır. Düzdür, çəkiyə görə yüklərin
qiymətinin müəyyən olunmasında insanlar üçün problemlər yaradan
məqamlar var. Ancaq inandırıcılıq da olmalıdır. AZAL cəmiyyətə daha
aydın informasiya verməli, daha çox kimlərin faydasına ola biləcək
qiymətdən söhbət getdiyini ən azı öz imici baxmından göstərməlidir.
Əgər bu baş tutarsa, onda məsələ üzərində nəyisə həyata keçirmək
daha doğru olar. Ümid edirəm ki, AZAL belə bir açıqlamanı
verəcək".
Aydın
Mirzəzadə isə məsələyə bu cür münasibət bildirib:
"Əslində AZAL təyyarə uçuşları çeşidini artırıb. Yəni əvvəlki
servislərlə və bilet qiymətləri ilə uçuşlar yenə də qalır.
Sərnişinlərə bir sıra reyslərə əlavə iki bilet növü təklif edir.
Birincisi, yemək və yük pulu nəzərə alınmadan aşağı ödənişli
biletlər, ikincisi, daha yüksək servisli, amma çox baha bines-lüks
biletlər. Təqribən iki saat yarımlıq uçuşda yemək verilməsinə
əslində heç ehtiyac yoxdur. Həmçinin, bir sıra şəxslər az yüklə
uçsalar da, yenə də yüksək qiymət ödəməli olurdular. Yəni hər bir
kəs hansı uçuş növündən istifadə edəcəyini özü seçəcək. Eyni
zamanda, imkanlı insanalar əlavə ödəniş hesabına daha kamfortlu
uçuş edə biləcəklər. Ucuz biletli uçuşlar tələbələr, azyüklü
sərnişinlər, bir neçə günlüyə səfər edənlər üçün çox sərfəlidir.
Hər halda ortada olan informasiyalar bunu deyir. Deputatlar bu
məsələni diqqətdə saxlayacaqlar".
Qeyd edək ki, AZAL ötən gün verdiyi açıqlamada qiymətlərin
endirilməsi ilə bağlı məlumat yayıb. Məlumata əsasən,
Bakı-Antalya-Bakı reysi ilə bu ilin avqustundan başlayaraq həftədə
3 uçuş, Bakı-İstanbul-Bakı reysi ilə bu ilin sentyabrından
başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı reysi ilə bu ilin
oktyabından başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi ilə bu
ilin oktyabrdan başlayaraq hər gün bir uçuş həyata keçiriləcək. Bu
reyslərin seçilməsinin səbəbi azərbaycanlıların məhz bu regionlara
olan marağıdır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata
keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma
xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Bununla belə qiymətləri 20 faizlə endirilən reyslərdə sərnişinlər
bütün növ yüklər üçün 50 AZN ödəməli olacaqlar.