"Fətullah Gülən mənə kifayət qədər sadə, təvazökar,
xüsusi ambissiyaları olmayan xarizmatik insan təsiri
bağışladı"
Bu gün saytımızda yayımlanan özəl xəbərdə Bəxtiyar Hacıyevin
Fətullah Gülənlə görüşən ən gənc tələbə olduğu bildirilib. Hazırda
Türkiyədə baş verənlər fonunda bu görüş xüsusilə diqqət cəlb edir:
görüşdə məqsəd nə imiş? Hansısa razılaşma olubmu?
Onun Fətullah Gülənə münasibəti, ümumiyyətlə, onunla etdikləri
söhbət haqqında Bəxtiyar Hacıyev suallarımızı cavablandırdı.
- Fətullah Gülənlə görüşməkdə məqsədiniz nə
idi?
- Belə bir görüş olub, amma xəbərdə qeyd etdiyiniz kimi xüsusi
bir təklif olmayıb. Bu görüşlə bağlı dəvət mənə 2008-ci ildə,
ABŞ-da tələbə olanda gəldi. O vaxta qədər artıq bizim universitetdə
bir çox dövlət və hökumət başçıları ilə görüşlərimiz olmuşdu. Həmin
dövrdə qeyri-formal liderliklə bağlı mövzuları keçdiyimizə görə heç
bir formal vəzifəsi olmayan bir şəxsin milyonlarla insana necə
liderlik etməsi maraqlı idi. Buna görə də təklifi qəbul etdim və
onun Pensilvaniyada yerləşən iqamətgahına getdim.
- Söhbət hansı istiqamətdə getdi? Onu Azərbaycanla bağlı
nələr maraqlandırırdı?
- Fətullah Gülənin iqamətgahına dünyanın bir çox yerlərindən
insanlar gəlir və mütəmadi olaraq orada mənəvi söhbətlər gedir. Biz
çatanda da bir ümumi dini, mənəvi söhbət gedirdi. Bu ümumi
söhbətdən sonra bir neçə nəfərlə birlikdə bizimlə ayrıca görüşdü.
Görüşdə xüsusi mövzu yox idi, sadəcə, dərslərimizlə və s.
maraqlandı. Azərbaycan ilə bağlı xüsusi bir şey soruşmadı, amma bu
hərəkatın xaricə açılan ilk qapısı Azərbaycan olduğuna görə,
ölkəmizə xüsusi simpatiyası hiss olunurdu. Söhbətin sonunda öz
imzası ilə mənə qol saatı da hədiyyə etdi.
- Sizcə, Fətullah Gülən necə adamdır?
- Mənə kifayət qədər sadə, təvazökar, xüsusi ambissiyaları
olmayan xarizmatik insan təsiri bağışladı. Hər halda, heç bir
formal vəzifəsi olmayan bir şəxs dünyanın 100-dən çox ölkəsində
məktəblər, universitetlər açılmasını təşviq edirsə, bir çox elm,
dövlət və biznes adamı onunla məsləhətləşir, onun təşəbbüslərinə
dəstək verirsə, bunun özü çox şey deyir.
- Son günlər Türkiyədə Fətullah Güləni dövlət içində
dövlət yaratmaqda günahlandırırlar. Sizcə, Gülənin Türkiyədəki
proseslərdə rolu nə qədərdir?
- Ona simpatiyası olan kifayət qədər Türkiyə vətəndaşı var.
Təbii ki, bu insanlar da müxtəlif sahələrdə olduğu kimi, dövlət
qulluğunda da çalışırlar. Amma bəzi hadisələrin arxasında Gülənin
dayandığına inanmıram. Çünki bəzən elə şeylər baş verir ki, o
hadisələr bu hərəkatın təməl dəyərlərinə ziddir. Məsələn, heç vaxt
inanmaram ki, kiminsə məhrəm görüntülərinin yayılmasında bu
hərəkata yaxın şəxslər dayansınlar. Belə hadisələr göstərir ki,
kimsə Ərdoğan hakimiyyəti ilə Gülən tərəfdarlarının narazılığından
istifadə edərək, iki tərəfi bir-birindən daha da uzaqlaşdırmaqda
maraqlıdır.
- Gülənin Pensilvaniyadakı iqamətgahı necə bir yerdir?
Orada Gülənin ətrafinda kimlər var?
- Xüsusi mühafizə olunan, yaşıllıqlar arasında, bir neçə
mərtəbəli iqamətgah idi. Orada bir çox ölkədən, əksəriyyəti
Türkiyədən olan şəxslər var idi və bəziləri bir neçə gün qonaq
qalaraq onun söhbətlərini dinlədiklərini deyirdilər. Binanın alt
mərtəbəsində isə qonaqlar üçün yeməkxana vardı.
- Bəs, bu gün necə, Gülən və ya gülənçilərlə hər hansı
əlaqəniz qalırmı?
- Mən 2010-cu ildə parlament seçkilərində iştirak etdikdən sonra
həbs edildim. Bundan sonra bacardığım qədər çalışıram ki, hətta bu
hərəkata yaxın olduğu deyilən liseylərə də getməyim. İstəməzdim ki,
kimsə mənim siyasi baxışlarım, həbsim və fəaliyyətimi bəhanə edib,
Azərbaycanda bir çox insanın keyfiyyətli təhsil almasına töhfə
verən bu təhsil qurumlarına problem yaşatsın. Bu yaxınlarda sosial
şəbəkələrdə məzunu olduğum Ağdaş liseyinin fotosu qarşıma çıxdı.
Lisey illərim, o bina üçün çox darıxdım, xatirələr gözümün önündən
keçdi. Bir anlıq özümə "həftə sonu get liseyə, bir çay iç və qayıt"
dedim. Amma dərhal fikrimdən vaz keçdim. İstəmirəm ki, mənim siyasi
baxışlarıma görə kimlərsə bəhanə edib liseylərə problem
yaratsınlar.
- Nurçuluğa munasibətiniz necədir?
- Yaşadıqları ölkələrin qanunlarına, Konstitusiyalarına qarşı
olmayan, başqalarına zərər verməyən, əksinə, xeyir verməyə çalışan
bütün insanlara münasibətim normaldır.
- Fətullahçılar Türkiyədəki kimi Azərbaycanda da
müxtəlif yerlərə öz adamlarını yerləşdirə bilərmi? Ümumiyyətlə, nə
vaxtsa onların Azərbaycan qarşı olacaqları ehtimalı nə
qədərdir?
- Bu hərəkatın 100-dən çox ölkədə qurumları var. İnanmıram ki,
həyatları boyunca dünya nemətlərindən belə imtina etmiş, hər zaman
Allahın razılığını qazanmağa çalışmış könüllülər hərəkatının bütün
dünyanı ələ keçirmək kimi bir niyyəti olsun. Onların siyasi
ambissiyalarının olduğunu zənn etmirəm. Çoxları buna inanmır, amma
tarixə baxsaq, bir çox könüllülər hərəkatı, bir çox ideya insanının
dünyanın daha yaxşı yer olması üçün bir çox dəyişikliklərə səbəb
olduqlarını görərik.
- Azərbaycandakı bəzi təhsil müəssisələrinin Fətullah
Gülənin təbliğatını həyata keçirdiklərini söyləmək
olarmı?
- Azərbaycandakı təhsil müəssisələri bu hərəkatın dünyaya açılan
ilk müəssisələridir və ilk dəfə Naxçıvanda Heydər Əliyevin
xeyir-duası, dəstəyi ilə olub. H.Əliyev həmin dövrə qədər SSRİ-də
ən yüksək postları tutmuş, kifayət qədər dövlətçilik təcrübəsi
olan, dünyanın düzənini anlayan bir şəxs idi. Hər halda, o, belə
bir təşəbbüsə xeyir-dua veribsə, bunun kiminsə təbliğatı
olmadığını, ölkəmiz və dünya üçün müsbət təşəbbüs olduğunu da
bilib.
- Gülən hərəkatın ən birinci şəxsidir. Deyilənə görə,
onunla görüşmək fətullahçıların bir üzvünə çevrilmək
deməkdir...
- Bildiyimə görə, "camaat" (fətullahçılar) rəsmi üzvlüyü olmayan
bir şəbəkədir. Kimsə özünü ora yaxın saya və ya saymaya bilər.
F.Gülən ilə bir çox insan, o cümlədən, müxtəlif ölkələrin
jurnalistləri, təqdiqatçıları görüşüb, bu hərəkat haqqında
tədqiqatlar ediblər. Bu o demək deyil ki, onlar da "camaat"
üzvüdürlər.
- Sizcə, Türkiyədə kim qalib gələcək: Gülən, yoxsa
Ərdoğan?
- Məncə, Türkiyədə kifayət qədər ağıllı, dövlətini və xalqını
sevən dövlət adamları var ki, onlar bu gərginliyin aradan qalxması
üçün təşəbbüs göstərəcəklər və gərginliyin Türkiyənin gələcəyinə
zərbə vurmamasına nail olacaqlar.