"İran Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq
onların qabağına kürd kartını itələyir".
Bir qədər əvvəl İran parlamentindəki kürd deputat Osman Əhmədi
Kürdüstan vilayəti yaradılması təklifi ilə çıxış edib. Keçmiş kürd
deputat Cəlal Cəlalzadə isə bir qədər də irəli gedərək İranın Qərbi
Azərbaycan vilayətinin adının dəyişdirilərək Şimali Kürdüstan
qoyulmasını təklif edib. Urmiyadan İran parlamentindəki kürd millət
vəkili Abid Fəttahi də separatçı deputatların mövqeyini
dəstəkləyib.
Qeyd edək ki, tarixi Azərbaycan torpaqları olan Urmiya və Qərbi
Azərbaycan vilayətində kürd separatizminin fəallaşması İslam
inqilabının ilk illərində baş verib. Ancaq həmin vaxt Azərbaycan
ərazilərində baş qaldıran kürd militanları İslam Respublikası
silahlı qüvvələri tərəfindən əzilib. Sonrakı illərdə də kürd
separatçı fəaliyyətləri İran hakimiyyəti tərəfindən əzilsə də,
xeyli dərəcədə fəal olan kürd qrupları İranda, xüsusən də Cənubi
Azərbaycan ərazilərində toparlana biliblər. Hazırda Qərbi
Azərbaycan vilayətindən seçilmiş bir neçə kürd əsilli deputatlar
İran parlamentində təmsil olunur.
Millət vəkili Sabir Rüstəmxanlı baş verənləri son 100 ildə
bölgədə gedən türk düşmənçiliyi siyasətinin davamı adlandırır.
Deputatın fikrincə, uzun illərdir aparılan məqsədyönlü türk
düşmənçiliyi siyasəti indi də kürdlər üzərində qurulub: "Əvvəlcə
Avropa ölkələrinin yardımı ilə balkanlarda, Şimali Afrikada
Osmanlıya qarşı bölücülük fəaliyyətlər başladıldı. Nəhayət, Anadolu
ərazisində bir Türkiyə dövləti sərhədlərinə sığışdırdılar. Sonra
isə hətta onu da bölüb parçalamaq və orda müxtəlif adlarda
dövlətlər qurmaq, ümumiyyətlə bölücülük siyasəti aparılıb. O zaman
Atatürkün qəhrəmanlığı, dahiyanə siyasəti nəticəsində Anadoluda
milli dövlət yaradıldı. Buna bənzər proseslər daha qədim
zamanlarda, bu bölgədə iki böyük türk dövləti - Səfəvi və Osmanlı
arasında da qarşı qaldıran qüvvələr tərəfindən aparılıb. İndi də bu
bölücülük davam edir. Azərbaycanı zəiflətmək, bu bölgədə diz
çökdürmək üçün bir fars dövləti qurublar".
Sabir Rüstəmxanlı deyir ki, min illər bu bölgədə yaşamış, bu
bölgənin sahibi olmuş türk xalqlarını sıxışdırmaq, Qafqazı
xristianların əlinə vermək, güneyi farslaşdırmaq və beləliklə,
vaxtilə Avropanın böyük türk dediyi bir milləti bu bölgədən silmək
siyasəti aparılır: "Burda erməni kartı, yunan kartı, bolqar, ərəb
kartları oynanılıb. "Böyük Ermənistan" planı uğursuzluğa düçar
olduqdan sonra indi burda kürd oyunu oynanılır. Kürdlərin böyük
əksəriyyəti bunun mənasızlığını, türklərlə yanaşı kürdlərə qarşı
olduğunu başa düşürlər. Ona görə də bu bölgədə yaşayan kürdlərin
böyük əksəriyyəti Türkiyədən ayrılmaq müstəqil kürd dövləti qurmaq
haqqında düşünmürlər. Ancaq indi İraqın şimalında belə bir dövlət
yaradılır. Bu qurumun nefti də var və onlar əl altdan bütün bölgə
kürdlərini əl altdan silahlandırır. Suriyada, Türkiyənin şərqində,
İranın şimal-qərbində yaşayan kürdləri birləşdirib böyük Kürdüstan
yaratmaq istəyirlər".
Qərbdə kürdlərlə bağlı ciddi proyektlərin hazırlandığını qeyd
edən deputatın sözlərinə görə, həm xaricdə, həm də bölgədə bir sıra
qüvvələrin kürdlərlə türklər arasında münaqişə yaranmasında
maraqları var: "Mən sonuncu dəfə Amerikada olanda Dona Rorabaherlə
Güney Azərbaycan məsələsi haqda danışdım. Mən ona Azərbaycanın
tərəfində olduğunu dedim, o isə mənə dedi ki, əlbəttə,
azərbaycanlılar da kürdlər kimi parçalanmış, əzilmiş bir xalqdır.
Biz Azərbaycanı da düşünürük. Mən ona dedim ki, əgər Azərbaycanı
düşünürsünüzsə, o zaman bu Orta Doğu Projesi nədir? Bu planda
Azərbaycanın əraziləri, hətta Naxçıvanın bir hissəsi Kürdüstan
torpaqları kimi göstərilir. Bu cür layihələri müdafiə eləməkdənsə
gedib indiki İran rejimini müdafiə etmək daha məqbuldur. Çünki
indiki İran rejimində bizim torpaqlarımız öz əlimizdədir. Onları
Avropada dəstəkləyən, media orqanları yaradan, separatizmə
qol-qanad verən təşkilatlar var. İranın indiki və əvvəlki
hakimiyyəti Azərbaycan türklərinin ayaqlanmasından qorxaraq onların
qabağına kürd kartını itələyirlər. Azərbaycanlı millət vəkili bunun
cavabını məclisdə yetərincə layiqli şəkildə verdi. Dedi ki, o yerin
sahibləri ölməyiblər ki, kimlərsə gəlib asanca orda şimali
Kürdüstan vilayəti yaratsın. Bu, əslində bölgənin iki böyük xalqı
olan türklər və kürdlər arasında iğtişaş yaratmaqdır. Bu yolla
mərkəzi hakimiyyət özünün apardığı irticaçı siyasəti gözdən
yayındırmaq məqsədi güdür" ("Musavat.com").