Ana səhifə Gündəm |
SSRİ dağılandan sonra ABŞ-da və Qərbdə belə bir təsəvvür yarandı ki, tarixi missiya yerinə yetirildi, məsələ həll olundu, artıq təkqütblü dünya bərqərar oldu, Rusiyanın dağılması an məsələsidir, Çin isə heç vaxt ciddi rəqib ola bilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bölüşüb. O bildirib ki, Boris Yeltsinin dövrü Rusiya ilə Qərb arasında ən yaxşı dövr idi, Rusiya zəif idi, Qərbə iqtisadi inteqrasiya başlamışdı; bu Qərbi çox arxayınlaşdırdı, öz dar hədəflərinə çatmağa kömək etdi, amma qlobal yanaşma qurban verildi:
“SSRİ dağılandan sonra Qərbin əsas hədəfləri nə idi:
1) Post-sovet ölkələrini inteqrasiya etmək,
2) Belarus və Ukraynanı ilk növbədə öz orbitinə çəkmək, “pan-slavyan” birliyinə imkan verməmək,
3) Rusiya ilə Çinin yaxınlaşmasına imkan verməmək.
2007-ci il Münhen Təhlükəsizlik Konfransına qədər Qərb bu məqsədlərin bəzilərinə çatdı:
1) Balkanlar məsələsini həll etdi,
2) Pribaltikanı AB-yə və NATO-ya qəbul etdi,
3) Post-sovet ölkələri ilə münasibətləri daha üst səviyyəyə çatdıra bildi.
Amma Qərb elə bildi ki, artıq hər şey bitdi, Rusiya daha heç vaxt dirçələ bilməyəcək, Çin isə həmişəlik Qərbin, o cümlədən ABŞ-in istehsal fabriki kimi qalacaq. Ən böyük səhvlər də bundan sonra başladı”.
N.Cəfərlinin fikrincə, Putinin Münhen çıxışı xəbərdarlıq idi, ciddiyə almadılar, bundan sonra Qərb siyasətçilərinin səhvlər zinciri başladı, liderlik problemi yaşandı, nəticədə Rusiya itirdiyi mövqeləri yavaş-yavaş geri qaytarmağa nail oldu:
“2008-ci il Gürcüstan hadisələri başlanğıc idi – Kreml faktiki olaraq rəsmən Gürcüstanın 20% torpağını işğal etdi, bunu rəsmiləşdirdi. Qərb 2009-da ilk dəfə sanksiyalar rejiminə strat verdi, amma dişsiz, mənasız sanksiyalar Kremlə ciddi təsir etmədi. Nəticədə Ukrayna böhranı başladı, Kreml 2014-də Krımı, Donbası işğal etdi, İkinci Dünya müharibəsindən sonra ilk dəfə hərbi yolla Avropada sərhədləri dəyişdirdi, Krımı ilhaq etdi. Donbasda 2 qondarma “respublika” elan etdi, orada yaşayanlara vətəndaşlıq payladı, hətta Putinin rəsmi sərəncamı ilə Donbasın Rusiyaya iqtisadi inteqrasiyası başlandı”.
Ekspert qeyd edib ki, Qərb bütün baş verənlərin fonunda yenə dişsiz, mənasız sanksiyalar tətbiq etdi:
“Qərbin tutarsız siyasəti nəticəsində Rusiya Belarusu tam içinə aldı, tam nəzarətə götürdü – halbuki, cəmi 2 il əvvəl Lukaşenko Qərblə danışıqlara, yeni inteqrasiya prosesinə hazır idi, “çoxvektorlu” siyasət elan etmişdi. Kreml seçkilərdə Lukaşenkonu pis vurdu, Kremlin texnoloqları Lukaşenkonu zəiflətdi, Kremldən tam asılı vəziyyətə saldı - Qərb bu oyunu da uduzdu.
Qərbin səhv siyasəti Rusiya ilə Çini yaxınlaşdırdı, hətta strateji dostluq səviyyəsinə itələdi. Nəticədə 2000-ci illərdin ağıllı Qərb strateqlərinin qorxulu röyası gerçəkləşdi, Rusiya-Çin ittifaqı yaranır-yaranacaq.
Yəni SSRİ dağılandan sonra Qərb qarşısına qoyduğu məqsədlərin hər birində uduzmağa doğru gedir. İndi də Rusiya Qərbə, faktiki ultimatum təqdim edib:
1) Qərb post-sovet ölkələrinin Rusiyanın arxa baxçası olduğunu qəbul edir,
2) Ukrayna və Gürcüstanın 2008-də NATO-ya üzvlüklə bağlı qərarı ləğv edilir,
3) Şərqi Avropa ölkələrindən NATO-nun hücum infrastrukturu yığışdırılır.
Çox ağır, çətin dövrdə yaşayırıq: Qərb bu ultimatumu qəbul etsə, tam uduzur, Rusiya daha da güclənir, qəbul etməsə, yenə də uduzur - Rusiya Ukraynanın yarısını işğal edəcək, Qərb isə ancaq yeni sanksiyalar qoymaqla hədələyir. Bu sanksiyalar da mənasızdır. Məsələn, deyirlər ki, Rusiyanı banklararası köçürmə sistemi olan SWIFT-dən ayıracaqlar. Bəs Qərb Rusiyadan aldığı ilə 170 mlrd. m3 təbii qazın, gündə 5,5 mln. barrel aldığı neftin pulunu necə verəcək?! Təyyarələrlə nəğd pul göndərəcək Moskvaya?!
AB-nin illik qaz tələbatı 510 mlrd. m3-dir, bunun 35%-ni Rusiya verir, qış da qapıda, Rusiya qaz verməsə, Avropa donacaq – zatən indi böhran yaşanır. Təbii qazın qiyməti hər 1000 m3 üçün 2000 dolları keçib, bu da AB-də elektrik enerjisinin və təbii qazın qiymətini xeyli artırıb, inflyasiyanı sürətləndirib.
Qərb 5-6 ilə yeni infrastruktur və mənbələr hesabına Rusiya qazından imtina edə bilər, amma bu 5-6 ildə də qızınmaq, yaşanaq lazımdır axı! Rusiyanın həm də alternativ bazarı var – Çin deyir ki, nə qədər istəyirsən, neft-qaz ver, hamısını alırıq. Çin sanksiyalara qoşulmayacaq, iki ölkə arasında pul köçürmələr isə artıq SWIFT-lə deyil də, daxili pulköçürmə sistemləri ilə aparılmağa başlanıb.
Yəni sabah Rusiya Ukrayna və bəzi post-sovet ölkələrini, Çin isə Tayvanı eyni zamanlı əməliyyatla işğal etsə, Qərb nə edəcək?! Yenə mənasız, dişsiz sanksiyalar qoyacaq?! Çox təhlükəli məqamdır”.
Ekspert bu gün Rusiyanın ultimatumunun hər variantda uduşlu göründüyünü vurğulayıb və bunu post-sovet ölkələri, o cümlədən Azərbaycan üçün təhlükə sayıb:
“SSRi yenidən xortlaya, müstəqilliyimizə və suverenliyimizə yenidən təhlükə yarana bilər. Doğrudur, Azərbaycan 2020-ci ildə doğru zamanda, doğru üsullarla, yaratdığı de-fakto və de-yure ittifaqlarla torpaqlarımızın böyük bir hissəsini əsgərimizin qəhramanlığı ilə azad etməsi bizə üstünlüklər də verir – bu mənada bu gün biz Ukraynadan, Gürcüstandan, Moldovadan daha yaxşı durumdayıq, amma bu təhlükələrin olmadığı anlamına gəlmir.
Qərb yeni bir strategiya hazırlamalıdır, Rusiyanı konfrantasiya yolu yolu ilə deyil də, tam tərsinə, yaxınlaşma, orbitdə saxlama, qucaqlayaraq “boğma” yolunu tutmalıdır. Uzaq hədəflərdə Qərbin indiki strategiyası uğurlu ola bilər – Rusiyanı xərclər və problemlərlə yükləyirlər ki, beli əyilsin, amma yaxın vadədə olan bizə - post-sovet məkanına - olacaq...”
Tarix
2021.12.22 / 08:30
|
Müəllif
Nazlı Onur
|