Yuxarı

İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.

Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının Baş naziri

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Təşkilat Komitəsinin üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Heydər Əliyev Mərkəzinin direktoru

Bakı Konqres Mərkəzinin direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2‒6-da Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda vurğulanır:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100; 2018, № 10, maddə 1991; 2019, № 4, maddə 644; 2020, № 1, maddə 5; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1556 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə “Qayda” sözündən sonra “Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, habelə” sözləri əlavə edilsin.

2. 3.1-ci bənddə “iyunun” sözü “dekabrın” sözü ilə əvəz edilsin.

3. 3.3-cü bənddə “cari il sentyabrın 15-dək növbəti” sözləri “növbəti il fevralın 1-dək həmin” sözləri ilə əvəz edilsin.

4. 4.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.2.6-cı yarımbənd əlavə edilsin:

“4.2.6. dövlətə məxsus olan kommersiya hüquqi şəxsin müşahidə (direktorlar) şurasının (olmadıqda icra orqanının), qeyri-kommersiya hüquqi şəxsin isə himayəçilər şurasının (olmadıqda icra orqanının) borcalmaya dair qərarı.”.

5. 4.11-ci bənddə “müvafiq” sözü “həmin razılığın şamil olunduğu ildən sonrakı” sözləri ilə əvəz edilsin.

Tarix
2022.02.07 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla