Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar
sessiyasında Azərbaycan haqda iki qətnamə qəbul
olunub.
Qəbul olunan birinci qətnamədə ilk dəfə olaraq Dağlıq Qarabağla
bağlı "işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə
Azərbaycan torpaqlarından çıxarılması" tələb edilir.
Çıxarılan ikinci qətnamədə isə Avropa Parlamenti insan
haqlarının pozulmasından bəhs edir və Azərbaycanda 14 siyasi
məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.
Onlar öz imiclərinə ziyan vurur
Qəbul olunan son qətnamə Avropa Parlamenti ilə Azərbaycan
arasında gərginliyə yol açıb. Azərbaycan Xarici İşlər Nazirliyi
mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı
"Axar.az"a danışdı. XİN rəsmisinin fikrincə, Avropa Parlamenti
Azərbaycana qarşı qərəzli mövqe tutur və çıxarılan qərarla öz
imicini təhlükə altına qoyur:
"Biz hansısa ölkə ilə və ya təşkilatla əməkdaşlıq qururuqsa, o
əməkdaşlıqda bərabərhüquqluluq, qarşılıqlı hörmət və şəffaflıq
müşahidə olunmalıdır. Gördüyünüz kimi, Azərbaycana bir çox
beynəlxalq təşkilatlardan göndərilən müşahidə missiyaları var idi.
Onlar dəfələrlə seçkilərin şəffaf və ədalətli keçirildiyini qeyd
etmişlər. Hətta Avropa Parlamentinin özünün də müşahidə missiyası
seçkilər haqda müsbət rəy bildirmişdir. Təbii ki, Avropa
Parlamentinin hazırda ATƏT-in DTİH-bürosunun qərəzli və həqiqəti
əks etdirməyən hesabatına istinad edib, öz təşkilatının hesabatına
istinad etməməsi təəccüb doğurur və anlaşılmaz hesab edilir.
Azərbaycana qarşı bir qrup şəxslər öz qərəzliyini ortaya qoyaraq
həmin təşkilatların imicini təhlükə altına qoyur".
"Kürü diplomatiyası" cəfəngiyyatdır
Elman Abdullayev həmçinin avropalı məmurların Azərbaycan
hakimiyyəti tərəfindən "kürü diplomatiyası" ilə ələ alınması
iddialarına da münasibət bildirdi:
"Tamamilə cəfəngiyyat, absurd və əsassız iddialardı. Beynəlxalq
münasibətlər sistemi daimi maraqlar üzərində qurulur. Azərbaycan
beynəlxalq təşkilatlar üçün faydalı və maraqlı ölkədir. Regiona
edilən səfərlərin təxminən 95 faizi Azərbaycanadır. Belə çıxır ki,
bu səfərlərin hamısı "kürü diplomatiyası" ilə həll edilir? Təbii
ki, belə deyil. Bu, ölkəmizə olan maraqdan irəli gəlir".
Belə haqlı bəyanatlardan çox olub
Birinci qətnamədə erməni işğalçılarının Azərbaycan
torpaqlarından qeyd-şərtsiz çıxarılması məsələsinə də Abdullayev
toxundu:
"Bundan əvvəl Ermənistan-Azərbaycan münasibətlərinə dair qəbul
olunan bəyanatlarda Azərbaycan haqsız tərəf kimi göstərilirdi? Yəni
bu bəyanatlardan çox olub, amma təəssüflər olsun ki, beynəlxalq
müstəvidə qəbul olunmuş qətnamələrin icrası həyata keçirilməyib, öz
həllini tapmayıb, çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə
beynəlxalq ictimaiyyət göz yumur və onların mövqeyi yalnız kağız
üzərində əks olunur. Yəni bu müstəvidə Azərbaycanın yanaşması hansı
mövqedə olursa-olsun, ədalətə söykənir".
Elman Abdullayev Azərbaycan məmurlarına qarşı tətbiq edilə
biləcək mümkün sanksiyalar barəsində bunları deyib: "Niyə
Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq edilməlidir ki?
Sanksiya tətbiq olunacaq biri varsa, o da Ermənistan məmurlarıdır.
Onlar bir xalqa qarşı soyqırım və qətliam həyata keçiriblər. Avropa
ilk növbədə ədalətlilik prinsipini bu yolla qorumalıdır".