Yuxarı

Gecə Bakı səmasında uçuşan dronlar səhər aranı qatdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gecə Bakı səmasında uçuşan dronlar səhər aranı qatdı

- Bu gecə o dronların səsini siz də eşitdiniz?

Avtobusda hələ sıxlıq və basabas başlamamışdı, ona görə bu söz bütün salona yayıldı və hamı təsdiqləməyə tələsdi. Həm də sanki alasabah bir mövzu gözləyirdilər müzakirə üçün, ona görə yaşlı kişinin bir az da səsinin gur yeri ilə verdiyi suala hamı telefonundan ayrıldı.

- Biz tərəfdə səsindən qulaq tutulurdu, yatmışdım, səsə ayıldım, səhərəcən gözümə yuxu getməyib, - ağsaqqalın yanında oturan və doğrudan da gözündən yuxu tökülən ortayaş qadın həvəslə mövzuya girişdi.

- Biz tərəfdə sonradan səs eşidildi, əsas Qaraçuxur səmtdə olub, - cavan oğlan idi.

- Hardan bilirsən? – qadın təslim olmadı.

- Gecə Feysbuk bu xəbərlərlə aşıb-daşırdı.

- Bu uşaqlar da telefondan çıxmırlar da, - qadın sanki ona qarşı söz deyən gəncdən qisas almağa girişdi.

- Demə-demə, - mövzunun “müəllifi” yaşlı kişi ona dəstək verdi: - Başlarına bomba yağsa da, qaçıb gizlənmək əvəzinə onu çəkirlər...

- Bu da oyundur, bayramqabağı başımızı qatırlar, - gözündən müxalifətçilik yağan birisi arxadan söhbətə qarışdı.

- Sabah Axırçərşənbədir. Amma bu dəfə bayram bir az ləzzət eləmir də. Orucluqdur axı... – üzündə azca tük saxlayan, yaşından daha qoca görünməyə çalışan gənc dilləndi.

- Bu gecə Qədr gecəsidir, – böyrümdə bayaqdan telefonunda ərəb əlifbası ilə dualar tapıb, onları dodaqlarının altında pıçapıç oxuyan ağsaqqal əlavə elədi.

- Bu Qədr gecələri 3 gecə deyil? 3-cü oldu axı, - mən dedim, ağsaqqalı provokasiyaya çəkirdim.

- Ay bala, elə deyil, - arif adam idi, dərhal sözü tutdu: - Mən özüm bu məhəllədə oluram, 1975-ci ildən. O vaxt cavan oğlan idim, burdan mənə qəşəng ev verdi sovet hökuməti. Cəmi 26 yaşım vardı. Evə 75 manat xərcim çıxdı, 25 manat ustaya verdim, elektrik-zad işini gördü, 50 manat da köçməyə. İndi mənim kiçik qızımın əri hərbçidir, necə də döyüşüb ha, 20 ildir növbədədir, ona ev vermirlər...

- Verərlər inşallah, yəqin növbəsi hələ çatmayıb, - ağsaqqalın çox uzaqdan dövrə vurduğunu görüb, sözünü kəsməyə çalışıram.

- Evi qoy qırağa e, ağsaqqal, bu dronlarla bağlı Müdafiə Nazirliyi bir açıqlama vermədi? – avtobus yavaş-yavaş sıxlaşırdı, sözü kimin hardan atdığını görə bilmədim.

- Bayaqdan gözüm internetdədir, heç bir izah yoxdur, - bunu da bayaqkı gənc dedi.

- Bu gənclər telefondan ayrılmır da. Mənim nəvəm də elədir. Elə telefondan ayrılmadıqlarıdır ki, imtahanı da düz-əməlli verə bilmirlər, - ortayaş xanımın əlinə növbəti fürsət düşdü gəncin qabırğasına döşəmək üçün, dərhal da ikinci kamikadze PUA-sını göndərdi.

- İmtahanı çətin salırlar, düşməndirlər uşaqlara. Yazıq uşaqlar, oxumaqdan kor olublar, hər il imtahanı çətinləşdirirlər ki, uşaqlar kəsilsin, - “müxalifətçi” dərhal müdaxilə etdi.

- Bu avtobus Avtovağzala gedir? – kimsə soruşdu.

Hamı narazı-narazı ağzını büzdü. Heç yeridir?

- Gedir, son dayanacaqdır, - mən sual gələn tərəfə səs göndərdim.

- İndi siz Axırçərşənbəyə hazırlaşırsınız, mənsə bayaqdan Qədr gecəsinə görə dualar oxuyuram, - ağsaqqal deyəsən, bayaqdan ürəyində danışırmış, xeyli sözü deyib-qurtarıb, indi gəlib çıxmışdı Qədr gecəsinin üstünə.

Dilim dinc durmadı:

- Ağsaqqal, indidən niyə oxuyursunuz?

- Paho, sən nə dilbilməz adamsan! Deyirəm ki, bu gecə Qədr gecəsidir.

- Qədr gecəsidir də, Qədr gündüzü deyil ki! Gecə evdə rahat oxuyun da, - “şeytan” qıdıqlayırdı sanki məni...

- Mən ağır seyidəm, nəslim-köküm bilirsiniz hardan gəlir?..

“Dədə vay, düz Şəkiyə qədər danışacaq” düşünüb, tələsik soruşdum:

- Adınız nədir?

- Seyidağa...

- Cəddinə qurban olum, “2 iks”lə elə, növbəti mənim dayanacağımdır...

- A bala, o dronların nə olduğu haqda dəqiq bir xəbər çıxmadı? – Seyid mənə tərs bir nəzər atıb, üzünü gəncə çevirdi.

- Yox, ağsaqqal!

- Bizi adam yerinə qoyurlar ki! Bax, böyük qızımın oğlunu işə götürmədilər ki, təcrübən yoxdur. Mən o vaxt 17 yaşında sütül bir uşaq idim, gəldim, məni zavodda işə götürdülər, o vaxt bizim zavod çox məşhur idi, kondisioner zavodundan əvvəl tikilmişdi. Bilirsən harda yerləşirdi?

- ...

- Bağırov körpüsündən keçəndən sonra...

- Deyir, bu dronlar bizim özümüzünkü olub. Yaxşı, bizim özümüzünküdürsə, çıxın, bir açıqlama verin də, - “müxalifətçi” mövzudan yayınmağa imkan vermək istəmirdi.

- “Özümüzünküdür” deyirlər, deməli, özümüzünküdür də, - yuxusuz qadın gözünü süzdürdü, bilinmədi naz satır, yoxsa əsnəyir...

- Amma bunu gecə 2-də nöş qaldırıblar bəs? Sizi də qoymayıblar yatmağa, səhərəcən yatmamısınız. Elə deyil? Niyə ağbirçəkləri, ağsaqqalları narahat edirlər?

“Ağbirçək” sözündən qadını elə bil ilan sancdı, yarımyuxulu gözləri dörd açıldı:

- Təkcə ağbirçəkləri yox, elə bizi də narahat elədi...

Qadın bu sözləri sanki oğlanın başına çırpırdı.

- Saxla-saxla, düşürəm, - qışqırdım.

Bir az da geciksəm, dayanacağımı ötürəcəkdim...

Tarix
2026.03.16 / 14:28
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla