Sentyabrın 13-də İsveç "Avrasiya Dərnəyi"nin
təşkilatçılığı ilə paytaxt Stokholmdakı "Segeltorg" Meydanında
"Şəhidləri Anma və Terrora Yox deyək" şüarı altında mitinq
keçirilib.
Musavat.com xəbər verir ki, təxminən üç minə yaxın insanın
iştirak etdiyi mitinqdə türkiyəli qardaşlarımıza dəstək məqsədi ilə
Azərbaycan, Uyğur, Kərkük Türkmanları və eləcə də Balkan türkləri
də qatılıb.
Mitinqin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edildi daha sonra İstiqlal Marşı oxunub. Türk, Azərbaycan və
Türkmən bayraqları ilə bəzədilmiş meydanda vətəndaşlar, üzərlərində
İsveç dilində "PKK demokratiyanı sabotaj edir", "Məhv olsun PKK",
"İsveç, mediası, PKK işçi partiyası deyil terrorist təşkilatıdır!",
"Yurdda sülh, cahanda sülh", "Əsgərə uzanan əllər qırılsın" və
"Şəhidlər ölməz, vətən bölünməz " yazıları olan plakatları başları
üstündə qaldırmışdılar.
Mitinq iştirakçıları həm İsveç və həm də türkcə "Şəhidlər ölməz,
vətən bölünməz", "Türk-kürd qardaşdır, PKK kalleştir" kimi şüarlar
səsləndirirdilər.
Nümayişi idarə edən Avrasiya Dərnəyinin üzvləri Ayla Dağoğlu və
Esra Ərdoğan mitinq boyunca vətəndaşları istiqamətləndirməklə
yanaşı Türkiyədəki terror hadisələrinin arxasındakı həqiqətləri
bir-bir izah ediblər. Qərb ölkələrinin və eləcə də yaşadığımız
İsveçin terror mövzusundakı həssaslıqlarını Türkiyə üçün də
göstərmələri və ikili standartlara son qoymalarını tələb və xahiş
ediblər: "Son günlərdə Kürd-Türk qarşıdurması çıxarmaq üçün bəzi
dairələrin dəridən-qabıqdan çıxdığını, hər iki tərəfdən insanımızın
arasına fitnə soxaraq bir-birinə qarşı olmasına çalışanların son
hədəflərinə çatmayacaqlarını, arzularının ürəklərində qalacaqlarını
bu gün bu mitinqlə göstərdik" deyə, dilə gətiriblər.
Daha sonra çıxış üçün söz İsveçdəki Azərbaycan Federasiyasının
sədri Səttar Seviginə verilib. Çıxışına İsveç dilində başlayan
Səttar bəy İsveç siyasilərini və İsveç mediasını PKK-ya dəstək
verdiklərinə görə sərt tənqid edib:
"Biz Azərbaycan Respublikasından və eləcə də Güney
Azərbaycanından olan Azərbaycan Türkləri bu gün bura AB-nin və
ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK terror dəstələri
tərəfindən öldürülmüş, şəhid olmuş Türk əsgərlərinə, bizim
soydaşlarımıza, qardaşlarımıza sayğı, hörmət göstərməkçün gəlmişik!
Biz bu gün Türkiyənin içindəki terror qruplarını PKK adlı
terroristlərə onların siyasi qollarına dəstək verən İsveç
Partiyalarını, İsveç siyasilərini qınamaqçün burdayıq! Biz, bu gün,
terroristlərin silahlandırılmasına son qoyulması istəyi ilə buraya
toplaşmışıq. Terrorizm PKK adı ilə, PJAK adı ilə, YPG adı ilə, İŞİD
adı ilə, "Mücahidin-xəlq" adı ilə, nə adı ilə olursa-olsun,
silahsızlaşdırılıb yox edilməlidir. Bəsdir, bu ikili
standartlarınıza son qoyun".
İsveç Türk Qadınlar Federasiyası başqanı Xədicə Tozluca terroru
və türk-kürd qardaşlığını pozmaq cəhdlərini kəskin qınayaraq tənqid
etdi. Daha sonra terror hücumlarında şəhid olan əsgərlərin,
zabitlərin adları bir-bir çəkilərək yad edildi və onlarçün dualar
oxunub. İsveçdə yaşayan Türkiyəli sənətçi Rahim Ərzurum '' Şəhidlər
ölməz" və "Ölürüm Türkiyem '' mahnılarını türkcə və kürdcə
oxuyub.
Digər tərəfdən, eyni saatlarda terror təşkilatı PKK dəstəkləyən
15-ə yaxın insan mitinq keçirilən ərazinin yanında icazəsiz
nümayişə cəhd ediblər. Amma polis sıx təhlükəsizlik tədbirləri
alıb. Mitinqi sabotaj etmək istəyən iki adam polislər tərəfindən
tutulub aparılıb. Mitinqdən sonra iki qrup arasında kiçik həcmli
münaqişə yaşanıb. Polisin müdaxiləsi hadisələrin böyüməsini
əngəlləyib.