Yuxarı

Məleykə Abbaszadə məlakə imiş, xəbərimiz yox...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məleykə Abbaszadə məlakə imiş, xəbərimiz yox...

Ötən gün Bakı Dövlət Universitetinin rektoru təyin edilən Məleykə Abbaszadə haqda həm sosial şəbəkələrdə, həm mediada, həm də ekspert cameəsində çox müsbət fikirlər səslənir. Hətta mələklərin özündə belə nöqsan axtarmağı “xarici siyasətinin prioritet istiqamətinə çevirən” bəzi bloger-tiktoker-yutuberlər də Məleykə xanımın DİM-i şəffaf idarə etməsindən, ora müdaxilələrə imkan verməməsindən bəhs edir və qəbul məsələlərində bundan sonra “təhlükə” ola biləcəyindən narahatlıqlarını ifadə edirlər.

Əlbəttə ki, bu təsəvvürləri Məleykə Abbaszadə özü yaradıb və görünür, böyük anlamda işinə verdiyi dəyər, DİM-i korrupsiyadan qoruması, qəbul imtahanlarına müdaxilələrin qarşısını alması onun müsbət obrazını formalaşdırıb.

Ancaq mənim üçün açıq qalan suallar var: Azərbaycanda ali məktəblərə qəbul niyə bu qədər çətinləşdirilib? Niyə hər il qəbul sualları daha da ağırlaşdırılır(dı)? Niyə Azərbaycanda hər il sualların ağırlaşdırılmasının abituriyentlərin xaricə üz tutmasına və deməli, ölkədən beyin və pul axınının artmasına səbəb olması müzakirə edilmir?

Orta məktəb proqramları hər il çətinləşdirilir və bizim nəslin ali məktəbdə öz ixtisasına uyğun mükəmməl şəkildə öyrəndiyi ixtisas bilikləri hazırda 7-8-ci siniflərin dərsliklərinə salınıb və heç kim düşünmək istəmir ki, bu uşaqları ali məktəb proqramı səviyyəsində yükləmək nəyə lazımdır? Axı hər kəs etiraf edir ki, ali məktəbə qəbul olunduqdan sonra orta məktəbdə tədris olunan proqramın təkrarından başqa yeni heç nə demək olar ki, öyrədilmir. Bəs, ali məktəb proqramlarını niyə orta məktəb dərsliklərinə köçürmüşük?

Azərbaycanda alternativ təhsil sistemi dövlət ümumtəhsil məktəblərini üstələyib, repetitorluq baş alıb gedir: müəllimlər orta məktəblərdə artıq dərs demək istəmirlər, ağırlaşdırılmış proqramları yalnız fərdi və ödənişli məşğələlərdə, yaxud ödənişli kurslarda öyrədirlər. Repetitor və yaxud tədris kurslarına əvvəl 10-11-ci siniflərdə yazılmaq DİM-in qəbul suallarını cavablandırmağa kifayət edirdisə, indi artıq 4-5-ci siniflərdən fərdi şəkildə hazırlaşmaq, kurslarda əlavə təhsil almaq lazım gəlir. Və DİM-in qəbula düşən sualları təkmilləşdirmə siyasəti davam edərsə, yəqin ki, bir neçə ildən sonra artıq əlavə kurs və repetitor yanına getməyə uşaqlar 5 yaşından başlayacaqlar və alternativ pullu təhsil mükəmməl şəkildə bütövləşəcək.

DİM-in qəbul suallarına görə böyük ordu – yox, ordular işləyir: sual-cavab kitabları, hər il yenilənən proqramlar, məsələlər, yanaşmaları əks etdirən nəşrlər, lüğətlər, iş dəftərləri və s. və i.a. bitib-tükənməyən çapxana materialları... – Görün, burada nə qədər işçi qüvvəsi, vəsait dövr edir; nə qədər nəşr prosesi var!

Üstəlik: getdikcə genişlənən repetitorluq, təhsil mərkəzləri, kursları və onların getdikcə artan qiymətləri... - Burada nə qədər müəllim, inzibatçı var və nə qədər vəsait dövr edir?

Az qala hər il DİM tələbinə uyğun təkmilləşən dərsliklər... - Burada nə qədər tenderlər, müzakirələr-mübahisələr və vəsaitlər dövr edir?

Ümumilikdə, bu prosesdə milyonlar, yüzmilyonlar deyil, milyardların fırlandığı hər kəsə bəllidir!

Niyə məktəb şagirdlərinin uşaqlığı oğurlanır? Niyə onlar sutkanı eyniməzmunluq 100 məsələni, 100 tənliyi, 100 tapşırığı yazmağa məcbur edilir? Niyə uşaqlara ali məktəbdə “təkrarlayacaqları” proqramla “kurs” keçilir (sözün hər mənasında)?

Çünki bunlarsız ali məktəbə qəbul olma ehtimalları yoxdur – DİM sualları çox çətindir!

Dünyanın əksər ölkəsində dil və ibtidai riyaziyyat (daha doğrusu, məntiqi düşüncə) bilgisi yeniyetmənin istənilən ali məktəbə qəbul olunmasının açarıdır. Bizdə buraxılış və qəbul imtahanları kimi ikiqatlı prosesdə uşaq neçə fəndən sınağa çəkilir?

Dünyanın əksər ölkəsində insanların ibtidai təhsil kimi, ali təhsil hüququnun tanınması da tətbiq edilir. O ayrı məsələdir ki, ali məktəbə qəbul olunandan sonra uşaq oxuya, imtahanlardan keçə biləcək, ya yox!

Dünyanın hər yerində qəbul asan, ali məktəbi oxuyub diplom almaq çətindir – Azərbaycanda isə tərsinə: əsas qəbul olunana qədərdir...

1953-cü il təvəllüdlü, Moskva Dövlət Universitetinin məzunu, 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edən, 2000-ci ilin oktyabr ayında TQDK-nın sədri vəzifəsinə təyin olunan, 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri olan – yəni tam-tamına 41 yaşından sözün həqiqi mənasında dünənə - 19 noyabra qədər qəbul prosesinə rəhbərlik edən 73 yaşlı Məleykə xanımın 32 illik zəhmətini peşəkarların yüksək qiymətləndirməsi yaxşı haldır və inanırıq ki, DİM qorunub, şəffafdır, Abbaszadə də bu təriflərə layiqdir, hətta qat-qat artığına da!

Amma bu “şəffaf DİM”in hər il sualları çətinləşdirməsi alternativ təhsil sisteminin sürətlə bütün ölkəni, milyon yarım şagirdi əhatə etməsi, dövlət ümumtəhsil məktəblərinin nüfuzdan düşməsi və milyardlıq təhsil qarabazarının ildən-ilə böyüməsi ilə müşayiət olunur!

Yeni gələn DİM-in şəffaflığını qorumalıdır, amma həm də paralel təhsilin kökünü kəsməli, uşaqları yenidən məktəblərə qaytarmalı, uşaqların uşaqlığını yaşamasını təmin etməli, gecə-gündüz yalnız məsələ həll etməklə böyüyən robot-gənclərdənsə seçdiyi ixtisasın incəliklərinə mükəmməl şəkildə yiyələnən istedadlı və parlaq nəslin yetişməsinə nail olmalıdır!

Bu isə DİM suallarını hər il çətinləşdirmək, abituriyentləri tələyə salan açıq-qapalı sualların sayını artırmaqla olmur!

Tarix
2026.11.20 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla