BMT Baş Assambleyasının Nyu-Yokrda keçirilən 70-ci
sessiyasında Ermənistan Azərbaycanı müharibə ilə hədələdi və
cavabını aldı.
Ermənistan prezidenti Serj Sərkisyan məlum sessiyada çıxışı
zamanı Azərbaycanı ittiham edərək bildirib ki, hərbi yola əl
atmaqdan başqa çarələri qalmayıb.
"Əgər bu cür aqressiv siyasət davam etsə, onda bizim Ermənistan
və Dağlıq Qarabağ Respublikasının (qondarma "DQR") sülh və
təhlükəsizlikdə inkişafını təmin etmək üçün hərbi-siyasi yollara əl
atmaqdan başqa çıxış yolumuz qalmayacaq", - deyə o BMT tribunasında
absurd iddialarını səsləndirib.
Rəsmi Bakının cavabı özünü çox gözlətmədi. Elə həmin tribunada
çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
Sərkisyanın iddialarına cavab verdi, həmçinin müharibə anonsunu
təqdim etdi: "Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə
nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, danışıqlar
yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən
tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan
BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan
istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin
etmək məcburiyyətində qalacaq".
E. Məmmədyarov Serj Sərkisyanın iddialarına da konkret faktlarla
cavab verdi.
Son dövrlər cəbhə xəttində ağır artilleriyanın işə düşməsi
fonunda BMT tribunasından səslənən müharibə anonsu diqqətdən
yayınmır. Rəsmi Bakı BMT nizamnaməsi çərçivəsində öz haqqını tələb
edir, müharibənin onlar üçün hansı nəticələrə səbəb olacağını
anlayan İrəvan isə dünya qarşısına özünü haqlı çıxarmağa cəhdlər
edir. Bütün hallarda ortada müharibə təhlükəsinin olması ehtimalı
böyükdür. Ekspertlər də bu təhlükəni real hesab edirlər.
"Müharibənin daim yenilənməsi təhlükəsi mövcud olub"
Publika.az xəbər verir ki, Rusiya prezidenti
yanında strateji tədqiqatlar institutunun əməkdaşı, politoloq Əjdər
Kurtov bildirib ki, Dağlıq Qarabağ zonasında vəziyyətin
kəskinləşməsi Moskva üçün əlverişsizdir: "Dağlıq Qarabağda vəziyyət
uzun müddətdir qeyri-stabil olaraq qalır. 1994-cü ildə atəşkəs
imzalansa da, müharibənin daim yenilənməsi təhlükəsi mövcud olub.
Snayper və ağır artilleriyadan istifadə də ilk dəfə deyil.
Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpası üçün daim müharibə
anonsları verir. Lakin hesab etmirəm ki, hazırda müharibəyə
başlamaq Bakı üçün əlverişlidir".
Qondarma "DQR"-in legitimləşdirməsi prosesi gedir?
"Yaxın Şərq-Qafqaz" tədqiqatlar mərkəzinin direktoru, politoloq
Stanislav Tarasov isə bildirib ki, Cənubi Qafqazda ən vacib məqam
Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi
adlandırmasıdır. Rusiyalı politoloq qeyd edib ki, son dövrlər
qondarma "DQR"-in legitimləşdirilməsi prosesi gedir: "ATƏT-in Minsk
qrupunun müşahidə qrupu cəbhə xəttində baş verənləri izləmək üçün
tərəflərə müraciət etdilər. Onlar Xankəndinin də nümayəndələrinə
müraciət etmişdi. ATƏT tələb edir ki, hər iki tərəfin səhra
komandirləri, ilk növbədə Bakı və Xankəndi bir-biri ilə danışıqlar
aparmalıdır. Görünən odur ki, DQR-i tədricən legitimləşdirmək
haqqında söhbət gedir. Buna Bakı razı deyil, lakin tədricən
prosesin irəlilədiyi müşahidə olunur".
Ekspert müharibə ehtimalının yaxın dövrlərdə gerçəkləşəcəyinə
inanmasa da, bunun mövcud olduğunu bildirib.
"Suriyada döyüşlər gedir, Moskva tədricən müharibəyə girir.
Yaxın Şərqdə vəziyyət son dərəcədə qeyri-stabildir. Bu baxımdan
hazırda Qafqazda müharibə cəbhəsinin açılışı heç kəsə lazım deyil,
xüsusilə Moskvaya. Lakin bu ehtimal son dövrlər daha da güclənib",
- deyə o bildirib.
Onun sözlərinə görə, hansı tərəf genişmiqyaslı müharibəyə
başlasa, həmin tərəf daha çox itki ilə üzləşəcək.
"Vəziyyət hər an idarədən çıxa bilər"
Qafqaz üzrə ekspert Konstantin Tasis hesab edir ki, Qarabağda
tammiqyaslı müharibə təhlükəsi qalmaqdadır: "Hər iki tərəf
silahlıdır və hər ikisi müharibəyə hazırlaşır. Bu baxımdan,
vəziyyət hər an idarədən çıxa bilər. Mən bir məqama diqqət çəkmək
istəyirəm. Münaqişə hər il təxminən eyni vaxtda – avqust, sentyabr
aylarında gərginləşir. Hesab edirəm ki, bu münaqişə dondurulmuş
deyil".