"İlham Əliyev. İnkişaf -
məqsədimizdir" çoxcildliyinin 23-cü cildi çapdan
çıxıb.
Azərtac xəbər verir ki, nəşrin bu cildi
Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfərinə dair
materiallarla başlayır.
Dövlət başçısı sərlövhəyə çıxarılmış fikirlərini də 2007-ci il
martın 1-də Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma
mərasimində iştirakından sonra rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündəki nitqində söyləyib. Prezident deyib: "Azərbaycanın
beynəlxalq önəmi artır və biz regional çərçivədə daha fəal rol
oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən transmilli
layihələr həm ölkəmizin iqtisadiyyatını gücləndirir, həm də
beynəlxalq imicini, önəmini artırır. Bu halda, bütün məsələlər daha
da asanlıqla öz həllini tapacaqdır. Həm xarici siyasətdə, həm
daxili siyasətdə, həm iqtisadi inkişafda, regionların
sosial-iqtisadi inkişafında, müxtəlif sosial məsələlərin həllində -
təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, bütün sahələrdə
proqramlar var və bunlar ardıcıllıqla icra olunur. Mən şübhə
etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə
çevriləcək, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayacaqlar.
Mənim məqsədim budur! Mən istəyirəm ki, hər bir insan yaxşı
yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı
məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər.
Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam
olsunlar".
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin
martından aprelinədək olan dövrü əhatə edir.
Bu cilddə Azərbaycan Prezidentinin respublikamızın bölgələrinə
səfərləri, ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına, regionların
sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və
nitqləri, tapşırıq və tövsiyələri əksini tapıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu
nəşrində Prezident İlham Əliyevin Tacikistana, Rusiya
Federasiyasına, Koreya Respublikasına rəsmi səfərləri zamanı bu
ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələr
arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın
möhkəmləndirilməsinə və genişləndirilməsinə rəvac verən nitqləri və
çıxışları, həmçinin Bakıya rəsmi səfərə gələn Polşa Prezidenti Lex
Kaçinski ilə görüşlərinə, danışıqlarına dair materiallar
toplanıb.
Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Dünya Azərbaycan və
türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda və Moskvada
Mstislav Rostropoviçin 80 illik yubileyi şərəfinə təşkil edilmiş
rəsmi qəbulda nitqləri, KİV-lərə müsahibələri,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
fikirləri də yer alıb.
Nəşrdə dövlət başçısının Bakıda fəaliyyət göstərən diplomatik
korpusun nümayəndələrini, eləcə də ölkəmizə səfər etmiş ayrı-ayrı
dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə
ümumxalq tədbirlərində iştirakına dair materiallar, 31 mart -
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqımıza müraciəti,
eləcə də bəyanatları və məktubları da dərc olunub.
Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri
də daxil edilib.
"Azərnəşr" tərəfindən buraxılmış 23-cü cildin hazırlanmasında
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
materiallarından istifadə olunub.