Ermənistan Prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın
"Ermənistanın ayrılmaz hissəsi" olduğunu bildirdi. Serj Sərkisyanın
bu bəyanatı Azərbaycan ordusunun apardığı əməliyyatların yaratdığı
nəticəyə verdiyi reaksiya idi.
Trend xəbər
verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin
direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat
konfransında deyib.
Politoloq qeyd edib ki, bu bəyanatı "erməni soyqırımı" ilə
məşğul olan ekspertlərin Yerevanda keçirilən iclası zamanı verməsi
də Serj Sərkisyanın mahir aktyor kimi tamaşa janrının qaydalarına
da diqqətlə əməl etməsinin göstəricisidir:
"Türkiyəni yıxmaq üçün dəvət etdiyi xarici qonaqların qabağında
Türkiyədən kiçik Azərbaycanın Ermənistana qan uddurduğunu etiraf
edə bilməzdi. Ona görə də mahir blef ustası kimi nağara effektindən
istifadə etdi. Dəyən ziyanın və itkilərin acısını gizlətmək üçün
çox gurultulu bəyanat verdi".
M.Əhmədoğlu bildirib ki, S.Sərkisyanın bu bəyanatı onun öz
xalqını və dünya erməniliyini ələ saldığının göstəricisidir:
"Serj Sərkisyan dəfələrlə öz xalqı və dünya erməniçiliyi
qarşısında çıxışlarında bildirib ki, beynəlxalq aləm millətlərin öz
müqəddəratını təmin etmək prinsipi əsasında "Artsax" xalqının
müstəqilliyini tanımaqla bağlı sənədlər hazırlayıb, bir müddətdən
sonra bunu Azərbaycana qəbul etdirəcəklər. İndi həmin Sərkisyan
Dağlıq Qarabağın müstəqil deyil, Ermənistanın tərkib hissəsi
olduğunu bildirir. Əlbəttə, erməni xalqının, dünya erməniliyinin,
auditoriyada onun qarşısında oturanların səviyyəsini Serj Sərkisyan
daha yaxşı bilir. Ona görə də belə ələ saldı. Əvvəla, heç bir
sənəddə "Artsax" xalqı və ya "Dağlıq Qarabağ ermənisi" termini
yoxdur. Dağlıq Qarabağın müstəqil olacağına və ya Ermənistanın
tərkib hissəsi kimi qəbul ediləcəyinə dair heç bir sənəd də yoxdur.
Əgər belə bir sənəd varsa, prezident, xarici işlər naziri və
Ermənistanın ekspertləri bu sənədi çoxdan ortalığa qoyardılar".
Mərkəz rəhbəri sonra qeyd edib ki, Ermənistanın rəhbərliyi və
ekspertləri bu günədək Yenilənmiş Madrid Prinsiplərinin izahını
verməyiblər:
"Bu anlamda Ermənistanın analitikası demək olar ki, sıfır
səviyyəsindədir. Digər tərəfdən, Serj Sərkisyan ATƏT-in Minsk
Qrupunun mandatına müdaxilə etdi. Dağlıq Qarabağın statusunun
müəyyənləşməsi onun səlahiyyətindədir. Konsensus mexanizminə görə,
həmsədrlərin ardıcıl ermənipərəstliyinə görə, S.Sərkisyan üçün
ATƏT-in Minsk Qrupu həyati əhəmiyyətlidir. S.Sərkisyan Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməmə siyasətini yalnız bu qurum
çərçivəsində apara bilər. İndi isə həmin qurumun fəaliyyətinə xitam
verə biləcək addım atdı. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri
Nyu-York da S.Sərkisyanla görüş ərəfəsində onun siyasi cəhətdən
səhv, ATƏT-in Minsk Qrupunun əleyhinə yönəlmiş bəyanatına düzəliş
etdi".
Politoloq hesab edir ki, S.Sərkisyanın Dağlıq Qarabağı
Ermənistanın tərkib hissəsi elan etməsi onun digər qurum - AİB
qarşısında da nüfuzunu heçə endirəcək:
"Ermənistan AİB-ə üzv olarkən Dağlıq Qarabağı öz tərkib hissəsi
etməyəcəyi barədə öhdəlik götürüb. Bunu verbal nota ilə təsdiqlədi.
Beləliklə, S.Sərkisyanı insan və dövlət başçısı kimi tanımaq üçün
mühüm mənbə yarandı. Əslində, ermənilərin Dağlıq Qarabağ
siyasətinin real mahiyyəti Dağlıq Qarabağı Azərbaycandan
ayırmaqdır. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Soveti
Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə
birləşməklə bağlı qərar qəbul etdi. Sonradan Ermənistan parlamenti
buna ilk dəfə müsbət rəy verdi. Ermənilərin anlamına görə, Dağlıq
Qarabağın Azərbaycandan ayrılıb birbaşa Ermənistana birləşməsi
mümkün deyil. Ona görə də "Dağlıq Qarabağ ermənisi" və ya "Artsax
xalqı" uydurma etnos yaradaraq, Dağlıq Qarabağın müstəqilliyini
elan etdilər. Dağlıq Qarabağın müstəqilliyi tanındıqdan sonra o,
Ermənistanın tərkibinə qatılmalıdır. Ona görə də Ermənilər 1991-ci
ilin sentyabrında beynəlxalq ictimaiyyəti aldadırlar. Beynəlxalq
ictimaiyyətin müəyyən bir qurumu ermənilərin bu yalanlarına indi də
inanır. Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparan
Avropa və ABŞ siyasətçilərinin halına acımaq lazım deyil, çünki
onlar özləri erməni yalanlarına inanmaq istəyiblər".