Ermənistan parlamentinin
sədri Qalust Saakyan oktyabr ayının 5-i parlament üzvlərinin
jurnalistlərlə təmasına və jurnalsitlərin parlament binasında
rəsmilərə yaxınlaşmasına qadağa qoyub.
Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən
xəbər verir ki, müstəsna hallarda parlamentin təhlükəsizlik
xitmətinin rəisi, parlament spikeri, parlament aparatının rəhbəri
və parlamentin mətbuat xidməti rəhbərinin icazəsi ilə jurnalistlər
parlament üzvlərinə yaxınlaşa bilər.
Ermənistan KİV-də yayılan xəbərlərə görə, bu qərarın verilməsinə
səbəb ölkənin baş naziri Hovik Abrahamyanın belə göstəriş
verməsidir. Belə ki, dünən parlamentin iclasında iştirak edən Hovik
Abrahamyana yaxınlaşmaq istəyən jurnalistlər mühafizəçilər
tərəfindən ərazidən uzaqlaşdırılıb.
Baş nazirin belə bir qərar verməsinə başqa bir səbəb isə
parlamentdə ikinci terror ola biləcəyi barədə məlumatların əldə
edilməsidir. Ermənistan rəhbərliyinə məlum olan terror hadisəsinə
qarşı bütün rəsmilərin iştirak etdiyi yerlərdə ciddi təhlükəsizlik
tədbirləri həyata keçirilir.
Adı çəkiləməyən erməni rəsmisinin verdiyi məlumata görə, uzun
zamandır Ermənistan və Qarabağ klanı nümayəndələri arasında baş
verən qapalı qarşıdurma artıq açıq müstəviyə keçib və yerli əhali
də bu klana qarşı çıxdığı üçün ermənistanlılara qarşı zor tətbiq
olunacağı barədə məlumatlar daxil olmağa başlayıb.
Qeyd edək ki, 1999-cu il oktyabr ayının 27-də Qarabağ klanının
sifarişi ilə beş nəfər jurnalist qiyafəli şəxs parlament binasına
girərək o zamankı baş nazir Vazgen Sərkisyan və digərlərinə atəş
açaraq onları qətlə yetirib.