Məhz parlament tərəfindən
verilmiş səlahiyyətlər əsasında MTRŞ-in atdığı addımların
hüquqiliyini dəyərləndirmək adı altında şəxsi gözdənsalma
kampaniyasını bir an öncə durdurmaq lazımdır.
Bu barədə Axar.az-a Milli Televiziya və Radio Şurasının bir sıra
verilişlərin bağlanmasına yönəlik qərarına münasibət bildirərkən
millət vəkili Zahid Oruc söyləyib.
Deputat hesab edir ki, efir məkanını işğal etmiş və az qala
mənəvi epidemiyaya çevrilmiş verilişlərin zərbəsi bütövlükdə
millətə dəyir və bunu ermənilərin torpaqlarımıza təcavüzündən kiçik
cinayət saymaq olmaz:
"Xalqın zövqünü, düşüncə aləmini, mədəni kimliyini və
dəyərlərini ərazi bötüvlüyü qədər qorumasaq, malik olduğumuz yüksək
dövləti nailiyyətləri əldə saxlamaq heç də asan olmayacaq. Ona görə
də gerçəkliyimizi özündə əks etdirməyən ekran sifətlərinin, bayağı
və vulqar səhnələrin, guya bir millətin ümumi yaşantılarının
mənzərəsi kimi təqdim olunan sosial münaqişələrin efirdən həyata
dönüşü bizi hər gün daha böyük suallarla üz-üzə qoyur. Televizyalar
gerçəkdənmi güzgüdür? Milli Teleradio Şurasının efir məkanının
milli mənliyimizə uyğun qurulmasına dair tələblərini süngü ilə
qarşılamaq düzgün deyil. Məsələni şəxsi müstəviyə keçirmək
televizyaları daha böyük fəsadlara aparır. Ona görə də 20 ildən
artıq bir müddətdə dürüst, sadə və savadlı bir insan kimi tanıdığım
Nuşirəvan Məhərrəmlinin ünvanına Mirşahin tərəfindən səslənən sərt
epitetləri və ittihamları qəbul etmək mümkün deyil".
Millət vəkili bildrib ki, ANS-in müstəqillik tarixində daşıdığı
missiyaya verdiyimiz qiymət heç bir halda bu gün onun efirində və
digər kanallarda hökm sürən şou taununu örtməyə və ona bəraət
qazandırmağa əsas vermir:
"Məhz parlament tərəfindən verilmiş səlahiyyətlər əsasında
MTRŞ-in atdığı addımların hüquqiliyini dəyərləndirmək adı altında
şəxsi gözdənsalma kampaniyasını bir an öncə durdurmaq lazımdır.
Dəfələrlə Milli Məclisdə səslənən çağırışlar ondan ibarət idi ki,
televizyaları qanun müstəvisinə gətirmək lazımdır. Üç gün əvvəl
dediyim kimi, vəziyyət o həddə çatıb ki, bir çox televiziyaların
tribunasından müharibənin başlandığı xəbəri yayılsa, xalqın böyük
hissəsi bundan məlumatsız olacaq. Çünki insanlar belə efirdən uzaq
düşməklə özlərini qoruyurlar. Ona görə də nə qədər gec deyil,
dayanmaq və ərköyünlüyü durduraraq dövlət qurumunun qaldırdığı
tələbləri yerinə yetirmək gərəkdir".
Qeyd edək ki, MTRŞ ölkədə yayımlanan bir neçə kanalla bağlı
qərar çıxarıb. Qərara görə, bir sıra verilişlərin yayımı
dayandırılıb.