Bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar,
iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi
inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən
neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50
dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim
gəlirlərimizə mənfi təsir göstərir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş bugünkü iclası zamanı deyib. Prezident bildirib ki,
buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan
iqtisadiyyatı inkişaf edir:
"Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Hesab
edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən
sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6
faizdən çox artıb və bu da dediyim kimi aparılan islahatların
nəticəsidir.
Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən
çox artıb. Bu da çox müsbət göstəricidir və onu göstərir ki,
Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir necə il
bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki
Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye
istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona
görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki,
bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla
getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə
tədbirlər görüləcəkdir. Bu barədə bir qədər sonra danışacağıq".
Prezident "Kənd təsərrüfatı ili" elan edilən bu ildə kənd
təsərrüfatımızın 6,7 faiz artmasından da məmnunluq ifadə edib:
"Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən
fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və
bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer
təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində,
böyük dönüşə səbəb olub".
Ölkədə inflyasiyanın səviyyəsinin 9 ayda çox aşağı səviyyədə -
3,7 faiz olduğunu bildirən dövlət başçısı əhalinin pul gəlirlərinin
5,8 faiz artımını və hər il olduğu kimi, əhalinin gəlirlərinin
inflyasiyanı üstələdiyini vurğulayıb:
"Bu da o deməkdir ki, əhalinin real gəlirləri ildən-ilə artır.
Baxmayaraq ki, yenə də demək istəyirəm, bu il həm ölkə, həm bölgə
üçün ağır il olaraq qalır.
Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə
qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir.
Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və
likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox
investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan.
Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici
investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz
çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu
sahədə əlavə tədbirlər görüləcəkdir.
Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir.
Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi
gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial
infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait
ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq
bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir
edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki
dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet
sahə kimi diqqət mərkəzində olacaqdır".