Azərbaycan Avrasiya İttifaqı
məsələsinə ancaq maraqlarına cavab verildiyi və Ermənistan işğaldan
əl çəkdiyi halda baxa biləcəyini bəyan edib.
Bu barədə Axar.az-a Milli Məclisin deputatı, politoloq Rasim
Musabəyov erməni ekspert Stepan Safaryanın müsahibəsini şərh
edərkən deyib.
"Azərbaycan tərəfi Avrasiya İttifaqı məsələsinə
ancaq maraqlarına cavab verdiyi və Ermənistan işğaldan əl çəkdiyi
halda baxa biləcəyini bəyan edib. Ancaq hələlik rəsmi Bakının
gündəliyində belə bir məsələ yoxdur. Regionun açarı
Azərbaycandadır, bunu İrəvan da bilir. Çünki Azərbaycanın əhalisi
Cənubi Qafqazın üçdə ikisini, iqtisadiyyatı isə regionun dörddə
üçünü təşkil edir. Görünür, Ermənistanda artıq çox yaxşı anlayırlar
ki, Azərbaycanla yaxşı münasibət qurmadan bölgədə söz sahibi ola
bilməyəcəklər. Stepan Safaryanın bu gün Avrasiya inteqrasiya
proyekti adı altında təhqiramiz bir situasiyaya düşdüklərini
bildirməsi Ermənistanın açıq etirafıdır ki, Azərbaycansız mümkün
deyil".
Qeyd edək ki, erməni ekspert Stepan Safaryan mətbuata
müsahibəsində İrəvanın inteqrasiya proyekti adı altında təhqiramiz
bir situasiyaya düşdüyünü, yeganə çıxış yolunun Azərbaycanın
Avrasiya İttifaqına üzv olmaq istəyəcəyi təqdirdə Ermənistanın
sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı veto tətbiq etməyidir.