Azərbaycan Respublikasının Müdafiə nazir
general-polkovnik Zakir Həsənov Dövlət Müstəqilliyi Günü
münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik
edib.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən təbriki
təqdim edir:
"Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar,
əsgərlər və matroslar!
Sizi 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə
səmimi-qəlbdən təbrik edirəm.
Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük
nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş
birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması,
Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında
rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında
regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi
qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin
edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın
müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail
olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir.
İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən
mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın
qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha
da artıracaq, hər an dövlət müstəqilliyimizin qorunması və işğal
olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır
olacaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti,
təlimlərdə, döyüş hazırlığında uğurlar arzulayıram".