İndi söhbət Eldar Mahmudovdan getmir. O, korrupsiyaya,
əsassız tələblərə və rüşvətə müharibə elan etmiş dövlət başçısının
prinsipial münasibətinin hədəfi oldu. Amma Eldar Mahmudov eyni
zamanda zəngdir. Görəsən, bu zəng daha kimin üçün çalınır? Bax,
sual budur və hər bir nazir bilməlidir ki, onun da qapısı günlərin
bir günü döyülə bilər.
Mən burda bəzi kütləvi informasiya vasitələrimizin, bir sıra
ictimai xadimlərimizin də davarıışları ətrafında gəzişmək
istəyirəm. Ona görə ki, nazir vaxtında Eldar Mahmudovun 10
metrliyində durub bəlkə çiyninin yarısı mənə də düşdü deyə uzaqdan
şəkil çəkdirib ən azı fon bəxtəvərliyi yaşayanlar bu gün milli
mentalitetimizin yıxılan ağaclara dirənən fəlsəfəsi ilə hərəkət
edirlər… Hətta kin, nifrətdən kim daha uzağa tüpürər yarışı təşkil
edirlər. Onu da unudurlar ki, beş-altı nəfərə görə bütün bir
nazirliyi gözdən salırlar.
Unudurlar ki, bu binada yüzlərlə insan var ki, sadə peşəkar
fəaliyyətləri ilə məşğuldurlar və bəlkə də MTN-in ünvanına total
qaralamalar baş alıb gedəndə onlar təhlükəli terrorçularla açıq
döyüşdə həyatları ilə risk edirdilər. Mənə elə gəlir ki, baş vermiş
hadisə Azərbaycan cəmiyyətində çiçəklənməkdə, daha doğrusu,
qanqallamaqda olan bir xüsusiyyəti də üzə çıxardı.
Bəzi insanlarımız səlahiyyətlərindən fərdi hakimiyyət kimi
istifadə etməyə artıq öyrəşiblər. Özü də, fərqi yoxdur, bu adam
nazirdir, komitə sədridir, yoxsa tanınmış bir incəsənət adamı.
Şəxsən məndən ötrü, səlahiyyətindən, dövlətdə tutduğı qulluq
mövqeyindən istifadə edərək sahibkarı zirzəmiyə atan və ondan külli
miqdarda xərac alıb buraxan birisi ilə, sadəcə, şöhrətindən
istifadə edib, kimlərisə linç edən, özündən məhkəmə quran
başqasının əməllərinin kontentində bir fərq yoxdur.
Bəlkə də, kiməsə mükafat verməyə adət edəndə sənə elə gəlir ki,
cəza vermək səlahiyyətin də var, lap dövlət kimi. Təhlükəli
jestdir. Cəmiyyət nazirə baxıb nazir, artistə baxıb artist olmaq
istəyir. İndi təsəvvür edin ki, bu müğənniyə pərəstiş edənlər ondan
nəyi öyrənəcəklər?! Biz müxtəlif vaxtlarda bu mövzuda
danışmışıq.
Məsələn, bir dəfə hətta sevgilisini döyərək başını dəniz
kənarında qırxmış və sonra da bu prosesi çəkərək internetə
yerləşdirmiş birisini də göstərmişdik. Bu baxımdan cəmiyyətin
balaca və böyük Eldarları arasında elə bir fərq yoxdur. Biri öz
kiçik imkanlarından istifadə edir, öz hədəqəsində qanun malikanəsi
yaradır, bir başqası isə öz böyük imkanlarının içinə sığınır.
Cəmiyyət isə hər dəfə bir yeni əcinnənin yaradılması prosesinin
fəal iştirakçısına çevrilir. Əvvəlcə onu toxunulmazlaşdırır. Az
qala quş uçsa qanad, qatır qaçsa dırnaq salar həddinə qədər. Sonra
isə adam yıxılanda onu tüpürcək leysanının altına tutur. Amma bu da
səbəb deyil, nəticədir, bəlkə ayrı-ayrı vətəndaşların özünəməxsus
məhkəmə quraşdırması elə bir sıra məhkəmələrimizin ədalətsiz və ya
qeyri-müstəqil qərar çıxarmaları ilə bağlıdır.
Və mən yalnız məhkəmə hakimiyyətini nəzərdə tutmuram. İctimai
mühakiməni, mediya məhkəməsini də bura aid edirəm. Son hadisə
göstərdi ki, mətbuat, mediya üçün qapalı zona olmamalıdır. Müdafiə
naziri Səfər Əbiyev işdən kənarlaşdırılandan sonra ordunun az qala
bütün rəhbərliyi cinayət məsuliyyətinə cəlb olundu. Məntiq diqtə
edir ki, bu sahə də mətbuat və mediya üzünə qapalı olduğundan
zir-zibillər masanın altında, divarın küncündə
gizlədiliblərmiş.
Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı mənzərəni də eyni
fırça cızıb. Prezidentlə tam razıyıq. Hər şey şəffaf və açıq
olmalıdır. Xalqın xidmətçisi xalqın xidmətində durmalıdır, daha onu
öz nökərinə çevirməməlidir. Heç bir nazirlik, komitə, xidmət və ya
şura öz səlahiyyətləri çərçivəsində bir QKÇP yaratmamalıdır. O
zaman Eldar şamı hamı üçün yanacaq!