Axar.az
Yuxarı

Biz artıq İrandan ayrılmağa məcburuq – Güneyli yazar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan Güney azərbaycanlı yazar Əli Süleymaninin Axar.az-a müsahibəsi:

- İrandakı hadisələrdə Güney Azərbaycanın aktivliyini necə dəyərləndirirsiniz?

- İranda baş verən olayların bizə təsiri var. Biz də bu ölkədə gedən proseslərə təsir edə bilərik. İkinci məsələ, İrandakı proseslərdə təsir gücümüzü ortaya qoymaq üçün mütləq siyasi səhnədə özümüzü göstərməliyik. İranda bizim qarşımızda həm hakimiyyət, həm də müxalifət əngəllər yaradır. Bu ikisi birlikdə heç də gücsüz deyil. Həm paniranizmin hakimiyyətdə olan qolu, həm də ona müxalif olanların böyük çoxluğu bizim hüquq və azadlığımıza qarşı çıxır.

Bu, bizi məcbur edir ki, İranda gedən etirazlarda mütləq biz də öz mövqeyimizi gücləndirək: azərbaycançılıq ideyasından çıxış edək, basqılara məruz qalan türk kimliyimizi qoruyaq, millətimizi siyasi aktivliyə çağıraq.

Beləliklə, siyasi səhnədə hazır dayanmalıyıq ki, o an, o fürsət yetişəndə haqlarımızı almaq gücümüz olsun.

- “21 Azər” yaxınlaşır. İranda ümümi etirazların kölgəsində budəfəki ildönümündə fərqli nə ola bilər?

- Bilirsiniz, “21 Azər” bizim tariximizdə çox böyük hadisədir. Pişəvəri öz məfkurəsində milli məsələmizi əsas götürüb. Biz bu gün hərəkatda olan daxili problemləri kənara qoyub, azadlıq, türkçülük və azərbaycançılıq məfkurəsini əsas götürərək, düşmənə qarşı bir yumruq halında hərəkətə keçməliyik.

Pişəvərinin hərəkatın lap başında bir fikri vardı: “Muxtariyyət Azərbaycana, demokrasi İrana!” Bu şüarla Tehrana üz tutan Pişəvəri insan haqq və hüquqları ilə bağlı tələbləri yerinə yetirilmədiyi üçün “Biz İrandan ayrılmaq məcburiyyətindəyik” – qərarına gəldi.

O vaxtdan siyasi rejim dəyişsə də, dövləti idarə edənlərin paniranist düşüncə və qərarları dəyişməyib. Bayaq da dediyim kimi, paniranizm təkcə hakimiyyətdə əsas ideya deyil, həm də müxalifətin ideyasıdır. Bu ideyanın dəyişəcəyinə ümid yoxdur, olmamalıdır da! Çünki artıq yüz ilə çatır, paniranist ideologiya ilə azərbaycanlıları ən təməl haqlarından məhrum edir, güclü assimlyasiya siyasəti yürüdür, şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirib farslaşdırırlar.

Bu məsələləri gündəmdə saxlamaqla irəli getməliyik. Daha bizə İranın ərazi bütövlüyünü saxlayıb nələrəsə ümid etmək, gözləmək qəti lazım deyil. Çünki biz artıq bu mərhələlərdən keçmişik. Düşünürəm ki, Pişəvərinin bizə miras qoyduğu “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını yolumuza işıq tutmalıyıq və bu “21 Azər”də tam qüdrətlə düşmənə öz gücümüzü göstərməliyik.

- Amerikanın İrandakı etnik məsələlərə münasibəti necədir?

- Amerikanın siyasi dairələrində hələ ki İranın ərazi bütövlüyünü dəstəkləyən siyasət yürüdülür. Hətta bir neçə il öncə Vaşinqtonda senatorlarla keçirilən görüşdə də onlar İranın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdilər. Düşünürəm ki, Amerikanın ozamankı dövlət proqramında İranda ümumiyyətlə etnik məsələr yox idi. O zaman Tramp dövrü idi. Bu, başqa mövzudur. Ancaq indi prezidentləri dəyişib, hadisələr başqa mövzuları gündəmə gətirir. Buna baxmayaraq, bir şeyi ciddi nəzərə almalıyıq ki, Amerikada irançılıq üzərində işləyən lobbilər çox güclüdür.

Çox təəssüf ki, bu məsələ bizim zəif yerimizdir. Bu məsələnin üzərində çox işləməliyik. Siyasi qərarlarda təsirli olmağı istəyiriksə, dünyanın güclü siyasi dairələri ilə işləməliyik, onlarla daim dialoqlar aparmalıyıq.

Amerikanın İranla bağlı siyasətindən onu da deyim ki, İran parçalanarsa, bu ölkənin onların nəzarətindən çıxacağından qorxurlar. İranda antiamerika siyasəti çox güclüdür, radikal düşüncələr var. Ancaq əlbəttə ki, hadisələrin gedişatı İranın parçalanmasını gündəmə gətirir və bəzi dairələri təhlillər aparmağa vadar edir.

Amerikanın, eləcə də dünyanın İranda etnik məsələyə olan münasibətini öz xeyirimizə, ən azından, neytrallaşdırmaq üçün güclü siyasi dairələrdən qopmamalıyıq.

Ancaq onu da deyim ki, İranda federalizm artıq ABŞ siyasi dairələrinin gündəmindədir. İranın federal torpaqlara bölünməsi məsələsi müzakirə edilir, ərazi bütövlüyünü dəstəklədiklərini tez-tez vurğulasalar da.

Təbii ki, Amerika İran məsələsi üzərində düşünərkən əsas öz mənfəət və tələbləri ilə bağlı məqamlarla maraqlanır. Hər dövlət öncə öz mənfəətlərini düşünür. Biz də özümüzü, öz mənfəətlərimizi əsas götürməliyik.

Dünyada gedişat elə sürətlidir ki, gələcək haqda tam dəqiq proqnoz vermək olmur. Elə əsaslı dəyişikliklər baş verə bilər ki, İrandakı etnik məsələrlə bağlı meydana yeni siyasət gələr.

İranda baş verən üsyanlar artıq etnik yöndə irəliləyir. Hər əyalətin dirənişinin kökündə ümumi problemlərlə yanaşı, milli məsələlər dayanır. Bütün etnik əyalətlər İran hökumətinin qarşısındadır.

İran dövləti etirazçılara qarşı qanlı zorbalığa, ölüm cəzalarına əl atsa da, məhdudiyyətlər yaradıb küçədə hətta 2 nəfərin yanaşı getməsinə icazə verməsə, nə qədər polis və ordudan istifadə etsə də, genişlənmiş və dayanmayan etirazların, milli oyanışın qarşısını kəsə bilmir və bilməyəcək. Əlbəttə ki, Amerika və dünyanın başqa siyasi dairələri də bu durumu izləyir, təhlil edir.

Tarix
2022.12.09 / 09:08
Müəllif
Məhsəti Quluzadə
Şərhlər
Digər xəbərlər

Çaba Koroşi də terror hücumunu pislədi

Lavrov hücumla bağlı Bayramova zəng etdi

ABŞ: İran hökumətinə xatırladırıq ki..

Səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu

İsveçdən səfirliyimizə hücuma reaksiya

Azərbaycan İsrailə başsağlığı verdi

İsraildən Azərbaycana şok təklif: Anti-terror əməliyyatı...

Səlcuq Bayraqdar Azərbaycana başsağlığı verdi

SEPAH zabitinin səfirliyimizə hücum çağırışı - Şok video

ABŞ səfirliyimizə terror hücumunu kəskin qınadı

KULT
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla